Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:52

Xanımı: 'Faiq Əmirlinin üzündə keyimə yaranıb'


F.Əmirli

«Azadlıq» qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirlinin səhhətində yenidən problem yarandığı bildirilir.

Bu haqda onun xanımı Lalə Əmirli məlumat verib. O, həyat yoldaşı ilə bu gün, iyunun 29-da təcridxanada görüşüb.

L.Əmirlinin bildirdiyinə görə, F.Əmirlinin sol üz nahiyəsində keyimə əmələ gəlib:

«Faiq Əmirli deyir ki, artıq üç gündür bu problem yaranıb. Görüş zamanı özüm də onun sol üz nahiyəsinin tez-tez sanki dartıldığını və sol gözünün qıyıldığını hiss edirdim».

Xanımının deməsinə görə, F.Əmirli səhhətindəki problemlə bağlı təcridxananın həkiminə müraciət edib.

«Ona problemin əsəbdən yarandığı deyilib. Daha dəqiq diaqnoz və müalicə yazılması üçün nevropatoloq müayinəsi təyin edilib», - xanımı bildirib.

F.Əmirlinin səhhətində bundan öncə də problemlər yarandığı açıqlanmışdı.

Vəkillərinin və xanımının onda bildirməsinə görə, F.Əmirlinin qida qəbul etməsində problemlər var. O, bir müddət öncə səhhətindəki problemlərinə görə 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirilmişdi. Vəkilləri onda bildirmişdilər ki, bu müayinə nəticəsində də F.Əmirlinin səhhətində problemlər aşkarlanıb. Sadəcə, cəza evində müalicə ciddi nəticə vermir.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

F.Əmirliyə verilmiş bəzi ittihamlar isə məhkəməsi öncəsi götürüldü. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Hazırda onun məhkəmə prosesi davam edir.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG