Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:34

'Bəzi banklarda sahibkarın pulları mənimsənilə bilər'


Əkrəm Həsənov
Əkrəm Həsənov

Azərbaycanın dünya enerji təhlükəsizliyinə verdiyi töhfələr, bəzi banklarda əmanətlərin geri qaytarılmaması və sahibkarların yoxlanmasına qoyulan qadağanın uzadılıb-uzadılmaması bu gün (2 iyun 2017-ci il) medianın aparıcı mövzularındandır…

ƏKSƏR BANKLAR PROBLEM İÇİNDƏDİR

«Yeni Müsavat» qəzetində «Bank sektorunda kritik durum» sərlövhəli məqalə oxumaq olar. Yazıda ölkənin bank sisteminin durumu ekspertlərlə müzakirə edilir.

Yazıda bildirilir ki, bu günlərdə Bakıda keçirilmiş «İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr» adlı konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı daha 5 problemli bankın nəzarətə götürüldüyünü açıqlayıb.

Bu mövzuda qəzetə danışan ekspert Əkrəm Həsənov R.Aslanlının konkret ad çəkməməsini şübhəli sayıb:

«Məsələn, deyir ki, 12 bankda əhəmiyyətli kapitallaşma aparılıb, bunlar hansı banklardır? Bu məlum deyil. Axı, hamı yaxşı bilir ki, belə «kapitallaşma»lar çox vaxt formal olur. Səhmdarlar guya banka əlavə pul qoyur, sonra da elə özləri kredit kimi çıxarır. Adını qoyurlar ki, səhmdarlar banka əlavə yatırım etdilər...».

Ekspert hesab edir ki, bank sistemi etimad əsasında fəaliyyət göstərməlidir:

«Palata rəhbəri deyir ki, cəmi 5 bank izləmə siyahısına daxil edilib. Bunlar hansı banklardır, məlum deyil. Amma mənim bildiyim belə bankların sayı çoxdur».

Ə.Həsənov deyib ki, həmin banklar vətəndaşların əmanətlərini qaytara bilmir. Ekspertin deməsinə görə, hətta bir xarici vətəndaşın 1 mln. dolları da qaytarılmayıb:

«Bu banklar nə bağlanan kimi bağlanır, nə də dəstək alan kimi dəstək alır. Özü də bunların sayı 5-10 deyil, daha çoxdur. Ölkədə problemli kreditlərin artmamasının səbəbi odur ki, kredit verilmir. Amma Palata prezidentin və xalqın gözündən pərdə asmaq istədiyi üçün onları müflis elan etməyəcək».

Ə.Həsənov vurğulayır ki, əksinə, bağlanmalı olan bankların belə saxlanması sahibkar və hüquqi şəxslərin pullarının mənimsənilməsi təhlükəsi yaradır.

Supermarket
Supermarket

SAHİBKARLARIN YOXLANILMASININ DAYANDIRILMASININ XEYRİ VƏ ZİYANI...

«Exo» qəzetində «Azərbaycanda istehlakçılar sahibkarlardan şikayətçi deyillər» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, 2016-cı ildən sahibkarların yoxlanılmasına qoyulan moratorium ölkədə biznes mühitin yaxşılaşmasına xidmət edib. Ancaq bu, bəzi məsuliyyətsiz sahibkarların istehlakçıların hüquqlarını pozmasına da yol açıb. Ekspert Fuad Əlizadə mövzunu qəzetə belə dəyərləndirib:

«Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılmasına qoyulan qadağadan sonra biznesdə pozuntular artır. Əhali şikayət edir ki, son vaxtlar əmtəə və xidmətlərin səviyyəsi enib. İstehlakçı hüquqlarının pozulması və onların aldadılması halları çoxalıb».

Ekspert hesab edir ki, dövlət başçısının verdiyi bu imtiyazdan bəzi iş adamları sui-istifadə edirlər. Ancaq o düşünür ki, bütün hallarda əsassız yoxlamalara imkan vermək düzgün deyil.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirib ki, istehlakçı hüquqlarının pozulması halları artmaqdadır:

«İstehlakçıların Birliyə müraciətləri artıb. Azərbaycanın daxili bazarında vaxtıkeçmiş, keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli malların həcmi artıb».

Qurum rəhbəri deyib ki, məmurlar bu sahədə öz bacarıqsızlıqlarını prezidentin sahibkarlıq fəaliyyətinin yoxlanılmasına qadağa qoyulması ilə bağlı verdiyi sərəncamla əsaslandırmaq istəyirlər. E.Hüseynov deyir ki, istehlakçıların hüquqlarını pozan sahibkarı məhkəmə yolu ilə də yerində oturtmaq olar.

İlham Əliyev
İlham Əliyev

BÜTÜN DÜNYAYA FAYDALI

«Azərbaycan» qəzetində «Azərbaycanın enerji siyasəti ölkəmiz və bütöv region üçün böyük faydalar verir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycanın zəngin təbii ehtiyatları onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir:

«Enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə ölkənin bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir».

Müəllif hesab edir ki, Azərbaycanın enerji siyasəti istər ölkə, istər regiondan ötrü böyük əhəmiyyət kəsb edir. Bu, eyni zamanda ölkənin beynəlxalq mövqelərini gücləndirir:

«Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin edib, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib».

Yazıda bildirilir ki, Azərbaycan neftlə yanaşı, böyük qaz hasilatçısına çevrilməkdədir. «Şahdəniz» yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir.

Müəllif vurğulayır ki, Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Azərbaycan Avropa ölkələrini də mavi yanacaqla təmin edəcək.

XS
SM
MD
LG