Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:58

'Daha 5 bank bağlana bilər'


Dollar
Dollar

XXIV Beynəlxalq Xəzər Neft-Qaz Sərgi, daha beş bankın başının üstünü qara bulud alması, kiçik və orta biznesə təhlükə bu gün (31 may, 2017-ci il) medianın aparıcı mövzularındandır…

«MƏRKƏZİ BANKIN SİYASƏTİ İLƏ MALİYYƏ BÖHRANINA GƏLİB ÇIXMIŞIQ»

«Novoye Vremya» qəzetində «Daha beş bank bağlanmaq həddindədir» sərlövhəli məqalə oxumaq olar. Yazıda ölkənin bank sektorunun durumu belə təhlil edilir:

«Bu gün bank sektoru dərin böhran keçirir, zərər daim artır. Bu durumda «yaşamağı» bacarmış banklar filialları, işçiləri azaldır, xərcləri optimallaşdırmağa və itkiləri azaltmağa səy göstərir».

Yazıda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbəri Rüfət Aslanlının fikirlərinə də yer verilir. R.Aslanlı bu günlər bildirib ki, problemli kapitala malik beş bank xüsusi nəzarətə götürülüb.

Müəllif isə hesab edir ki, bankların bu duruma düşməsinə görə bir tərəfdən Mərkəzi Bank, digər tərəfdən isə MBNP məsuliyyət daşıyır.

Yazıda bildirilir ki, Beynəlxalq Bank öhdəliklərini yerinə yetirə bilmir. Ötən il 11 bank bağlanıb.

Müəllifin gəldiyi nəticəyə görə, nəzarətə götürülən 5 bank da yaxın vaxtlarda bağlanacaq.

Müəllifə görə, ölkədə bank sektoruna ayrıca bir ada kimi baxmaq düzgün deyil. Bank sektorunun problemləri ölkə iqtisadiyyatının problemləri kimi qavranmalıdır. Çünki iqtisadiyyata banklar vasitəsilə dəstək verilir.

Yazıda vurğulanır ki, bankların özü də ölkə iqtisadiyyatından bəhrələnir:

«Onlar bir-birinə bağlıdır. Çünki kredit qoyan iqtisadiyyat özüdür. Məhz iqtisadiyyat banklara stimul verir. Beləliklə biz Mərkəzi Bankın siyasəti ilə əsl maliyyə böhranına gəlib çıxmışıq. Dünya bazarında isə neftin qiyməti bəzi investorların gözləntilərinin əksinə, hələ də dəyər itirməkdədir. Neftin kəskin şəkildə bahalaşacağına bəslənən ümidlər özünü doğrultmur».

Biznes
Biznes

KİÇİK VƏ ORTA BİZNESƏ TƏHLÜKƏ

«Exo» qəzetində «Azərbaycanda orta və kiçik biznesə təhlükə» sərlövhəli məqalə diqqət çəkir.

Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə dəyərləndirib:

«Azərbaycanın biznes-seqmentinə xarici valyuta çatışmır, iqtisadiyyat isə xarici valyuta olmadan inkişaf edə bilməz. Çünki təəssüf ki, biz idxaldan asılı ölkəyik. 2017-ci ilin yanvarında ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın valyuta bazarı kəskin şəkildə azalıb. Bu meyl davam edərsə, ilk növbədə orta və kiçik biznes üzərində təhlükə yaranar. Bazar valyuta və ilk növbədə də dollar tələb edir. Dövriyyədə nə qədər az pul olarsa, durum o qədər pis olar».

N.Ağayev deyib ki, valyuta bazarının kiçilməsi iqtisadiyyatın inkişafının dayanmasına səbəb olacaq. Artıq son məlumatlara görə, Rusiya ilə mal dövriyyəsində enmələr müşahidə edilir. Digər tərəfdaşlarla da münasibətdə belə tablo yaranır.

Yazıda vurğulanır ki, belə bir durumun yaranmasına görə Mərkəzi Bank məsuliyyət daşıyır:

«Bu manatın devalvasiyanın nəticəsi deyil. Düzdür, manatın devalvasiyası öz rolunu oynayıb, amma bu, əsas səbəb deyil. Bu, hər şeydən öncə Mərkəzi Bankın «xidməti»dir ki, yüksək tələbat üzündən dolları bazardan yığışdırıb. Dollar çatışmazlığı isə nəinki xarici, hətta yerli sahibkarları Azərbaycan bazarını tərk etməyə vadar edir».

N.Ağayev vurğulayıb ki, bu məsələ bir az da belə davam edərsə, biznes-seqment Azərbaycan bazarına marağı itirəcək.

Yazıda bildirilir ki, son vaxtlar Mərkəzi Bank, az da olsa, valyuta ehtiyatlarını artırıb. Ancaq bu artım, əvvəlki illərdə itirilənlərlə müqayisədə çox kiçikdir.

«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994
«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994

HEYDƏR ƏLİYEVİN QOYDUĞU TƏMƏL

«Azərbaycan» qəzetində «Təməli Heydər Əliyev tərəfindən qoyulan möhkəm əməkdaşlıq platforması» sərlövhəli məqalədə Azərbaycanda müntəzəm şəkildə keçirilən neft-qaz sərgilərinin əhəmiyyətindən bəhs edilir.

Yazıda bildirilir ki, bu gün, mayın 31-i Bakıda Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir olan XXIV Beynəlxalq Xəzər Neft-Qaz Sərgi və konfransı öz işinə başlayır.

Müəllif xatırladır ki, Bakıda ilk belə sərgi 1994-cü ilin mayında, «Azəri-Çıraq-Günəşli» yataqlarının tammiqyaslı işlənməsi sazişinin imzalanmasından cəmi bir neçə ay öncə keçirilib:

«O dövrdə Azərbaycan riskli ölkə kimi tanınırdı. Odur ki, burada belə bir tədbirin keçirilməsinin özü çətin məsələ idi. Lakin sərginin keçirilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü idi. O, məhz ümummilli liderin böyük təşkilatçılığı və dünyadakı siyasi nüfuzu sayəsində baş tutdu».

Yazıda bildirilir ki, həmin vaxtdan bu yana Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ardıcıl, hər il keçirilir. Təkcə regionun deyil, bütün dünyanın neft-qaz sektorunda çalışan aparıcı şirkət və mütəxəssisləri sərginin işinə qatılır.

Yazıda vurğulanır ki, ötən 23 il ərzində Xəzər Neft-Qaz Sərgisi öz forma və məzmununu zənginləşdirib. İndi hər il sərgi ilə yanaşı, eyniadlı konfrans da keçirilir. Bu konfranslarda beynəlxalq neft-qaz aləmində baş verən ən ümdə məsələlər müzakirə olunur.

XS
SM
MD
LG