Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:03

NASA Aya və Marsa uçacaq ilk 12 astronavtı təqdim edib


NASA astronavt seçimində iştirak edən azı 18 min amerikalının arasından 5 kişi və 7 qadını seçib. Seçimdə iştirak etmək üçün rekord sayda adam müraciət edib - 18353 nəfər! Bundan əvvəlki rekord 1978-ci ilə aiddir. O zaman astronavt olmaq üçün cəmi 8000 nəfər müraciət etmişdi.

İyunun 7-də NASA 2017-ci ilin yeni astronavt qrupunu elan edib. Agentlik bu münasibətlə Hyustonda yerləşən Kosmik Mərkəzdə bayram mərasimi təşkil edib.

Mərasim zamanı NASA rəhbərinin səlahiyyətlərini icra edən Robert Lightfoot deyib ki, astronavt olmaq üçün iştirakçıların arasından Amerikanın ən yaxşıları seçilib.

NASA-nın keçirdiyi mərasimdə ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) də iştirak edib. «Bizim əlimizə kosmosa, Aydan da uzağa uçmaq, Marsa çatmaq imkanı düşüb. ...Siz bizim ölkəmizi Aya qaytara bilərsiniz. Siz Marsa gedən ilk adamlar ola bilərsiniz. Yaxud da siz daha uzaqlara, bizim yalnız xəyalımıza gətirə biləcəyimiz yerlərə gedib çıxa bilərsiniz», deyə vitse-prezident Pens bəyan edib.

NASA-nın Qırmızı planetə göndəriləcək elmi ekspedisiyada iştirak etmək üçün seçdiyi bəxti gətirənlərin arasında müxtəlif peşə sahibləri, mühəndislər, mexaniklər və müxtəlif elm sahələrini təmsil edən alimlər var.

Ancaq əsas iş hələ qabaqdadır: yeni seçilmiş namizədlər hələ tam astronavt ola bilməyəcəklər. Onları qarşıda iki illik ciddi hazırlıq prosesi gözləyir. Astronavtların hazırlığına 2017-ci ilin avqustundan başlanılacaq. Hazırlıq ən müxtəlif sahələri əhatə edəcək və çox gərgin keçəcək.

Məsələn, yeni namizədlər Beynəlxalq Kosmik Stansiya (ISS) və onun çoxsaylı sistemləri haqqında hər şeyi öyrənəcəklər. Onlar NASA-nın Hyuston şəhərində yerləşən Johnson adına Kosmik Mərkəzindəki (JSC) nəhəng üzgüçülük hovuzunda açıq kosmosa çıxmağı məşq edəcəklər. Astronavtlığa namizədlər həmçinin stansiyaya gələn kosmik gəmilərin kosmik laboratoriyanın robot qolu vasitəsilə saxlanmasını simulyasiya edəcəklər.

100 milyard dollarlıq Beynəlxalq Kosmik Stansiya layihəsində NASA-nın əsas tərəfdaşı Rusiyanın federal kosmik agentliyidir. Bu səbəbən astronavtlığa namizədlər rus dilini də öyrənəcəklər. Bundan başqa onlara T-38 supersonik qırıcı təyyarələri idarə etmək öyrədiləcək. NASA rəsmilərinin sözlərinə görə bu, yeni astronavtların kosmik gəmini idarə etməyin çətinliklərinə öyrəşməsi üçündür.

Bütün bu hazırlıqlar başa çatandan sonra uçuşlara göndərilmək üçün növbəyə dayanacaqlar. Hazırda NASA-nın 44 fəaliyyətdə olan və ya uçuşa yararlı astronavtdan ibarət astronavt korpusu var. 2017-ci ilin astronavt qrupu öz növbəsini gözlədiyi zaman Johnson Kosmik Mərkəzinin Astronavt Ofisində "texniki vəzifələri" yerinə yetirəcək.

"Texniki vəzifələr hazırkı missiyaları ...dəstəkləməkdən tutmuş gələcək kosmik gəmilərin hazırlanmasına dair məsləhətlərin verilməsinə qədər müxtəlif fəaliyyət növlərini əhatə edir", deyə NASA rəsmiləri bildiriblər.

Gözləmə vaxtı sona çatandan sonra 2017-ci ilin qrupunun üzvləri dörd müxtəlif kosmik gəmidən birinin heyətinə dəvət olunacaqlar: ISS, Boeingin CST-100 Starliner kapsulu, SpaceX-in Dragon kapsulu və ya NASA-nın Orion gəmisi.

"Starliner" və "Dragon"kapsulları Amerika astronavtlarını ISS-ə aparıb-gətirmək üçün hazırlanır. Boeing və SpaceX bu gəmilərin hazırlanması üçün NASA ilə dəyəri 1 milyon dollardan az olan müqavilələr imzalayıb. Özəl kapsullar tam istifadəyə veriləndə NASA-nın bu taksi xidmətləri üçün Rusiyanın "Soyuz" kosmik gəmisindən asılılığına son qoyulacaq. Həm Boeing, həm də SpaceX gəmilərini artıq gələn il buraxmağı planlaşdırırlar.

NASA-nın hazırda nəhəng "Space Launch System" (SLS) raketi ilə birlikdə üzərində işlədiyi "Orion" gəmisi astronavtları Marsa və kosmosun dərinliklərindəki başqa məkanlara aparmaq finksiyasını yerinə yetirəcək. Hələlik, "Orion" kosmosa cəmi bir dəfə olub. 2014-cü ilin dekabrında Yer ətrafında pilotsuz uçuş həyata keçirib.

SLS və "Orion"un ilk birgə uçuşunun 2019-cu ildə baş tutacağı gözlənilir. Exploration Mission 1 (EM-1) adlanan bu missiya zamanı "Orion" üç həftə ərzində Ayın ətrafında dövr edəcək. Bu uçuş da pilotsuz olacaq.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG