Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 11:31

Məhkəmə Qiyas İbrahimovun şikayətini rədd edib


İyulun 17-də Bakı Apellyasiya Məhkəməsi həbsdəki gənc fəal Qiyas İbrahimovun şikayətini təmin etməyib.

Q.İbrahimovun vəkilləri onun şəxsi yazışma sirrinin, konfidensial ünsiyyət qurmaq hüquqlarının pozulması iddiası ilə məhkəməyə müraciət ediblər. İyulun 10-da Sabunçu Rayon Məhkəməsi onların şikayətini təmin etməmişdi. Bundan apellyasiya şikayəti verilmişdi.

Bakı Apellyasiya Məhkəməsi şikayətə Vaqif Mirsaqulovun sədrliyi ilə baxıb. İclasda iştirak edən Q.İbrahimov şikayətini müdafiə edib.

Vəkillərinin deməsinə görə, o bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılarkən onun konfidensial ünsiyyət qurmaq hüququna müdaxilə edilib. Vəkillərinə göndərdiyi məktubu təcridxana rəhbərliyi oxuyub.

Bakı İstintaq Təcridxanasının nümayəndəsi isə məhkəmədə şikayəti qəbul etməyib. O deyib ki, Q.İbrahimov məktubu onlara açıq təqdim edib. Oxunduqdan sonra rəisin adı qeyd edilib və vəkilə göndərilib.

Q.İbrahimov isə öz növbəsində təcridxana nümayəndəsini təkzib edib. Məktubun təcridxana katibliyinə açıq təqdim edilmədiyini bildirib. O həmçinin, vurğulayıb ki, saxlanan şəxslərə məktub göndərməkdən ötrü normal zərf verilmir.

Məhkəmə heyəti gənc fəalın arqumentlərini nəzərə almayıb, şikayət rədd olunub.

Q.İbrahimovun vəkillərindən Zibeydə Sadıqova prosesdən sonra AzadlıqRadiosuna sözügedən iş üzrə artıq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırladıqlarını bildirib.

XATIRLATMA

«Heykəl məhbusu» kimi tanınan gənc fəallar Qiyas İbrahimovla Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar.

Daxili İşlər Nazirliyi hər iki şəxsin yaşadığı evdən 1 kiloqramdan çox heroin tapılması barədə məlumat yayıb.

Hər iki şəxs məhkəmədə işgəncələrə məruz qaldıqlarını desələr də, Ombudsman Aparatı gənc fəalların üzərində hər hansı xəsarət izi olmadığını bəyan etmişdi.

10 il azadlıqdan məhrum edilən gənclər ittihamı rədd edir, keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə «Qul bayramınız mübarək!» şüarı yazıldığına görə həbs olunduqlarını bildirirlər.

«Amnesty International» hər iki məhkumu «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG