Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 07:20

Prezident: 'Biz işsizliyi və yoxsulluğu 5-6 faizə endirmişik'


İ.Əliyev

«Bu gün biz əməkdaşlığımızın inkişafının yeni mərhələsinə qədəm qoyuruq. Mənim Polşaya səfərim çox uğurlu keçir. Biz bir çox sənədləri imzalamışıq».

Dövlət başçısı İlham Əliyev bu fikirləri iyunun 27-si Polşa-Azərbaycan biznes-forumunda bildirib.

İ.Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin qane edici olmadığını, iqtisadi əlaqələrə təkan vermək və ixrac potensialını artırmaqdan ötrü əlverişli fürsətlər olduğunu deyib.

Daha sonra İ.Əliyev müstəqillik dövründə Azərbaycan iqtisadiyyatının inkişafı barədə fikirlərini bildirib:

«2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artıb. Biz işsizliyi və yoxsulluğu 5-6 faizə endirmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır».

O, son 20 ildə Azərbaycanın 200 milyard dollardan çox sərmayə cəlb etdiyini, bunların təxminən yarısının xarici vəsait olduğunu söyləyib.

İ.ƏLİYEV: «POLŞA ŞİRKƏTLƏRİNİ ƏMƏKDAŞLIĞA DƏVƏT EDİRİK»

Dövlət başçısı Polşa şirkətləri ilə tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istədiklərini bildirib:

«Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik».

İ.Əliyev bildirib ki, belə yaxşı siyasi, iqtisadi münasibətlərlə qısa müddət ərzində uğur qazanmaq, ticarət dövriyyəsini bir neçə dəfə artırmaq olar.

DÖVLƏT BAŞÇISINDAN POLŞA İŞ ADAMLARINA DƏVƏT

Dövlət başçısı Polşa ilə əməkdaşlığı uğurlu adlandırıb:

«Mən bir daha Polşa şirkətlərini bizim tərəfdaşımız olmağa dəvət edirəm. Biz daha sıx iqtisadi və işgüzar əlaqələr yaratmaq istəyirik. Polşa nəinki Avropada, dünya miqyasında böyük potensialı və çox yaxşı mövqeyi olan bir ölkədir».

Azərbaycan prezidenti İ.Əliyev iyunun 26-sı Polşaya səfər edib.

Prezident dünən, iyunun 27-də bu ölkənin dövlət başçısı Andrzej Duda ilə təkbətək görüşüb. Sonra dövlət başçıların geniştərkibli görüşləri olub.

İki ölkə başçısı «Azərbaycanla Polşa arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə» qəbul ediblər. Bundan başqa, iki ölkə arasında nəqliyyat, dəmiryol sahələrində və Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG