Ukrayna Ali Radası ölkədə səhiyyə sistemini radikal dəyişdirəcək qanun layihəsini müzakirə edir.
«Biz Ukraynada səhiyyənin pulsuz olması haqda yalan danışmağa son qoymalıyıq», – deyə səhiyyə nazirinin səlahiyyətlərini icra edən Uliana Suprun təşəbbüskarı olduğu islahatları müdafiə edir.
NƏLƏR DƏYİŞƏCƏK
Yeni islahata görə, xəstəxanaların büdcələri və həkimlərin maaşları pasientlərin sayına və həkimlərlə birbaşa bağlanmış müqavilələrə görə müəyyən olunur. İslahatın nəzərdə tutduğu əsas məqamlarsa bunlardır:
- Dövlətin tam ödəyəcəyi və pasientlərin əlavə ödəniş etməli olacağı xidmətlərin siyahısı təsdiqlənəcək.
- Təcili xidmət, ilkin xidmət (ailə həkimi) və palliativ yardım xidməti (sağalmaz xəstələrə ağrıkəsici verilməsi) dövlət tamamilə öz üzərinə götürəcək.
- Tibb xidmətlərinə görə əlavə ödəniş edə bilməyənlərə subsidiyalar veriləcək.
- Ölkənin şərqindəki döyüşlərin iştirakçıları tibb xidmətlərinə görə heç bir ödəniş etməyəcəklər.
- Yeni orqan – Ukrayna Milli Səhiyyə Xidməti yaradılacaq. O, sığortaçı, tibbi xidmətlərin sifarişçisi və bu xidmətlərin icrasına nəzarət orqanı olacaq.
U.Suprun hesab edir ki, bu gün ukraynalılar vergi ödəsələr də, bunun faydasını görmürlər. Onlar həm həkimlərə, həm də dərmanlara pul xərcləməli olurlar.
İslahatın əleyhdarları isə deyirlər ki, bu dəyişikliklər tibbi xidmətlərin keyfiyyətini artırmayacaq, əksinə, çox sayda ukraynalını bu xidmətlərdən məhrum edəcək. Onların fikrincə, islahat korrupsiyaya son qoya bilməyəcək və hətta yeni bir korrupsiya orqanı yaradacaq.
HONKONQ (ÇİN)
Bəs ən uğurlu ölkələrdə səhiyyə xidməti necə işləyir? «Bloomberg» agentliyinin effektivlik indeksinə görə, bu sahədə ilk iki lider Honkonq (Çin) və Sinqapurdur.
Honkonqda tibbi sığortası və pulu olsa da, olmasa da, hər kəsin tibb xidmətlərinə çıxışı var. Həm dövlət, həm də özəl sektor tibb xidmətləri göstərir. Dövlət klinikaları çoxluq təşkil edir, özəl klinikaların sayı isə cəmi 12-dir.
Dövlət xəstəxanalarının xərclərinin yarısını dövlət, 35%-ni xəstələrin özləri ödəyir. 14%-i isə özəl sığorta və ya işəgötürənin verdiyi güzəştlər hesabına ödənilir.
Dövlətin təklif etdiyi tibbi xidmət keyfiyyətli olduğundan get-gedə daha çox insan, hətta özəl klinikaya getməyə imkanı olanlar belə, dövlət klinikalarına müraciət edir. Buna görə də, səhiyyəyə ayrılan dövlət xərcləri daim artır, həkimlərin gözləmə siyahısı isə get-gedə uzanır.
SİNQAPUR
Sinqapurda isə tibbi xidmət, əsasən, dövlətin nəzarətindədir. Dövlət insanlara müalicəyə nə qədər pul ödəməklə bağlı seçim verir.
Hər bir vətəndaş və ya yaşayış izni olan əcnəbi öz maaşının 7%-dən 9.5%-ə qədərini «Medisave» adlı xüsusi tibb hesabına saxlamalıdır. Bu hesabda saxlanan vəsait dərmanlar və xidmətlər üçün nəzərdə tutulub.
İnsanlar tibb xərclərini özləri ödəsələr də, dövlət bu işdə fəal iştirak edir. Məsələn, müəyyən dərmanlara aşağı qiymətləri təmin edir.
Dövlət klinikalarında bir neçə növ palata təklif olunur. Ayrıca hamamı və kondisioneri olan təkadamlıq palata da seçmək olar, bütün mərtəbəyə bir ayaqyolusu olan ümumi palata da. Pasient xərcləri özü ödəyir, ancaq onun özünə uyğun variantı seçmək imkanı var.
ERMƏNİSTAN VƏ QAZAXISTAN TƏCRÜBƏSİ
Ermənistanda da 2018-2019-cu illərdə icbari tibbi sığorta haqqında qanun layihəsinin işlənib hazırlanması planlaşdırılır. Qanun layihəsi 2020-ci ildə təqdim olunacaq.
Ölkənin səhiyyə naziri Levon Altunian deyib ki, indiki qiymətlər nəzərə alınsa, hər bir vətəndaş ayda 5-6 min dram (10.4 – 12.4 dollar) ödəməli olacaq. Onun sözlərinə görə, gəliri orta və ya daha yuxarı olan vətəndaşlar həm özlərini, həm də ailələrini sığortalaya biləcəklər.
Qazaxıstanda isə FSMS adlı dövlət qurumunun icbari tibbi sığorta məsələləri ilə məşğul olması nəzərdə tutulur. Plana görə, işləyən vətəndaşların sığorta xərclərini iş yerləri, işsizlərinkini isə FSMS onlardan soruşmadan, özü də artan qaydada ödəyəcək. Ancaq tənqidçilər deyirlər ki, ödənən məbləğlər «işsiz» kimi qeydiyyatdan keçmiş şəxslər üçün müxtəlif məna daşıdığından, bu yanaşma narazılığa səbəb ola bilər. Jurnalist Miras Nurmuhanbetov-un sözlərincə, icbari sığorta üçün nəzərdə tutulmuş aylıq 1414 təngə (4.5 dollar) kiminçünsə bir fincan lattenin, kiminçünsə 20 çörəyin qiymətidir. Başqa sözlə, bu məbləği ödəmək istəməyənlər də ola bilər.
AZƏRBAYCANDA
Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə bu il yanvarın 1-dən başlanılıb. Sistemin tətbiqi pilot zona olaraq, Yevlax və Mingəçevirdə gerçəkləşdirilir. İcbari tibbi sığorta sistemində çalışan həkimlərin əmək haqlarının baza hissəsi fevraldan artırılıb.
Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar bu ildən İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.
Bu zaman aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar və gündüz oxuyan tələbələrin icbari tibbi sığortası dövlət hesabına olacaq. Ancaq hələ ki, sığorta haqqının məbləği müəyyən edilməyib.
«İcbari tibbi sığorta haqqında» Qanun 2000-ci illərdə qəbul edilsə də, indiyə kimi qanunun tətbiqi müxtəlif səbəblərdən ləngiyib.