Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:20

XİN: 'Qətnamə hüquqi və digər nəticə doğurmur'


XİN

«Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil».

Bunu AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən deyib:

«Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil. Hər hansı hüquqi və digər nəticə doğurmur.

Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb».

İyunun 15-i Avropa Parlamentində jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.

Qətnamədə yazılır ki, araşdırmaçı-jurnalist Əfqan Muxtarlı Tbilisidə mayın 29-da yoxa çıxıb və bir neçə saat sonra Bakıda peyda olub.

«Vəkili deyir ki, Əfqan Muxtarlını naməlum adamlar tutub, onlar Gürcüstanın kriminal polisinin uniformasında imişlər. Jurnalisti maşına basıblar, döyüblər və maşını Azərbaycan sərhədinə sürüblər. Üstünə 10 min avro pul qoyublar».

Sənəddə deyilir ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var. Halbuki, Azərbaycan vətəndaşlarına tez-tez yaşama izni verməkdən imtina olunur.

Sənəd Əfqan Muxtarlının oğurlandığını bildirir və bunu kəskin şəkildə pisləyir, bunu insan haqlarının ciddi şəkildə pozulması adlandırır.

Azərbaycan hakimiyyətinə müraciət edilir ki, təxirəsalınmaz qaydada Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etsin və jurnalisti azadlığa buraxsın.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG