Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 18:09

Agramuntun prezidentliyi payızda səsverməyə çıxarılacaq


Pedro Agramunt

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qurumun prezidenti Pedro Agramunt-un vəzifəsindən uzaqlaşdırılması məsələsini payız sessiyasında səsverməyə çıxaracaq. Assambleya oktyabrın 9-13-də toplanacaq.

Bu haqda AŞPA-nın saytı xəbər verir.

AŞPA Pedro Agramuntun bu qurumun sədri vəzifəsindən kənarlaşdırılması haqqında təklifi açıqlayıb. Təklif parlamentarilərin böyük səs çoxluğu ilə dəstəklənir.

Pedro Agramuntun prezidentlikdən kənarlaşdırılması təklifinə Assambleyanın beş siyasi qrupu və 36 milli nümayəndə heyətini təmsil edən 158 üzvü imza atlb.

AŞPA-nın məlumatında Agramuntun baş verənlər haqqında məlumatlandırıldığı da vurğulanır. Qurumun reqlamentinə əsasən, onun vəzifədən kənarlaşdırılması haqqında parlamentarilərin imzaladığı təklif hazırkı de-yure prezidentə göndərilib.

İndiyədək AŞPA prezidentinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı prosedur yox idi. İyunun 27-də Parlament Assambleyasının yay sessiyasında buna imkan verən sənəd qəbul olunub.

İclasda müzakirə edilmiş sənəddə AŞPA-nın prezidenti, vitse-prezidenti və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi üçün qurumun daxili prosedurunda dəyişiklik nəzərdə tutulur.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirələr zamanı həmin dəyişikliklərə qarşı çıxmış və bunu “əcinnə ovu” adlandırmışdı.

XATIRLATMA

Pedro Agramunt AŞPA-nın iyun sessiyasına gəlməyib.

Bu ilin aprelində isə AŞPA Bürosu onu iclasa gəlmədiyinə və Dövlət Duması deputatlarının təşəbbüsü ilə Suriyaya səfər etdiyinə, Bashar Assad-la görüşü haqqında açıqlama vermədiyinə görə AŞPA sədri vəzifələrinin icrasından kənarlaşdırıb.

Agramuntun adı həm də keçmiş müavini Luka Volonte ilə birgə korrupsiya qalmaqalında hallandırılır. AŞPA-da korrupsiya iddialarının araşdırılması üzrə müstəqil qrup yaradılıb.

Bir müddət əvvəl o AŞPA-nın "Avropa Xalq Partiyası" siyasi qrupundan çıxarılıb.

Agramuntun adı həm də Azərbaycan hakimiyyətinin dostları siyahısında hallanır. Tənqidçilər onu Bakı və Moskvanın maraqları üçün lobbiçilikdə ittiham edirlər. Onun keçmiş müavini Luka Volonte-nin Azərbaycan nümayəndələrindən pul almasına dair ittihamlar isə İtaliya məhkəməsində araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG