Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:09

“Turist səhər, günorta və axşam kabab yeyəcəksə...”


Türkiyədə Kreml oteli

“Bizim yol” qəzeti “Azərbaycanda 1 həftə dincəlmək üçün xərclənən pula Türkiyədə 1 ay istirahət etmək olar” başlıqlı məqalədə Azərbaycanın turizm sektorunu Türkiyə ilə müqayisə edir.

Yazıda son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafında turizmin prioritet sahə kimi önə çəkildiyi, müxtəlif layihələr həyata keçirildiyi, amma bununla belə bu sahədə problemlərin qaldığı vurğulanır.

Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu İbrahim Nəbioğlu qəzetə bunun səbəbləri haqda danışıb. O deyib ki, əcnəbilərin çoxu Azərbaycanın xəritədə yerini belə bilmir, buna görə də ölkənin özünü tanıtması önəmlidir. Daha sonra o qiymət məsələsinə toxunur: “Azərbaycana gələn türk turisti xidmət qarşılığında qiymətlərin astronomik olduğunu görür və ikinci dəfə gəlməyəcəyini anlayır. Türklər və ya digər ölkələrdən gələn turistlər qiymətlərə baxdıqda görürlər ki, Azərbaycanda 1 həftə dincəlmək və gəzmək üçün xərclənən pula Türkiyədə 1 ay istirahət etmək olar”.

İ.Nəbioğlunun fikrincə, daha bir problem Azərbaycanda xidmət servisinin aşağı olması, yemək çeşidlərinin azlığıdır: “Turist səhər, günorta və axşam kabab yeyəcəksə, bu, artıq turizm deyil”.

Keçmiş konsula görə, turizmin təbliği tək reklamla həll ediləcək məsələ deyil:“Turizmdə davamlılıq çox önəmlidir. 30 ildir Türkiyədə yaşayıram, açığını deyim, əlimə imkan düşəndə Antalyaya gedirəm. Lakin görəsən, Bakıya 30 dəfə gələn turist varmı? Turistləri nə iləsə bağlamaq lazımdır”.

Aşağı neft qiyməti və büdcə

“Azərbaycan yüksək neft qiymətini büdcəyə daxil edəcəkmi?” “Exo” qəzeti bu sualı ekspert Fuad Əlizadə ilə araşdırır.

Ekspertin qənaətincə, Azərbaycan hökuməti özünü sığortalayaraq hətta neftin qiyməti 60 dollar olsa belə büdcədə dəyişiklik etməyəcək, qiymət 40 dollardan götürüləcək: “40 dollar o qiymətdir ki, hətta bu dəyərdə dəyişikliklər olsa belə, ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək mümkündür”.

Fuad Əlizadəyə görə, yaxın zamanda neftin dəyərinin 40 dollardan aşağı düşə bilməsi az inandırıcıdır, dünya enerji bazarında sabitləşmə getdiyindən qiymət 45-55 dollar arasında olacaq.

Ekspertin fikrincə, 2018-ci il Azərbaycan dövlət büdcəsində neftin qiyməti 40 dollar həddində müəyyən ediləcək: “Hətta neftin qiyməti 40 dollardan aşağı düşsə də bu il büdcəyə yenidən baxılmayacaq, hökumət qeyri-neft sektorunun inkişafını əsas hədəf kimi götürəcək”.

Yüksələn qiymətlər və inhisarçı sövdələşməsi

“Novoye Vermya” qiymət artımına diqqət yetirir: “İstehlak bazarı çalxalanmaqda davam edir?”

Müəllif bu günlərdə dəmiryolunda gediş qiymətlərinin “süni şəkildə” artdığını,bununla bağlı ortaya “hər hansı əsaslandırma qoyulmadığını” qeyd edir.

Daha sonra o ətin də bahalandığını bildirir: “Buna səbəb kimi yemin bahalanması və iribuynizlu mal-qaranın sayının azalması göstərilir. Hazırda mal əti bazarda 12 manata (bir ay öncə bu 10,5 manat idi), qoyun əti 12,5 manat (bir ay öncə11 manat idi) olub”.

Müəllif vurğulayır ki, heç də ucuz olmayan zəruri qida məhsullarının qiymətləri də artmaqdadır.

“Amma nəzarətçi orqanların məsuliyyətsizliyi, istehsalçı firmaların, ticarətçilərin, əlbəttə inhisarçıların özbaşınalığı üzdədir. Başqa sözlə, söhbət kiminsə nəzarətində olan süni qiymət artımından gedir, bu daha çox istehlak bazarındakı inhisarçıların sövdələşməsinə bənzəyir, çünki qiymət bahalanması eyni vaxtda bir neçə ərzaq və qida məhsulları üzrə baş verir”, - məqalədə qeyd olunur.

Müəllifin qənaətincə, bahalanma çaxnaşmasının yay mövsümündə baş verməsi də düşündürücüdür, hesab edir ki, bu daha çox inhisarçıların və işbazların ölkədə inflyasiyanı qaldırması deməkdir, “bundan sonra da qiymət artımı olsa bu artıq hiperinflyasiya olacaq”.

“Beynəlxalq miqyasda Azərbaycanla tam hesablaşırlar”

“Azərbaycan” qəzetinin məqaləsi belə adlanır.

Müəllif ölkənin “yüksək nüfuzunun və səmərəli” xarici siyasətinin antiazərbaycançı şəbəkəyə “davamlı zərbələr” vurduğunu bildirir. Onun qənaətincə, məqsədyönlü siyasətin uğurlu nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirir.

Məqalədə Azərbaycanın milli və dövlət maraqlarını təmin edən prezident İlham Əliyevin “siyasi uzaqgörənliyi, diplomatik gedişləri” sayəsində ölkənin mövqelərini gücləndirdiyi vurğulanır.

Müəllif yazır ki, artıq Qarabağ problemiylə bağlı dünya erməni diaspor və lobbiçilərinin yalanlarına inanmır. Bu yerdə iyulun 4-də Füzuli rayonun Alxanlı kəndində ikiyaşlı körpənin qətlə yetirilməsi xatırlanır: “Bu hadisə Ermənistanın terrorçu rəhbərliyinin sülh danışıqlarından qaçdığının növbəti təsdiqidir. Digər tərəfdən, bütün dünya bir daha erməni rəhbərliyinin uşaq qatili olduğunu göstərdi”.

Məqalədə qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun bəyanatında bu təxribatların danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablandığı deyilir.

Müəllif bu reaksiyanı Azərbaycan dövlətinin “artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının” etiraf olunması kimi dəyərləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG