Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:53

Rusiyalılar Putin-in liderliyinə inanırlar


V.Putin
V.Putin

Rusiyalıların çoxu prezident Vladimir Putin-in xarici məsələləri necə idarə etməsini bəyənirlər. Di gəl, prezidentin ölkəiçi iqtisadi siyasəti və antikorrupsiya fəaliyyətilə bağlı daha ehtiyatlı yanaşma sərgiləyirlər. Bunu «Pew» araşdırma mərkəzi üzə çıxarıb.

Yəni, rusiyalıların çoxu Putin-in korrupsiyanın öhdəsindən gələcəyinə inanmır. Ancaq ölkənin idarəçiliyini ona etibar edirlər.

KORRUPSİYA İKİNCİ YERDƏDİR

Rəyi soruşulanların 87%-i deyib ki, ölkənin maraqlarının qlobal səhnədə təmsilçiliyini Putin-ə etibar edirlər. Ancaq onun korrupsiyayla mübarizədə gördüyü işi bəyənənlərin sayı azalıb, 62%-dən 49%-ə düşüb.

Qeyd edək ki, son bir neçə ayda Rusiyada antikorrupsiya aksiyalarında xeyli saxlanan olub.

«Bizim üzə çıxardıqlarımız onu deməyə əsas verir ki, rusiyalılar qlobal məsələlərdə prezidentlərinə böyük inam sərgiləyirlər. Ancaq gündəlik həyatlarında ciddi problemlərin olduğunu da gizlətmirlər. Korrupsiya rusiyalıları əndişələndirən ikinci problemdir, birinci yerdə bahalanma gəlir. Hər 10 nəfərdən biri deyib ki, korrupsioner siyasi liderlər Rusiyaya təhlükə yaradır», – «Pew» araşdırma mərkəzinin baş tədqiqatçısı Margaret Vice «The Washington Post» qəzetinə deyib.

DİGƏR ÖLKƏLƏRLƏ MÜNASİBƏTLƏR

Mərkəz Rusiyada sorğu keçirdiyi son 15 ildə Putin-in qlobal liderliyinə inamın davamlı olaraq möhkəmlənməsinə diqqət çəkir. 2014-cü ildə, Ukraynada münaqişə başlanandan və Krımın anneksiyasından sonra bu inam artıb və bir daha enməyib.

Düzdür, bu gün Putin Ukraynayla münasibətlərin idarəsinə iki il öncəkindən daha aşağı dəstək alır. Bu göstərici 83%-dən 63%-ə düşüb.

Avropa Birliyi, Çin və Birləşmiş Ştatlarla münasibətlərə yanaşmasına görə də Rusiya prezidentinə dəstək azalıb. Ancaq ölkə prezidentinin xarici siyasəti idarəçiliyinə ictimai dəstəyin azalmasına baxmayaraq, rusiyalıların çoxu deyirlər ki, onların ölkəsi 10 il öncəyə baxanda, dünyada daha vacib rol oynayır.

SURİYA MƏSƏLƏSİ

Putin-in 2015-ci ildə Suriya münaqişəsinə müdaxilə qərarı Rusiyanın xarici siyasətində ciddi dəyişiklik idi. Bu gün rusiyalılar arasında əsas fikir odur ki, ölkə Suriyadakı siyasətini, orada hərbi iştirakını indiki səviyyədə saxlamalıdır. Bu cür düşünənlər 46%-dir.

Rusiyanın mövqeyində dəyişiklik görmək istəyənlərə gəlincə, 34% bu ölkənin Suriyada iştirak səviyyəsinin azalmasına, 11% gücləndirilməsinə tərəfdardır.

Ölkənin Suriyadakı hərbi əməliyyatlarının məqsədi barədə sualı çoxu belə cavablandırıb ki, itkilərin məhdudlaşdırılması (72%) və ekstremist qrupların məğlubiyyəti (64%) prioritet olmalıdır. 25%-in fikrincə, Kremlin açıq-aşkar niyyəti Suriya prezidenti Bashar al-Assad-ı hakimiyyətdə saxlamaqdır.

Suriya Rusiyayla Qərbin münasibətlərinə təsir göstərən faktorlardan olub. Digər faktor NATO-dur. Bu ilin yazında hər 10 rusiyalıdan 4-ü (41%) NATO-nu ölkələrinə təhdid kimi görürdü. 2015-ci ildə bu rəqəm 50% idi.

«Pew» bu sorğunu bu il fevralın 18-dən aprelin 3-dək Rusiyada 1002 respondent arasında keçirib.

XS
SM
MD
LG