Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 08:58

'Əfqan Muxtarlıya 'zərərçəkmiş' statusu verilməlidir'- deputat


Rebecca Harms

«Gürcüstan hökuməti jurnalist Əfqan Muxtarlıya «zərərçəkmiş» statusu verməlidir».

Gürcüstana səfər edən Avropa Parlamentinin deputatı, «Avronest»in rəhbəri Rebecca Harms iyulun 17-də Tbilisidə keçirdiyi mətbuat konfransında belə deyib.

O, rəhbərlik etdiyi nümayəndə heyətinin görüşlərində Ə.Muxtarlının işinin əsas müzakirə mövzularından olduğunu ifadə edib.

Avropa Parlamentinin bu işin müstəqil və qərəzsiz şəkildə araşdırılmasını istədiyini vurğulayan R.Harms Gürcüstan prezidenti ilə görüşdə də məsələnin müzakirə olunduğunu deyib.

«Avropa Parlamenti qətnamə qəbul edərək mövqeyini bildirib. Ölkə başçısı ilə görüşdə Gürcüstanın təhlükəsizlik qüvvələrinin bu olaya qarışıb-qarışmamasına aydınlıq gətirilməsini gözlədiyimizi bildirdik», - R.Harms bildirib.

R.Harms xüsusi olaraq Gürcüstan hakimiyyətinin müstəqil araşdırma aparmalı olduğunu vurğulayıb.

«Jurnalistə və onun həyat yoldaşına «zərərçəkmiş» statusu verilməlidir. Həm də Əfqan Muxtarlının azad edilməsi üçün səylər artırılmalıdır», - o, əlavə edib.

R.Harms həbsdəki jurnalistlə bağlı Avropa Parlamentinin Azərbaycan hökumətinə də müraciət edəcəyini söyləyib.

Mətbuat konfransında Avropa Parlamenti deputatlarının Tbilisidə Ə.Muxtarlının həyat yoldaşı, vəkilləri ilə görüşüb məlumat alması barədə də bilgi verilib.

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Ə.Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Bu il iyunun 15-də isə Avropa Parlamenti jurnalist Ə.Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və bütün cinayət ittihamlarının ləğv edilməsini istəyib.

Qətnamədə yazılır ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG