Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 09:18

Ekspert: 'İslahatlar imitasiya edilir'


Banan

Azərbaycan Ordusunun durumu, yüngül sənaye sahəsində itirilmiş imkanlar və monopoliya bu gün (1 iyun, 2017-ci il) medianın aparıcı mövzularındandır…

MONOPOLİYANIN GERİ DÖNÜŞÜ…

«Yeni Müsavat» qəzetində «Monopoliyanın geri dönüşü-nə baş verdi ki…» sərlövhəli məqalə oxumaq olar.

Yazıda ölkə bazarlarında bahalığın səbəbləri ekspertlərlə müzakirə edilir.

Müəllif yazır ki, mart ayından bəri ölkədə bananın satış qiyməti 3 manat 50 qəpiyə qalxıb. Halbuki, 2016-cı ildə bananın qiyməti 1.25-1.30 civarında idi.

İqtisadçı-ekspert Qubad İbadoğlu qəzetə deyib ki, banan xarici ölkələrlə müqayisədə Azərbaycanda çox bahadır:

«Müqayisə üçün deyək ki, əməkhaqqı və xidmət haqlarının yüksək olduğu ABŞ-da bananın 1 kiloqramı 2 manat 21 qəpiyə, Almaniyada 2 manat 47 qəpiyədir. Azərbaycan bazarlarında ən aşağı sort bananın hətta ABŞ və Almaniyadan da baha satılması monopoliyanın əvvəlki vəziyyətə qayıtmasının və islahatların imitasiyasının ən bariz nümunəsi sayıla bilər».

Başqa bir iqtisadçı Natiq Cəfərli isə deyib ki, ölkəyə banan gətirilməsi sırf monopoliyaya alınıb:

«Ötən ilin eyni dövründə Azərbaycan gömrüyündə kiloqramı 91.3 sentə rəsmiləşdirilən banan indi daha aşağı qiymətə - 77.5 sentə (1 manat 30 qəpik) bəyan edilir. Martdan bəri ölkədə bananın satış qiyməti ortalama 3 manat 50 qəpiyə qalxıb. Hazırda bananı, eləcə də digər sitrus meyvələrini Azərbaycana bir şirkət gətirir. Yəni, rəqabət yoxdur…».

Tekstil fabriki
Tekstil fabriki

YÜNGÜL SƏNAYENİN «AĞIR» GÜNÜ

«Exo» qəzetində «Yüngül sənaye: Azərbaycan çox şeyi boş buraxıb, amma yerini doldurmaq olar» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, indi ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet sayılır. Bundan ötrü də kifayət qədər şərait və resurs var.

Müəllifə görə, bu istiqamətdə əsas hədəflərdən biri də yüngül sənayenin inkişafı ola bilər:

«Yüngül sənaye sahəsində fəaliyyət göstərən zavodlar, etibarlı xammal bazası milli ticarət markası altında malların çeşidlərini artırmağa imkan verir».

İqtisadçı Seyfəl Əliyev isə deyib ki, SSRİ-nin yıxılması ilə yüngül sənaye bazarı əldən verilib. İndi bu bazara girmək çox çətindir:

«Ancaq bununla belə, postsovet məkanında bir çox ölkələr yüngül sənayeni inkişaf etdirdilər. Hesab edirəm ki, kiçik və orta biznesi inkişaf etdirmək yolu ilə yüngül sənayedə irəliyə getmək mümkündür».

Ekspert Nəriman Ağayev də düşünür ki, Azərbaycan bu sahəni inkişaf etdirmək baxımından çox zaman itirib:

«Yerli iş adamları bu sahəyə pul qoymağa tələsmir. Çünki indiki halda işadamı Çinə gedərək aşağı qiymətlə ayaqqabı sifariş edib, Azərbaycana gətirib satmaqla heç nə uduzmur».

N.Ağayev deyib ki, Azərbaycan xaricə dəri göndərir. Əgər məhsul ölkə daxilində istehsal olunsaydı, bu daha sərfəli olardı.

Ekspertə görə, ölkə yaxın vaxtlarda bu bazarda mövqeyini gücləndirə bilər. Bundan ötrü keyfiyyətli və ucuz məhsullar istehsal edilməlidir.

Yazıda bildirilir ki, son vaxtlar ölkədə toxuculuq sənayesinin inkişafından ötrü xammal bazası yaradılır. Fermerlərə çoxtərəfli dəstək verilir, bəzi bitkilərin sahələri artırılır...

Bakıda hərbi parad
Bakıda hərbi parad

REGİONUN ƏN GÜCLÜSÜ - AZƏRBAYCAN ORDUSU

«Azərbaycan» qəzetində dərc edilən «Hər şey qələbə üçün» sərlövhəli məqalədə ordu quruculuğu prosesi dəyərləndirilir.

Müəllif yazır ki, ordunun varlığı dövlətin varlığının təminatçısıdır:

«Arxada qalan əsrin dörddə biri qədər zaman kəsiyində enişli-yoxuşlu, keşməkeşli, əzabla, ağrı-acılarla birlikdə şərəfli və şanlı dirçəliş yolu keçmişik. Bu yolda tufanlara düşmüşük, ölüm-qalım savaşına qatılmışıq, şəhidlərimiz olub, qurbanlar vermişik. Azadlıq, müstəqillik uğrunda mücadilədə tökülən al qanlardan rəng alan bayrağımızı enməyə qoymamışıq».

Müəllifin düşüncəsinə görə, ordu quruculuğunda keçmiş prezident Heydər Əliyevin böyük xidmətləri olub:

«Müstəqil dövlətin var olması, xalqın azad və firavan yaşaması üçün milli ordu əsas şərtdir. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətində bu məsələyə böyük önəm verir, güclü, qüdrətli bir ordu yaratmağa uğurla nail olurdu».

Müəllif hesab edir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü, ən qüdrətli, modern ordusudur. Onun Bütün Qafqazda qarşısında dura biləcək güc yoxdur.

Yazıda vurğulanır ki, H.Əliyevin gördüyü işləri prezident İlham Əliyev də uğurla davam etdirir:

«Bu siyasət sayəsində dövlətimizin iqtisadi inkişafı dönməz xarakter almışdır. Dünyanı iqtisadi böhranlar bürüsə də, iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir. Gücümüz aydan-aya, ildən-ilə artır. Təbii ki, dövlətin qüdrəti ordunun maddi-texniki bazasını da tənzimləyir».

Günün bütün mövzuları

XS
SM
MD
LG