Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 22:50

Əfqan Muxtarlı işi üzrə Tbilisidə 200 nəfər dindirilib


Jurnalistin xanımı gürcü polisinin apardığı təhqiqatdan narazılığını ifadə edib.

Gürcüstanda jurnalist Əfqan Muxtarlının saxlanması ilə bağlı açılan cinayət işi üzrə araşdırmalar davam edir. Gürcüstan müstəntiqlərinin 200-dən artıq şəxsi dindirdiyi deyilir.

Bunu həbsdəki jurnalistin xanımı Leyla Mustafayeva bildirib. Onun deməsinə görə, Ə.Muxtarlının Gürcüstandakı vəkillərini cinayət işini araşdıran müstəntiqlər qəbul ediblər.

«Müstəntiqlər vəkillərə bildiriblər ki, 200-ə yaxın insan dindirilib. Lakin dindirilənlər hadisədən xəbərsiz şəxslərdir. Polis 30 videogörüntü üzə çıxarıb. Ancaq həmin videolarda Əfqan Muxtarlının oğurlanmasına aid, demək olar ki, hər hansı bir görüntü yoxdur», - Mustafayeva bildirib.

Jurnalistin xanımı gürcü polisinin apardığı təhqiqatdan narazılığını ifadə edib. Onun fikrincə, təhqiqat Ə.Muxtarlının oğurlanmasının araşdırılmasına yox, ört-basdır edilməsinə yönəlib.

«Azərbaycan tərəfinin də bu hadisəni araşdıracağına heç bir ümidim yoxdur. Onlar bunun ancaq imitasiyasını apara bilər», - L.Mustafayeva bildirib.

O, Gürcüstan hökumətinin beynəlxalq qurumların, ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin bəyanatlarına məhəl qoymadığını ifadə edib.

Gürcüstan baş naziri və daxili işlər nazir isə istintaqdan narazılığı düzgün saymırlar. Onlar deyiblər ki, istintaq bitmədən yanlış nəticələr çıxarmaq düzgün olmazdı.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-da saxlanıb. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Jurnalistin üzərindən 10 min avro pul tapıldığı iddia olunur. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq Ə.Muxtarlı məhkəmədə bu iddiaları yalanlayıb. O deyib ki, Tbilisidə saxlanıb, tutulanda işgəncəyə məruz qalıb, sərhəddə isə cibinə zorla 10 min avro qoyulub.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG