Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:17

Türkiyədə 'İslam Dövləti'nin dayaqları sarsıdılır


Polis İstanbulda İŞİD şübhəlisini saxlayır
Polis İstanbulda İŞİD şübhəlisini saxlayır

Adının çəkilməsini istəməyən yüksəkvəzifəli türk rəsmisi bildirib ki, Türkiyə xüsusi xidmətləri «İslam Dövlətinin» ölkədəki özəklərinə və şəbəkələrinə ölümcül zərbələr endirir:

««İslam Dövləti»nin Yeni il günü İstanbulda törətdiyi və 39 nəfərin ölümünə yol açmış hücumundan sonra Türkiyə bu ekstremist təşkilata ağır zərbələr endirib. Türkiyə İD əleyhinə beynəlxalq koalisiyanın üzvüdür. Biz... qətiyyətliyik və təkcə İD-lə yox, bütün digər terror təşkilatları ilə də mübarizəni davam etdiririk».

Ötən həftə Türkiyədə Anadolunun mərkəzi hissəsində yerləşən Konya şəhərində İD-in bir özəyinin neytrallaşdırılması üçün əməliyyat keçirilib. Əməliyyat zamanı, ən azı, 5 İD yaraqlısı öldürülüb.

Türkiyə mediasında yayılan məlumatlara görə, son bir neçə həftədə ölkənin xüsusi xidmətləri 29 müxtəlif əyalətdə İD-ə bağlılıqda şübhəli bilinən 233 şəxsi saxlayıb. İyulun əvvəlində İstanbulda saxlanmış 29 şübhəli şəxs bura daxil deyil.

İstanbulda Reina gecə klubuna hücum
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

İD-Ə QOŞULAN XARİCİLƏRİN SİYAHISINA TUNİS VƏTƏNDAŞLARI BAŞÇILIQ EDİRLƏR

Türk mətbuatı bildirir ki, ölkəboyu keçirilən reydlərdə saxlanan şübhəli şəxslərin əksəriyyəti əcnəbi vətəndaşlardır. Onların Türkiyə ərazisində hücumlar törətməyə hazırlaşdığı iddia olunur.

Türkiyə Daxili İşlər Nazirliyi bu yaxınlarda İD sıralarında olan xarici vətəndaşların siyahısını dərc edib. Siyahıya Tunis vətəndaşları başçılıq edirlər. Onların ardınca Səudiyyə Ərəbistanı, Qazaxıstan, Fransa, Rusiya və Belçika vətəndaşları gəlir.

Həmin hesabatda deyilir ki, İD-ə üzv olmaq məqsədilə Türkiyəyə gələn xarici vətəndaşlar Suriya və İraqdakı döyüş zonalarına getməyə çalışırlar.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu yaxınlarda bildirib ki, Türkiyə terror təşkilatları ilə əlaqələrdə şübhəli bilinən 5 mindən çox adamı deportasiya edib. Bundan başqa Ankaranın 50 mindən çox adamı ölkəyə buraxmadığı və sərhəd bölgələrindən birini İD yaraqlılarından təmizlədiyi bildirilir.

«TÜRKİYƏ KƏŞFİYYAT MƏLUMATLARINI QƏRB İLƏ BÖLÜŞÜR»

Terrorla mübarizə eksperti, keçmiş hüquq- mühafizə əməkdaşı Yesugay Aksakal «Amerikanın Səsi»nə bildirib ki, Türkiyədə keçirilən bir sıra təhlükəsizlik əməliyyatından sonra İD özəkləri dağıdılıb və terror qruplaşmasının hücum törətmək imkanları ciddi şəkildə azalıb:

«Türkiyə kəşfiyyat məlumatlarını Qərb ölkələri ilə bölüşür. Bu, siyasi münasibətlərdən asılı deyil. Kəşfiyyat sahəsində əməkdaşlıq müxtəlif ölkələrdə terror aktlarının qarşısını almağa kömək edir».

Təhlükəsizlik eksperti Metekhan Demir-sə bildirib ki, bu il Türkiyədə İD üçün fəlakət ili olub:

«Təkcə son yarımildə Türkiyənin təhlükəsizlik qüvvələri İD-in 100 mühüm üzvünü tutub».

Ankaranın ötən ilin avqustundan bu ilin martınadək Suriyanın şimalında gerçəkləşdirdiyi «Fərat qalxanı» əməliyyatı İD-in böyük tələfat verməsinə yol açıb.

Türkiyə Suriyaya əlavə tanklar yeritdi
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Türkiyə mətbuatı türk hərbçilərinə istinadən bildirir ki, əməliyyat zamanı 2 min 600-dən çox İD yaraqlısı məhv edilib və daha 3 min 60 nəfər «zərərsizləşdirilib». Türkiyə tərəfi 72 əsgərini itirib.

İNFORMASİYA MÜBADİLƏSİNİN BÖYÜK ROLU OLUB?

2013-cü ildən bəri İD Türkiyə ərazisində 14 hücum törədib. Rəsmi məlumatlara görə, bu hücumlar nəticəsində 300-dən çox adam həyatını itirib, 1300 adamsa yaralanıb.

Təhlilçilərin fikrincə, Türkiyədə İD-ə qarşı son əməliyyatlarda informasiya mübadiləsinin böyük rolu olub.

Ötən həftə Almaniya daxili kəşfiyyat idarəsinin (BFV) rəhbəri Hans-Georg Maassen bəyan edib ki, siyasi fikir ayrılıqları olsa da, Ankara və Berlin təhlükəsizlik məsələlərində əməkdaşlığa ara vermirlər.

«Biz terrorla mübarizədə Türkiyə ilə əməkdaşlıq etməkdə maraqlıyıq», - Maassen-in sözləridir.

ABŞ Dövlət Departamentinin rəsmisi «Amerikanın Səsi»nə bildirib ki, ABŞ Türkiyənin sərhədyanı ərazisini İD-dən təmizləmə əməliyyatını dəstəkləyir. O, ABŞ-ın öz addımlarını vaxtaşırı Türkiyə ilə koordinasiya etdiyini də vurğulayıb.

Di gəl, əməkdaşlıq sürsə də, Ankara və Vaşinqtonun hərbi əməliyyatların keçirilməsinə yanaşma tərzi fərqlənir.

Türkiyə ABŞ-ın Suriyadakı kürd peşmərgələrini silahlandırmaq qərarından narazıdır. Peşmərgələr İD-in de-fakto «paytaxtı» sayılan Raqqa uğrunda mübarizədə həlledici rol oynayırlar.

Ankara bəyan edir ki, ABŞ-ın dəstəklədiyi kürd qüvvələri PKK ilə əlaqəlidir. PKK isə Türkiyədə terrorçu təşkilat kimi tanınır.

«TÜRKİYƏ... ETİBARLI MÜTTƏFİQ OLDUĞUNU SÜBUT EDİB»

Təhlilçilərin fikrincə, İD-in gizli sığınacaq və əməliyyatlarına dair məlumat mübadiləsinə gəlincə, münasibətlərdəki gərginlik arxa plana keçir.

«Türkiyə Koreya müharibəsindən bəri - ta Yaxın Şərqin indiki durumunadək ABŞ və Qərbin maraqlarının dəstəklənməsinə töhfə verməyə hazır və qadir etibarlı müttəfiq olduğunu sübut edib», - Potomak İnstitutu Beynəlxalq Terrorizm Araşdırmaları Mərkəzinin direktoru Yonah Alexander «Amerikanın Səsi»nə belə deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG