Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 15:01

Qiyas İbrahimovla görüşən vəkil onun həyatının təhlükədə olduğunu deyir


Qiyas İbrahimov

“Qiyas İbrahimovun həyatı təhlükədədir. O, doğrudan da, saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalıb, qulağı şişib”.

İyulun 8-də həbsxanada Q.İbrahimovla görüşən vəkil Elçin Sadıqov AzadlıqRadiosuna açıqlamasında belə deyir.

Vəkil məhbusun işgəncəyə məruz qalması haqda ona təqdim etdiyi məktubunda detallı yazdığını bildirir.

Məktubda deyilənə görə, Qiyas İbrahimov 2 saylı Cəzaçəkmə Müəssisəsinə gəldiyi gün “yoxlanışa mane olmasına” və suallara "qeyri-səmimi" cavab verməsinə görə 15 sutkalığa cərimə kamerasına salınıb. Daha sonra o müəssisənin əməliyyat rəisinin təhqirinə cavab verdiyi üçün rəis müavini Şakir Qəniyev tərəfindən döyüldüyünü bildirir.

Q.İbrahimov əlləri qandallanaraq rəisin otağına aparılmasından, orda rəisin əmrilə yenidən döyülməsindən, xəsarətlər almasından, Qobustan həbsxanasına göndərilməsi ilə hədələnməsindən də bəhs edir.

E.Sadıqov baş verənlərlə bağlı gələn həftə Baş Prokurorluğa şikayət edəcəyini bildirib.

Qiyas İbrahimovun işgəncəyə məruz qalması barədə öncə anası açıqlama vermişdi. Ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmət deyilənləri təkzib etmişdi.

Qiyasın anası: “Buna səssiz qalmayacağam”

“Qiyas İbrahimov saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində fiziki zoraklığa və işgəncələrə məruz qalır”. Heykəl məhbusu kimi tanınan, 10 il azadlıqdan məhrum edilən, gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova belə deyir.

O oğlunun karantin müddətindən sonra zona aparılaraq nəzarətçi Şakir Qəniyev tərəfindən 15 günlük “kars”a salındığını bildirir.

“Nəzarətçi Qiyası narkotik satmaqda suçlayıb, Qiyas da nəzarətçiyə cavab qaytarıb, nəzarətçinin özünü “narkotik satan” adlandırıb. Bundan sonra nəzarətçi Qiyasın əllərini qandallayıb və cəzaçəkmə müəssisəsinin rəisinin yanına aparıb. Burda bir neçə şəxs tərəfindən fiziki zorakılığa məruz qalıb”, - ana deyir.

Şura Əmiraslanovanın sözlərinə görə, oğlunu Qobustan qapalı həbsxanasına göndərəcəkləri ilə hədələyiblər.

Ana oğluna edilən zorakılıqlara səssiz qalmayacağını söyləyib.

Penitensiar Xidmət: “O da cəzasını çəkir”

Penitensiar Xidmətin İstimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə Qiyas Obrahimova işgəncə verilməsi və fiziki zorakılıqlara məruz qalması haqda deyilənləri əsassız adlandırıb: “O da qanunvericilik tələbilə digər məhbuslar kimi cəza çəkir və burada hər hansı işgəncədən söhbət ola bilməz” .

XATIRLATMA

NİDA hərəkatının üzvü Qiyas İbrahimovla Bayram Məmmədov 2016-cı il mayında saxlanılıblar. Onlara qarşı qanunsuz narkotik satmaq ittihamı irəli sürülüb. Daxili İşlər Nazirliyi hər iki şəxsin üstündən və evindən 1 kiloqramdan çox narkotik aşkarlandığını bildirib.

Hər iki gənc məhkəmə qarşısına çıxarılarkən işgəncələrə məruz qaldılarını bəyan ediblər. Rəsmi tərəfsə işgəncə barədə deyilənləri rədd eidblər.

Bakı Ağır Cinayətlər məhkəməsi hər iki gənci 10 il müddətinə azadlıqdan məhrum edib.

Qiyas İbrahimovla Bayram Məmmədov narkotik ittihamını rədd edirlər. Onlar gül bayramı ərəfəsində indiki prezidentin atası, mərhum dövlət başçısı Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək” şüarını yazdıqlarına görə, həbs olunduqlarını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG