Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:00

İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərindən razıdır


Görüş

«ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır».

Bu gün, mayın 31-i ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini xanım Robin Dunnigan-ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev belə deyib.

R.Dunnigan görüşdən öncə Bakıda keçirilən XXIV Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasiminə qatılıb.

İ.Əliyev görüş zamanı ABŞ-Azərbaycan əməkdaşlığının yaxşı tarixə malik olduğunu söyləyib. O, Bakı-Tbilisi-Ceyhan və «Cənub Qaz Dəhlizi» layihəsinə ABŞ hökumətinin həmişə güclü dəstək verdiyini qeyd edib.

«Bugünkü sərgiyə ABŞ prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, yeni administrasiya da bu layihəyə sadiqdir. Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir», - İ.Əliyev bildirib.

O, «Cənub Qaz Dəhlizi» layihəsinin çox önəmli olduğunu vurğulayıb:

«Azərbaycan neft və qaz sənayesinin inkişafında yeni səhifə açır. Bütün lazımi infrastruktur, peşəkar heyətlər hazırdır. Beləliklə, qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də prezident Trump-ın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk».

Robin Dunnigan isə İlham Əliyevə həm enerji sahəsində əməkdaşlığa, həm də Azərbaycanın regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə verdiyi dəstəyə görə minnətdarlıq edib.

«Mənim bu sərgidə iştirakım bizim təkcə enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlığımızın davam etdirilməsinə, «Cənub Qaz Dəhlizi»nin reallaşması istiqamətində birgə işimizə sadiqliyimizin çox aydın göstəricisidir», - R.Dunnigan bildirib.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrinin müzakirə edildiyi bildirilir.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG