Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:10

'Dedovşina' şikayətləri Avropa Məhkəməsində


Hərbi hospitalda şillələnmə
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00
Direct-ə keçid

Hərbi hospitalda şillələnmə. 2009

«Dedovşina» şikayətlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə yol açması, qarpızdan təhlükəli zəhərlənmələr, dünyada qaçqın və köçkün problemləri bu gün medianın aparıcı mövzularındandır...

«DEDOVŞİNA»

«Exo» qəzetində ««Dedovşina» Avropa Məhkəməsinin hədəfində» sərlövhəli məqalə oxumaq olar.

Müəllif əvvəlcə «dedovşina» sözünə aydınlıq gətirir. Yazıda bildirilir ki, bu sovet rejimindən qalan bəladır. Hərbi müddəti başa vurmaqda olan əsgərlərin yeni gələn əsgərlər üzərində «öz hökmünü» icra etməsidir.

Müəllif vurğulayır ki, bəzən hərbi xidmətdə bu qeyri-nizamnamə münasibətləri ölümlərlə belə başa çatır.

Müəllif orduda olan belə ölüm hallarını hüquq-müdafiəçisi Eldar Zeynalovla müzakirə edir. Üstəlik, E.Zeynalov ayrı-ayrı əsgərlərin ölümlərinə səbəb olan hallar barədə Avropa İnsan Hüquqları Məhkəməsindəki proseslər barədə bilgilər verir.

E.Zeynalov deyib ki, çox zaman bu məsələlərin üstü açılmır, bu ölümlər intiharlar, «ailə problemləri» və «uğursuz sevgi» kimi izah edilir.

Hüquq müdafiəçisi vurğulayıb ki, bu məsələ Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) də gedib çıxıb.

E.Zeynalov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu işlərin biri ilə bağlı istintaqın keyfiyyətli aparılmadığını hesab edərək, şikayətçi tərəfə mənəvi ziyana görə 15 min avro təzminat verilməsi haqqında qərarı çıxarıb.

Hüquq müdafiəçisi bildirir ki, 2015-ci ildə BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana dair hesabatında da orduda «dedovşina» və intiharlar məsələsinə toxunub:

«Komitə hesab edir ki, qeyri-döyüş şəraitində baş verən hər bir ölüm halı tez, səmərəli araşdırılmalı, günahkarlar cəzalandırılmalı və gələcəkdə belə insidentlərin baş verməsinin qarşısı alınmalıdır».

Qarpız
Qarpız

TƏHLÜKƏLİ QİDALAR BAZARA ÇIXANDA

«Bizim Yol» qəzetində «Bazar həyat üçün təhlükəli qarpızla doludur» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, iyun ayında qarpızdan zəhərlənmə ilə bağlı xəstəxanalara 4 müraciət olub.

Müəllifə görə, çox zaman da zəhərlənmələr qarpızı tez yetişdirmək məqsədilə istifadə edilən dərmanlarla bağlı olur:

«Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidməti mövsümdə digər məhsullar kimi qarpızı da yoxlayır. Məhsulun üzərində kimyəvi və toksikoloji müayinələr aparır. Qəribədir ki, hər dəfə də qarpızda toksik birləşmələr, nitrat və pestisid qalıqlarının norma həddində olduğu bildirilir».

Müəllif bu zəhərlənmələrin səbəbləri barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla söhbət edir. Ekspert iddia edir ki, hazırda satışda olan qarpızlardan zəhərlənmə ehtimalı yüksəkdir:

«Hətta məhsulda dərmanların miqdarı normadan dəfələrlə artıq olduğundan ölüm təhlükəsi də var. Təşkilatımızın mütəxəssisləri, hər il olduğu kimi, bu il də bazarda monitorinq keçiriblər. Satışda olan qarpızlarda nitratın miqdarı normadan dəfələrlə artıqdır».

Həkim İradə Məmmədova isə deyib ki, təbii yetişən qarpızdan da zəhərlənmə mümkündür:

«Zəhərlənmə diaqnozu ilə gələnlərin əksəriyyəti qarpız yediyini söyləyir. Halbuki, zəhərlənmə qarpızdan əvvəl qəbul edilmiş qidadan da ola bilər, sadəcə qarpız zəhərlənmə prosesini sürətləndirir».

Həkimin deməsinə görə, yol kənarında, günəş altında saxlanılan qarpızları almaq olmaz. Eyni zamanda, kəsilərək soyuducuda saxlanılan soyuq qarpızı yağlı yeməkdən sonra qəbul etmək də doğru deyil.

Rafael Hüseynov
Rafael Hüseynov

BİGANƏLİYİN DOĞURDUĞU BƏLALAR..

«Azərbaycan» qəzetində «Avropada qaçqınlarla bağlı böhranın şiddətlənməsi səbəblərindən biri Avropa Şurasının vaxtında Azərbaycanın səsinə səs verməməsidir» sərlövhəli məqalə dərc edilib. Yazıda dünyada qaçqın və köçkünlər problemi barədə danışılır.

Müəllif yazır ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının üçüncü iş günü qaçqın və məcburi köçkünlərin müxtəlif problemlərinə həsr edilib.

Müəllif bu istiqamətdə təhlilini «Qaçqınların kəskin böhranlar zamanı inteqrasiyası: mövcud vəziyyətin öyrənilməsi və yaxşı təcrübə nümunələri» adlı məruzənin müzakirəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun çıxışı üzərində qurub.

Yazıda vurğulanır ki, R.Hüseynov qaçqın və məcburi köçkün faciəsi ilə bağlı Azərbaycanın Avropa Şurasında daim məsələ qaldırdığını bildirib:

«Təəssüf olsun ki, insanların köhnə və sağalmayan pis vərdişlərindəndir - öz başına gəlməyincə faciənin, dərdin, ağrının haqqında tam dolğunluğu ilə fikirləşə bilmir».

Deputat deyib ki, hələ 2001-ci ildə Azərbaycan AŞPA-da bu problemin həllini qaldıranda digər üzv dövlətlər buna diqqətlə yanaşmayıblar.

«Hər sessiyadakı çıxışlarda, hazırlanan sənədlərdə dəfələrlə bəyan edirdik ki, ayıq olaq, qarşısını almasaq, bir neçə il sonra bu xoşagəlməz nümunə digər üzv ölkələrə sıçrayacaq. Beş, on il keçdi və Avropa Şurasının çağırışlarımızla bağlı təsirli tədbirlər görməməsi kədərli bəhrələrini verdi», - deyə qəzet deputatın çıxışından sitat verir.

Deputat vurğulayıb ki, vaxtında problemin ciddiyə alınmaması qaçqınlıq, terrorizm, separatçılığın belə geniş yayılmasına səbəb olub:

«Bu gün Avropa qaçqın və köçkünlərin fasiləsiz axının doğurduğu problemlərlə, terrorizmlə, separatizm meylləri ilə qarşı-qarşıyadır. Vaxtilə başqalarında müşahidə edilən fəlakətlər asta-asta Avropanın üstünə axır».

XS
SM
MD
LG