Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:53

'Neft pulu ilə Azərbaycanı yenidən qurmaq olardı' - Media icmalı


Bakıda neft buruğu
Bakıda neft buruğu

Ölkədə qeyri-neft sektorunun durumu, neft pullarından səmərəli istifadə edilib-edilmədiyi və hakimiyyət təmsilçilərinin xalqın qənaət rejiminə keçməsi ilə bağlı tövsiyələri bu gün (08 iyun, 2017-ci il) medianın aparıcı mövzularındandır...

««QARA QIZIL» İNSAN KAPİTALINA ÇEVRİLMƏDİ»

«Yen Müsavat» qəzetində ««Neft pulu ilə Azərbaycanı yenidən qurmaq olardı» iddiasına reaksiya» sərlövhəli məqalə oxumaq olar. .

Yazının əvvəlində deputat Əli Məsimlinin açıqlamalarına yer verilir. Həmin açıqlamada Ə.Məsimli Neft Fondunun vəsaitlərinin səmərəsiz xərcləndiyini bildirib. Deputat deyib ki, həmin vəsaitlərlə yeni bir Azərbaycan qurmaq olardı.

Ə.Məsimli vurğulayıb ki, hazırda xarici borc ümumi daxili məhsulun (ÜDM) 20 faizinə bərabərdir. Ancaq Beynəlxalq Bankın öhdəlikləri dövlətə ötürülməklə bu borc 30 faizə yüksəlir.

Deputat hesab edir ki, struktur islahatlarını dərinləşdirmək, idarəetmənin səmərəliliyini artırmaq və korrupsiyanın aradan qaldırılmasına nail olmaqla, büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər.

Deputatın bu fikirlərini dəyərləndirən iqtisadçı-ekspert Qubad İbadoğlu isə deyib ki, indiyə kimi neftdən gələn vəsaitlər 135 milyard dollar təşkil edib. Onun da təxminən 100 milyard dolları xərclənib.

Q İbadoğlu da hesab edir ki, bu vəsaitlərdən daha səmərəli, daha rasional istifadə etmək olardı. Onda indi Neft Fondunda 35 milyard yox, 70 milyard dollar vəsait qalardı.

İqtisadçının fikrincə, bu 70 milyard dollar vəsait ölkənin böhrandan çıxmasından ötrü baza rolunu oynaya bilərdi

Q.İbadoğlu deyib ki, hökumətin «qara qızıl»ın insan kapitalına çevrilməsi strategiyası baş tutmayıb:

«Bu pullar real sektora yönəldilmədi, «qara qızıl»ın insan kapitalına çevrilməsi istiqamətində işlər görə bilmədik. İndi artıq, o imkanlar itirilib».

Hadı Rəcəbli
Hadı Rəcəbli

«DEPUTAT MƏMURLARI QƏNAƏTƏ ÇAĞIRMALIDIR»

«Novoye Vremya» qəzetində «Hadı Rəcəbli ünvanı səhv salır» sərlövhəli məqaləyə yer verilib.

Müəllif yazır ki, son dövrlər dövlət rəsmiləri dəfələrlə xalqa qənaət rejiminə keçməyi tövsiyə ediblər. Neftin dəyərinin kəskin aşağı düşməsi «kəmərləri sıxmaq» mövzusunu gündəmə gətirib.

Yazıda daha sonra deputat Hadı Rəcəblinin fikirlərinə yer verilir. H.Rəcəbli deyib ki, Azərbaycan böyük əmək resurslarına malik ölkədir və burada yeni iş yerləri yaradılacaq. Yazıda bu deputatın da qənaət haqda fikirləri öz əksini tapıb:

«Avropada otaqdan çıxarkən həmişə işığı söndürürlər. Ancaq bizdə isə bu məsələdə hələ də bir sovet psixologiyası qalmaqdadır. Sanki insanlar qənaət etməyə utanırlar. Biz gənclərə bu vərdişləri aşılamalıyıq».

Müəllif vurğulayır ki, deputat yeni iş yerlərinin harada olduğunu açıqlamır. Kiçik sahibkarlıq özünün ağır dövrünü yaşayır.

Yazıda bildirilir ki, imkanı olan gənclər ölkəni tərk etməyə üstünlük verir:

«Ancaq məmur övladlarının gələcəyi təmin edilib, öz ölkələrində yox, xaricdə. Onların çoxu məhz xaricdə oxuyur, müalicə olunur, işləyir və istirahət edirlər. İnandırıcı da deyil ki, onlar orada otağa girib çıxanda işığı yandırıb-söndürmək kimi istehlakçı mədəniyyəti haqda düşünsünlər...».

Müəllif hesab edir ki, indi Azərbaycan əhalisi bədxərcliyə yol verə biləcək durumda deyil. Maaşların, müavinətlərin, pensiyaların azlığı buna yol vermir:

«Ancaq H.Rəcəblinin məntiqindən belə görünür ki, vətəndaşlar ümumiyyətlə yayda kondisioner, qış vaxtı qızdırıcılardan istifadə etməməlidir. Məcburən də olsa çox şeyə qənaət etməlidir».

Müəllif yazır ki, sadə vətəndaşları qənaətə çağıran H.Rəcəbli ünvanı səhv salır:

«O israfçılıqla məşğul olan məmurları qənaətə çağırmalı idi».

İ.Əliyev Gəncə Avtomobil Zavodunda
İ.Əliyev Gəncə Avtomobil Zavodunda

QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI

«Azərbaycan» qəzetində «Azərbaycan qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçib» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, qlobal iqtisadi böhran baş verib, ancaq Azərbaycan bu böhrandan az itkilərlə çıxa bilib.

Müəllif vurğulayır ki, iqtisadi şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilməkdədir:

«Qeyri-neft sektorunun davamlı inkişafı, sahibkarlığa diqqət beynəlxalq miqyasda təqdir olunur. Bir müddət əvvəl Azərbaycan ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə, dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb».

Yazıda bu yöndə prezident İlham Əliyevdən də sitat gətirilir:

«Artıq Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir, bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1.2 milyard dollara çatıb. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artıb».

Yazıda bildirilir ki, ixracın məhsul çeşidi və coğrafiyası baxımından şaxələndirilməsi qarşıda duran vəzifələrdən biridir. Bu məqsədlə «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi istiqamətində işlər görülür.

XS
SM
MD
LG