Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:35

Həsən Kərimovun həyat yoldaşı prokurorluqda dindirilib


AXCP üzvü Almaz Rəhimova iyunun 13-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib. O, AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının işi üzrə ifadə verib.

G.Bayramlı Gürcüstandan qayıdarkən Qazaxdakı «Sınıq körpü» gömrük-buraxılış məntəqəsində saxlanılıb. Həmin vaxt A.Rəhimova da Gözəl Bayramlı ilə birlikdə olub.

A.Rəhimova AzadlıqRadiosuna bildirib ki, təxminən üç saat davam edən dindirmə zamanı müstəntiq Gürcüstana səfərin məqsədi, orada kimlərlə görüşdüklərini soruşub.

A.Rəhimova deyir ki, həm özü, həm də G.Bayramlı Gürcüstana müayinə və müalicə məqsədilə gediblər, prokurorluqda da bu haqda ətraflı danışıb.

«Həmçinin, son dövrlərdə Gürcüstanın paytaxtı Tbilisidə müayinə və müalicə olunduğumu sübut edən tibbi sənədləri də təqdim etdim», – A.Rəhimova bildirib.

XATIRLATMA

Almaz Rəhimova AXCP sədrinin birinci müavini, 2015-ci ilin noyabrında dünyasını dəyişmiş Həsən Kərimovun həyat yoldaşıdır. H.Kərimov vaxtilə Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Gözəl Bayramlı mayın 25-də saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində onun barəsində CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail rayon Məhkəməsinin qərarı ilə ilkin istintaq dövrü üçün onun haqqında üç aylıq həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

AXCP sədri Əli Kərimli isə G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirmişdi. Ə.Kərimli vurğulayırdı ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG