Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:55

'Bankların 2/3-si bağlanacaq' - Media icmalı


Dilənçi bank. Karikatura
Dilənçi bank. Karikatura

İyulun 4-də media beynəlxalq tranzit layihələrinin reallaşdırılmasında Azərbaycanın rolundan, ölkədəki bank sisteminin və son 6 ayda yerli iqtisadiyyatın durumundan yazır.

«SAĞLAM» BANKLARIN SAYI 10-DAN ÇOX DEYİL

«Exo» qəzeti yazır: «Azərbaycan bankları müflisləşmələrini yubandırırlar».

Azərbaycandakı bank sisteminin durumunu dəyərləndirən ekspert Əkrəm Həsənov deyir:

«Ölkə üçün hansı sayda bankın optimal hesab edilməsini söyləmək çətindir. Hazırda Azərbaycanda nisbi mənada «sağlam» bankların sayı 10-dan çox deyil və bu da ancaq dövlət dəstəyi ilə mümkündür. Birmənalı demək olar ki, zamanla indi fəaliyyətdə olan bankların 2/3-si bağlanacaq və bu nə qədər tez baş verərsə, ölkənin bank sistemi üçün o qədər yaxşıdır. Hazırda bu sistem xərçəng şişləri kimidir, sağlam hüceyrələri də sıradan çıxarır».

Ekspertin qənaətincə, Azərbaycanda bir çox bankların bağlanması qaçılmazdır, amma «Azərbaycan bankları müflisləşməni yubadırlar», Maliyyə Bazarlarına Nəzarət Palatası isə hansı səbəblərdənsə lisenziyaları geri çağırmır:

«Onlar qərarı yalnız o zaman çıxarırlar ki, bank tamamilə valyutasız qalır və bütün aktivləri sıradan çıxır».

Müstəqil ekspert Fuad Əlizadə də ölkə banklarının fəaliyyətlərinin normal olmadığı qənaətindədir.

«Nə qədər ki, banklar tam gücləriylə işləməyə, yəni, əhaliyə optimal faizlə kredit verməyə başlamayıblar, onların aktiv fəaliyyət göstərmələri barədə danışmaq olmaz. Manatın qeyri-sabit məzənnədə olması da bank sisteminə bu prosesi qaydaya salmağa imkan vermir», - ekspert söyləyir.

F.Əlizadə deyir ki, bütünlükdə banklar öz gəlirlərini kredit xətlərinin genişləndirilməsi və ya əmanətlərin artımı hesabına yox, valyuta satışı kimi kiçikhəcmli əməliyyatlar hesabına əldə edirlər, buna görə də banklar tam miqyasda aktiv fəaliyyət göstərmirlər.

Natiq Cəfərli
Natiq Cəfərli

6 AYIN YEKUNU - İQTİSADÇI BƏDBİNDİR

«Yeni Müsavat» qəzeti «İlin ilk yarısının əsas iqtisadi yekunu»na nəzər salıb.

Məqalədə 2017-ci ilin 6 ayının iqtisadi hadisələr baxımından çox gərgin və dinamik keçdiyi qeyd olunur.

Qəzetə danışan iqtisadçı ekspert Natiq Cəfərli bu ilin ilk 6 ayındakı iqtisadi prosesləri ötən ilin 6 ayı ilə müqayisə edərək bəzi nəticələri bölüşür:

«Pozitiv olan budur ki, Ümumi Daxili Məhsulda (ÜDM) azalmanın tempi aşağı olub, yəni, keçən il azalma 1.3 faiziydisə, bu il 0.9 faiz oldu. Amma bunun özü də ölkə iqtisadiyyatı üçün kifayət qədər problemlidir, çünki iqtisadiyyat kiçilməkdə davam edir».

Manatın 1.70 civarında sabitləşməsindən danışan ekspert deyir ki, bu sabitləşmə iqtisadi aktivliyin azalması, real sektorun zəifləməsi, bankların kreditləşməni tamamilə dayandırması hesabına əldə edilib.

N.Cəfərli hesab edir ki, bu il bank sektoruna ən böyük zərbəni Beynəlxalq Bank vurdu:

«Bu, ölkənin iqtisadi imicinə də zərbə oldu və hazırda gedən proseslərin neqativə doğru dəyişəcəyi haqqında beynəlxalq aləmdə bir fikir yaratdı».

Ekspert qarşıdakı 6 aylıq dövr barədə də nikbin danışmayıb:

«Ötən ilin ilk 6 ayı ilə müqayisədə iqtisadiyyatın daralması davam edir, iqtisadi aktivlikdə, xarici ticarətdə ciddi bir dəyişiklik yoxdur, bir çox iqtisadi göstəricilərdə azalma var, neftin qiyməti ilə paralel hasilatın azalması çox ciddi siqnaldır».

Liman
Liman

«PEKİNDƏN LONDONA ƏN QISA YOL BAKIDAN KEÇİR»

«Azərbaycan» qəzeti bu məqalədə qlobal nəqliyyat və ticarət logistika sistemində ölkənin oynadığı «mühüm rol»dan bəhs edir.

Müəllif Azərbaycanı bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayandığı üçün Cənubi Qafqazın «iqtisadi və siyasi gücü, böyük dövlətlər və iri şirkətlər üçün cəlbedici tərəfdaş» adlandırır.

Məqalədə Azərbaycanın beynəlxalq enerji və nəqliyyat layihələri həyata keçirdiyi, bütün istiqamətlər üzrə dəmiryol əlaqəsinə, bütün təyyarələri qəbul edə bilən hava limanına, yükdaşıma dəniz donanmasına sahib olduğu vurğulanır:

«Məhz buna görə Avropaya doğru ən qısa yolun Azərbaycandan keçməsini nəzərə alaraq ölkəmiz mühüm tranzit daşımalarında əsas tərəfdaşlardan biri kimi dəyərləndirilir».

Müəllif deyir ki, Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirilən siyasət ölkənin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir və Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevirir.

XS
SM
MD
LG