Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 03:26

'Cənub Qaz Dəhlizi'nin maliyyələşdirilməsi araşdırılır


Kəmər tikintisi

Avropa İnvestisiya Bankı (EIB) «Cənub Qaz Dəhlizi»nə daxil olan TAP (Trans Adriatik Qaz Kəməri) və TANAP (Trans Anadolu Qaz Kəməri) layihəsinin tikintisinin maliyyələşdirilməsi imkanlarını qiymətləndirir.

Bu haqda Avropa İnvestisiya Bankından Trend-ə bildiriblər.

Bankdan deyiblər ki, EIB bu layihələrə vəsait ayırmaq imkanına baxılması prosesində «due diligence» (investisiya qoyulan obyektlərlə bağlı obyektiv təqdimatın formalaşdırılması üzrə tədbirlər) proseduru çərçivəsində bütün müvafiq məsələləri diqqətlə öyrənir.

«EIB maliyyələşdirilən bütün layihələrin texniki, iqtisadi, maliyyə, ekoloji və sosial qiymətləndirilmələri zamanı ən yüksək standartları tətbiq edir. Bank həmçinin, bu layihələrin Avropa Birliyinin qanunlarına, standartlarına və milli qanunlara uyğunluq səviyyəsini dəyərləndirir», - bankdan bildiriblər.

Bu ilin fevralında Bakıda «Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının üçüncü iclası keçirilmişdi. Həmin iclasın sonunda Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti birgə bəyannamə imzalamışdı.

««Cənub Qaz Dəhlizi»nin maliyyələşdirilməsində beynəlxalq maliyyə qurumlarının əzmini alqışladıqlarını bildirir, onları dəstəklərini gücləndirməyə səsləyirik», - deyə bəyannamədə vurğulanırdı.

XATIRLATMA

TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir. «Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) isə TANAP-ın davamıdır. «Şahdəniz-2» yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

Layihənin 2020-ci ildə tam reallaşacağı bildirilir.

TANAP üzrə işlərin 70, TAP üzrə isə 40 faizdən çoxunun icra edildiyi bildirilir.

Dünya Bankı, Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) «Cənub Qaz Dəhlizi»ni dəstəkləyir.

Azərbaycanın «Cənub Qaz Dəhlizi» layihəsi ilə bağlı 2014-2019-cu illər üzrə 11.9 milyard dollar öhdəliyi var. Bu vəsaitdən ötən ilin sonuna kimi 6 milyard dolları icra edilib.

Hazırda «Cənub Qaz Dəhlizi» layihəsinin dəyəri təxminən 40 milyard dollar həcmində qiymətləndirilir. Bu vəsaitin 9.3 milyard dolları TANAP, 6 mlrd. dolları TAP, 23.8 milyard dolları isə «Şahdəniz-2» və Cənubi Qafqaz Kəmərinin genişləndirilməsi layihələrinin payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG