Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:56

Prezident jurnalistlərə bina tikilməsinə 5 milyon ayırıb


arxiv

Prezident İlham Əliyev Milli Mətbuat Günü öncəsində Azərbaycanda nəşr olunan qəzetlərə ümumilikdə 1 milyon manat birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncamın ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə verildiyi qeyd edilir.

Sərəncama əsasən, prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılacaq.

Həmin vəsait qəzetlərə birdəfəlik maliyyə yardımı göstərilməsinə sərf edilməlidir.

Son illər prezident Milli Mətbuat Günü öncəsində Azərbaycanda nəşr olunan qəzetlərə belə maliyyə yardımları ilə bağlı sərəncamlar verir. Ötən il də belə yardım ayrılmışdı. Ancaq həmin siyahıda tənqidi mövqeyi ilə seçilən “Azadlıq” qəzeti yer almamışdı.

3-cü jurnalist binasına 5 milyon

Prezidentin digər sərəncamı ilə kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlara növbəti yaşayış evinin tikintisindən ötrü Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.

Bundan əvvəl, dövlət vəsaiti hesabına jurnalistlərə iki bina tikilib. Onlardan biri jurnalistlərin istifadəsinə verilib. Bu günlərdə ikinci bina da jurnalistlərə veriləcək. Bu dəfə 255 mənzilin veriləcəyi gözlənir.

Ancaq bəzi müstəqil jurnalistlər dövlətdən ev almağı düzgün saymırlar. Onların fikrincə, Azərbaycan kimi azadlıqların boğulduğu ölkədə bu jurnalistləri hakimiyyətdən asılı vəziyyətə salır. Üstəlik, Azərbaycanda hazırda 10-dan çox jurnalist, bloqqer həbsdədir. Bəzi həmkarlarının fikrincə onlar məhz peşə fəaliyyətlərinə görə, həbs ediliblər.

Hərçənd, hakimiyyət təmsilçiləri belə fikirləri qəbul etmirlər. Onlar isə deyirlər ki, həmin şəxslər peşələrinə görə, yox, törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Hər il iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 141 il əvvəl həmin gün Azərbaycanda ilk müstəqil qəzet “Əkinçi” işıq üzü görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG