Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:26

Litvalı deputatlardan həbsdəki jurnalistlərə dəstək


Litva parlamenti

«Azərbaycan hökuməti insan hüquqlarına hörmətlə yanaşmalı, bu yaxınlarda həbs olunmuş iki jurnalisti - qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə ittiham olunan Əfqan Muxtarlını və Nicat Əmiraslanovu azad etməlidir».

Litva parlamentinin 14 deputatının Azərbaycan hökumətinə ünvanlanan müraciətində belə yazılır.

Sənədin təşəbbüsçüləri müxalifətdə olan Vətən İttifaqı Liberal Alyansın üzvləridir.

Müraciəti imzalayan deputatlar həm də Azərbaycanla parlament əlaqələrinin dəstəklənməsinə cavabdeh olan qrupa daxildir.

«Azərbaycan öz ərazi bütövlüyündən danışarkən beynəlxalq hüquq prinsiplərinə tərəfdar olduğunu bildirir. Amma ölkə özü də bu prinsiplərə əməl etməlidir», - müraciətin təşəbbüsçülərindən biri Arvidas Anusauskas bildirib.

Müraciətin tam mətnini Litvanın 15min.lt. internet-resursu yayıb.

Ancaq Litvanın hakim Kəndlilər və Yaşıllar Partiyasının heç bir üzvü sənədi dəstəkləməyib.

Sənəd Azərbaycanın Vilnüsdəki səfirliyinə təqdim olunub.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Ancaq Bakıda rəsmi qurumlar bəyan ediblər ki, jurnalist sərhəddə saxlanıb və bunu siyasiləşdirmək düzgün deyil.

Jurnalist N.Əmiraslanov isə bu il mayın 22-də polisin əmrinə tabe olmamaqda günahlandırılaraq Qazax rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.

Vəkilləri ona işgəncə verildiyini, ağzındakı dişlərinin töküldüyünü iddia edir. Ancaq o, hökmdən şikayət verməkdən imtina edərək, Gəncə Apellyasiya Məhkəməsində dişlərinin, sadəcə, düşdüyünü bildirib.

Müdafiə tərəfi jurnalistin qorxudulduğunu düşünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG