Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:43

'Məsuliyyət Ermənistanın üzərinə düşür' - Bəyanat


Qarabağda erməni əsgəri

«Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan prosesi pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır».

Xarici İşlər və Müdafiə nazirliklərinin cəbhə bölgəsində vəziyyət ilə bağlı birgə bəyanatında belə deyilir.

Bəyanatda son günlərdə Azərbaycan və Ermənistan silahlı birləşmələrinin təmas xəttində baş verənlər xatırladılır.

Nazirliklər bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən Ermənistan silahlı qüvvələrinin hədəfinə alınır.

Sənəddə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın öldürüldüyü bildirilir.

Nazirliklər həmçinin, qeyd edir ki, baş verənlər sıradan hallar deyil. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər fonunda sistematik şəkildə və qəsdən törədilir.

«Ermənistanın bu əməllərini əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət qınamalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaq», - bəyanatda bildirilir.

Sənəddə vurğulanır ki, münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etməkdən ötrü Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür.

«Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür», - bəyanatın sonunda bildirilir.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG