Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

İlham Əliyev Tillersonla neft, Qarabağ və demokratiyadan danışıb


arxiv
arxiv

Prezident İlham Əliyev iyulun 10-da İstanbulda ABŞ-ın dövlət katibi Rex Tillerson ilə görüşüb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının da müzakirə edildiyi, İlham Əliyevin bu münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha ABŞ rəsmisinə çatdırdığı və təmas xəttində son “hərbi təxribat” haqqında onu məlumatlandırdığı bildirilir.

Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən də danışılıb. “Prezident.az” yazır ki, Rex Tillerson ABŞ-ın bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini deyib.

ABŞ-ın dövlət katibi həmçinin Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini yüksək qiymətləndirib.

Söhbət zamanı Azərbaycanda gerçəkləşdirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlərin müzakirə edildiyi qeyd olunur.

***

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə İstanbula XXII Dünya Neft Konqresində iştirak etmək üçün gedib. Konqresə dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərləri, bir sıra dövlət rəsmiləri qatılıb.

1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni birləşdirir.

İlham Əliyevin ABŞ dövlət katibiylə görüşü də bu konqres çərçivəsində olub.

Bir gün öncə o Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşmüşdü.

TİLLERSON UKRAYNA XALQINI ALQIŞLAYLIR

ABŞ dövlət katibi Rex Tillerson Ukrayna səfərindən sonra İstanbula gedib. O, Türkiyə xalqını ötən il çevriliş cəhdinə dirəniş göstərməklə “demokratiyalarını müdafiə etdiklərinə görə” alqışlayıb.

Tillerson iyulun 9-da İstanbulda keçirilən neft konfransının açılışında danışıb. Ancaq o, 15 iyul çevriliş cəhdindən sonra prezident Recep Tayyip Erdogan hökumətinin həyata keçirdiyi təzyiqlərə toxunmayıb.

“CƏSUR KİŞİLƏR VƏ QADINLAR...”

“İstanbula çox əlamətdar bir dönəmdə gəlmişik. Təxminən bir il öncə türk xalqı – cəsur kişilər və qadınlar çevrilişə cəhd göstərənlərin qarşısına çıxdı və demokratiyalarını müdafiə etdilər”, – dövlət katibi deyib.

Tədbirdə Tillerson-a neft sənayesində on illərlə xidmətlərinə görə mükafat verilib. O, dövlət katibi postuna keçməmişdən öncə Exxon Mobil korporasiyasının rəhbəri idi.

Ötən ilki çevriliş cəhdindən sonra Türkiyədə 40 min nəfər həbsə atılıb, 100 mindən çox dövlət qulluqçusu, polis, hərbçi işdən çıxarılıb. Qərb hökumətləri Ankaranın bu kampaniyasını tənqid edib, insan haqları fəalları isə çevriliş cəhdindən narazıların susdurulmasında istifadə olunduğunu bildirib. Elə Tillerson çıxış etdiyi məqamda yüz minlərlə adam İstanbul küçələrində müxalifətin yürüşünə qatılıb.

ABŞ diplomatı türkiyəli həmkarı Mevlut Cavusoglu və Türkiyə prezidenti Erdogan-la görüşüb.

İLHAM ƏLİYEVLƏ GÖRÜŞDƏ NƏDƏN DANIŞACAQLAR?

Tillerson iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Küveytə gedəcək, orada Körfəz ölkələri liderləri ilə görüşlər keçirəcək.

Bu, prezidenti İlham Əliyevin ABŞ-ın yeni administrasiyasının rəsmiləriylə ilk yüksək səviyyəli görüşü sayılır. Qərb mediası və insan haqları təşkilatları ABŞ administrasiyasını insan haqları pozuntularına göz yummaqda, təhlükəsizlik və enerji maraqları ucbatından hakimiyyətlə yumşaq münasibət saxlamaq cəhdində suçlayır.

2016-cı ilin martında Prezident Əliyev Vaşinqtonda ABŞ dövlət katibi John Kerry ilə görüşdü. Həmin görüşdən öncə və sonra ölkədə yerli və beynəlxalq hüquq müdafiəçilərinin “siyasi məhbus” adlandırdığı şəxs azadlığa buraxıldı. Ancaq ölkədə 100-dən çox “siyasi məhbus”un olduğu, hakimiyyətin onlardan qərblə danışıqlarda siyasi alver predmeti kimi istifadə etdiyi bildirilir. Hökumət bu iddiaları təkzib edir, heç kəsin siyasi motivlərlə həbs olunmadığını vurğulayır.

İstanbuldan əvvəl Kiyevdə olmuş Tillerson isə Rusiyaya sərt mesaj göndərib. O deyib ki, Moskva Ukraynada gərginliyin azaldılması üçün addımlar atmalıdır və bu tədbirlər görülənədək Moskvaya sanksiyalar qüvvədə qalacaq.

Ukrayna prezidenti Petro Poroshenko Tillerson-un Kiyevə səfərini Birləşmiş Ştatlıarın bu ölkəyə dəstəyinin “güclü” siqnalı adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG