Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 10:25

'Fəhlələr bu iş qrafikini 'katorqa' adlandırır' - Media icmalı


Tikinti

Əməkçi hüquqsuzluğu, məhbəsdəki sıxlıq və artan ixracat. İyulun 3-də yerli medianın yazdıqlarından seçmələr bunlardır.

ƏMƏKÇİ HÜQUQSUZLUĞU DAVAM EDİR

«Novoye Vremya» qəzeti işəgötürən və işçilərin münasibətlərini müzakirəyə çıxarıb: «İşəgötürənlər və əməkçilər arasında «sağlam» münasibətlər mümkündürmü?».

Müəllif əmək münasibətləri sisteminin müasirləşməsində bəzi müsbət addımlar atıldığını desə də, bir çox problemlərin hələ də qaldığını vurğulayır:

«Bir çox tipik pozuntular var, özəl sektorda «boz əməkhaqqı» əvvəlki kimi var gücü ilə qüvvədədir, nağdsız hesablaşmalara keçməklə onun cüzi hissəsi leqallaşdırılıb. Əməkçilərlə əmək müqaviləsi təkcə tikinti sahəsində yox, özəl tibb mərkəzlərində, xidmət və ticarət sahələrində də bağlanmır. Hətta hamiləlik və doğuşla bağlı məzuniyyətlərin müddətinə əməl olunmur, bəzi hallarda məzuniyyətlər ya verilmir, ya da ödənilmir, son zamanlar isə əmək haqlarının ödənişində yubanmalar tez-tez baş verir».

Məqalədə əmək münasibətlərinin pozulması rəqəmlərlə göstərilir:

«İşəgötürənlər bütün bu göstəriş və fərmanlara əməl etmirlər. Vergilər Nazirliyi bu ilin yanvar-mart ayarlında apardığı yoxlamalar nəticəsində 555 obyektin 329-da 1987 şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmasını aşkar edib və bu pozuntuya yol verənlər 1.735 milyon manat cərimə olunublar».

Müəllif xidmət sahəsində iş müddətinin 12 saat davam etdiyini, bunun açıq istismar olduğunu, tikinti sahəsində fəhlələrin istirahətsiz, günün bütün işıqlı saatlarında işlədiklərini, bunun müqabilində 500 manatdan yuxarı əməkhaqqı almadıqlarını yazır və bu iş qrafikini «katorqa» adlandırır.

Müəllif yazır ki, işçi hüququnu tələb etdikdə isə işdən azad edilir:

«Ölkədə iş tapmaq o qədər də asan deyil, əhalinin 72%-ə yaxını əməkqabiliyyətlidir, amma ölkə iqtisadiyyatı bu qədər əmək resursunu işlə təmin etmək gücündə deyil».

Həbsxana
Həbsxana

MƏHBƏSLƏRDƏ MƏHKUM SIXLIĞI

«Exo» qəzeti cəzaçəkmə müəssisələrindəki məhbus sıxlığı barədə suallara hüquqşünas Elçin Qəmbərlə cavab axtarır. Yazı belə adlanır: «Azərbaycan zindanlarındakı məhkum olunmuşlar kimlərdir?».

«Azərbaycanda azadlıqdan məhrum olunmuşların saxlanması yerlərində şəxslərin sayı yüksək qalmaqda davam edir. Hökumət ölkədə kriminogen durumun yaxşılaşdırılması yönündə tədbirlər görməsi barədə bəyanatlar versə də, vəziyyət dəyişmir», - hüquqşünas E.Qəmbər durumu belə şərh edir.

Hüquqşünas bu məkanlarda vərəm, hepatit, sifilis xəstələri daşıyıcılarının az olmadığını, vərəm üzrə epidemik durumun da əlverişsiz olduğunu, xəstə məhbusların sağlam şəxslərlə bir kamerada saxlandıqlarını deyir. Buna səbəb kimi də həbsxanalarda məhbus sıxlığının həddən artıq olmasını göstərir.

E.Qəmbər son illər narkotiklə bağlı məhkum olunmuşların sayının kəskin artdığını da vurğulayır və hesab edir ki, bu istiqamətdə cəza siyasəti dəyişməlidir.

Hüquqşünasın qənaətincə, ölkədə təkrar cinayət törətmək səviyyəsi də yüksək olaraq qalmaqdadır. Keçmiş məhbuslar həyatlarını yenidən qurmaqda çətinlik çəkirlər, «dövlət orqanları onlara adaptasiyada kömək göstərmir, təkrar cinayət törətməyə məcbur qalırlar».

Müəllif sonda yazır ki, bu sahədə rəsmi yanaşmayla hüquq müdafiəçilərinin dəyərləndirmələri kəskin fərqlənir. O, Penitensiar Xidmətin rəis müavini Oktay Məmmədovun bir il öncəki açıqlamasını xatırladır. Rəis müavini bildirmişdi ki, amnistiya nəticəsində penitensiar müəssisələrdə saxlanılanların sayı 2015-ci illə müqayisədə 2106-cı ildə 3.2% azalıb.

Sumqayıtda karbamid zavodunun tikintisi
Sumqayıtda karbamid zavodunun tikintisi

ARTAN İXRAC POTENSİALI

«Azərbaycan» qəzeti «Qeyri-neft sektorunda istehsal da, ixrac da artır» sərlövhəli məqalədə ölkədə qeyri-neft sektorunun inkişafını dəyərləndirir.

Müəllifin yazdığına görə, qeyri-neft sektorunun inkişafı ilə ölkə iqtisadiyyatı getdikcə daha çox şaxələnir və yeni sahələrin yaranmasında müsbət tendensiya müşahidə edilir:

«Böyük sənaye müəssisələri yaradılır. Onların istehsal etdiyi xammalın səmərəli şəkildə istifadə edilməsi üçün dövlət eyni zamanda emal müəssisələrinin yaradılmasını stimullaşdırır. Ölkədə istehsal olunan hazır məhsulların siyahısının genişləndirilməsi isə idxaldan asılılığın azalması, ixrac imkanlarının artması deməkdir».

Buna nümunə kimi Sumqayıt Kimya Sənaye Parkındakı polimer və gübrə zavodları, bölgələrdə yaradılan sənaye parkları göstərilir.

Yazıda 2017-ci ilin birinci rübünün bəzi statistik rəqəmləri nəzərə çatdırılır:

«Yanvar-mart ayları ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 8.6 milyard manatlıq əlavə dəyər yaradılıb, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.4 faiz çoxdur. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 56.2 faiz təşkil edir».

Həmçinin kənd, meşə və balıqçılıq təsərrüfatı sahəsində 3.5, tikinti sahəsində 4.7, informasiya və rabitə sahəsində 5.1 faiz artım qeydə alındığını bildirilir.

Müəllif kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı dövlət başçısı İlham Əliyevdən sitat gətirir:

«Hazırda 24 rayonda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına 1.1 milyard manat dəyərində sərmayə qoyulur. Bu aqroparkların yerləşdiyi ərazi, istifadə etdiyi torpaq sahəsi 142 min hektardır. Əminəm ki, bu aqroparkların fəaliyyətə başlaması nəticəsində biz daxili tələbatı 100 faiz ödəyəcəyik və çox böyük ixrac potensialımız yaranacaqdır».

Müəllif bunları qeyri-neft sektorunda, o cümlədən aqrar sahədə islahatların uğurla davam etməsinin və bunların nəticəsində ölkənin ixrac etdiyi qeyri-neft məhsullarının həcminin sürətlə artması kimi dəyərləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG