Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

'Dövlət bu problemi üzündə tər işləyənlərin çiyinlərinə qoyur' – Media icmalı


İşadamı. Karikatura
İşadamı. Karikatura

İyulun 5-də Exo.az saytı «Azərbaycanda işləyənlər işsizlərə görə ödəniş edəcəklər?» başlıqlı məqalədə işsizliyə görə müavinət ödənilməsini ekspertlərlə müzakirə edir.

Yazıda deyilir ki, işsizlik ölkədə başlıca problemlərdən biridir və odur ki, hökumət bu problemi bütün mümkün üsullarla həll etmək istəyir. Və «İşsizlikdən icbari sığorta haqqında» Qanunun 2018-ci ilin yanvarından qüvvəyə minəcəyi yada salınır.

Amma Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov bu qanunu ölkədə işsizlik probleminin həlli saymır:

«Yeni iş yerləri açmaq əvəzinə, dövlət bu problemi üzündə tər işləyənlərin çiyinlərinə qoyur, məgər bu ədalətlidir? Biz onsuz da bütün mümkün vergi və ödənişlərlə yüklənmişik».

AHİF-nin vitse-prezidenti icbari sığorta haqda fikrini belə davam etdirir:

«Dövlət hər ay Azərbaycanda rəsmi işləyənlərdən sığorta haqqı tutacaq, bu da kifayət qədər yüksək məbləğ olacaq. Kim zəmanət verir ki, korrupsiyaya uğramış hansısa məmur bunu öz cibinə qoymayacaq?».

Ekspert Nəriman Ağayevsə əksinə hesab edir ki, bu, indiki məqamda işsizlərə dəstək ola bilər, amma...

«Ölkədə çətin iqtisadi durum var, işsizlərin sayı az da olsa artmaqda davam edir, bu problemin öhdəsindən gəlmək üçün ilk növbədə yeni iş yerləri açılmalıdır. Amma Azərbaycanda belə iş yerləri müvəqqəti açılır, mövsümi olur, buna görə də uzunmüddətli iş yerlərinin açılması lazımdır».

Qubada alma bağları
Qubada alma bağları

«AZƏRBAYCAN MƏHSULLARININ İXRACI SÜRƏTLƏ ARTIR»

«Azərbaycan» qəzeti belə yazır.

Məqalədə bildirilir ki, 2014-cü ildən neftin qiyməti kəskin ucuzlaşdıqdan sonra qeyri-neft sektorunun inkişafı prioritet istiqamət oldu və 2016-cı ildən bu istiqamətdə yeni islahatlara start verildi.

Yazı müəllifi qeyri-neft sektorunun inkişafında vacib məsələlərdən biri kimi istehsal olunan məhsulların ixracını vurğulayır və bu sahədə «Made in Azerbaijan» brendinin təşviqindən sonra müsbət nəticələr olduğunu qeyd edir.

«Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq», - deyə prezident İlham Əliyev bildirib.

Bu yerdə qeyd olunur ki, 2017-ci ilin 5 ayı ərzində ixrac 550 milyon dollar olub və bu əməliyyatlarda 1021 şirkət iştirak edib. Bundan başqa, təkcə 2017-ci ilin mayında 445 şirkətin 149 milyon dollar həcmində olan ixrac əməliyyatında iştirak etdiyi də bildirilir və ixrac edilən malların bir qisminin adları çəkilir.

Xəzərdə neft buruqları
Xəzərdə neft buruqları

«İSLAHATLARSIZ İQTİSADİYYATI SAĞLAMLAŞDIRMAQ OLMAZ»

«Novoye Vremya»nın məqaləsi belə adlanır.

Sayta danışan Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov neft gəlirlərindən səmərəli istifadə olunmadığını, Azərbaycanın da «holland sindromu»ndan qaça bilmədiyini deyib.

Müəllif yazır ki, Azərbaycanda «holland sindromu» özünü hələ manatın devalvasiyasından çox öncə göstərib:

«Neft yaxşı satılır, pul da çay kimi ölkəyə axırdı. Heç kəs etiraf etmək istəmirdi ki, ölkə artıq «holland virusu»na yoluxub və yalnız neftin qiymətinin aşağı düşməsi hamını ayıltdı. Ən əsası dərk edildi ki, bu sindroma qarşı mübarizə zəruridir».

Müəllif keçən il qəbul edilən yol xəritələrinin də «holland sindromu»na qarşı çarə olmadığı qənaətindədir:

«Neft kotirovkalarının qeyri-sabitliyi iqtisadiyyatda durumu pisləşdirə bilər, bu isə «holland sindromu»nun qarşısını almağa və yayılmasına yönələn tədbirləri faydasız əməyə çevirər».

Yazı müəllifinə görə, ölkənin bu böhrandan çıxa bilməsinin vacib həlqələrindən biri müstəqil məhkəmə sisteminin qurulmasıdır:

«Müstəqil məhkəmə sistemi bu azad biznesin, sahibkarlıqda rəqabətin, korrupsiya və inhisardan azad olmağın zəmanətidir».

XS
SM
MD
LG