Keçid linkləri

2024, 13 İyun, Cümə axşamı, Bakı vaxtı 04:38

Ekspert: 'Bank sektorunda yeni bir şok dalğası qaçılmazdır'


Aeroport
Aeroport

Azərbaycanın tolerantlıq ənənələri, problemli kreditlərin səviyyəsi və insanların ölkəni tərk etməsinin səbəbləri bu gün (26 may, 2017-ci il) medianın aparıcı mövzularındandır…

İNSANLAR AZƏRBAYCANDAN NİYƏ GEDİR

«Exo» qəzetində «Həqiqətən, hər il minlərlə Azərbaycan vətəndaşı ölkəni tərk edir...» sərlövhəli məqalə oxumaq olar.

Yazıda miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun düşüncələrinə yer verilib.

«Hər il minlərlə Azərbaycan vətəndaşı «yaxşı yaşamaq» məqsədilə ölkəni tərk edir. Müəyyən insan qrupu var ki, ölkəni uzun müddətə tərk etsələr də, Azərbaycan vətəndaşlığından imtina etmirlər. İnsanları buna daha yaxşı həyat axtarışı vadar edir», - deyə o vurğulayır.

Ekspert deyib ki, daha bir qrup insan ölkəni təhsil almaq məqsədilə tərk edir. Təhsillərini başa vurduqdan sonra oraların bəziləri geri qayıtmırlar.

A.Allahverənov ABŞ-da yaşamaq hüququ verən «Green Card-2018»in nəticələrinə də istinad edir. Ekspert vurğulayır ki, onların bəziləri heç də imkansız şəxslər deyillər:

«Bu bir daha göstərir ki, insanların ölkələrini tərk etmələrinə yeganə səbəb heç də iqtisadi durum deyil. Azərbaycan vətəndaşları miqrasiya proseslərində kifayət qədər dinamik iştirak edirlər».

Ekspert vurğulayır ki, əməkçi miqrantlar daha çox Avropa ölkələrinə üz tuturlar.

A.Allahverənov bildirir ki, gedənlərin arasında yüksəksəviyyəli mütəxəssislər də var. Bu isə artıq ölkədən «beyin axını» deməkdir.

Ekspertin düşüncəsinə görə, bu amil təkcə Azərbaycanda yox, MDB ölkələrində gələcəkdə mütəxəssis problemi meydana çıxara bilər.

R.Həsənov
R.Həsənov

«10 BANK BAĞLANA BİLƏR»

«Yeni Müsavat» qəzetində «10-a yaxın bank bağlana bilər...» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkədəki bank sektorunun durumu ekspert Rəşad Həsənovla dəyərləndirilir.

Müəllif yazır ki, iki il öncə manatın devalvasiyası ilə gündəmə gələn problemli kreditlər mövzusu hələ də aktuallığını qoruyur. Üstəlik, problem getdikcə dərinləşməkdədir.

Yazıda bildirilir ki, rəsmi məlumatlara görə, artıq geri dönüşü çətin olan kreditlərin həcmi 1.5 milyard manatı ötüb.

Müəllif hesab edir ki, bir tərəfdən hökumətin bu durumu dəyişməkdən ötrü heç bir addım atmaması, digər tərəfdən əhalinin gəlirlərinin getdikcə azalması vəziyyəti çıxılmaz hala salır. Ekspert R.Həsənov durumu qəzetə belə şərh edib:

«Problemli kreditlərin səviyyəsi rəsmi rəqəmlərdə əks olunandan daha çoxdur. Rəsmi rəqəmlərdə 2017-ci ilin may ayının əvvəlinə görə, 10.2 faiz problemli kredit göstərilir. Bu da təxminən 1.6 milyard dollar deməkdir. Halbuki, bu, 25 faizdən yuxarıdır, bəzi banklarda isə vəziyyət çox ciddidir».

R.Həsənov hesab edir ki, hökumət problemli kreditlərin real həcmini gizlədir. Onun deməsinə görə, oxşar situasiya Beynəlxalq Bankda da müşahidə edilir:

«Son iki ildə Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində müəyyən addımlar atılsa və milyardlarla vəsait ayrılsa da, əvəzində bu bank defoltla üzləşdi».

R.Həsənov hesab edir ki, problemli kreditlərlə bağlı yaxın bir ildə ölkənin təxminən 10-dan artıq bankının bağlanma ehtimalı var.

Ekspert vurğulayıb ki, bankların gəlirləri də aşağı düşüb:

«Çünki bankların gəlir mənbəyi məhz kredit faizləri idi. Kreditləşmə prosesi dayanıb. Belə olan halda növbəti bir ildə bank sektorunda yeni bir şok dalğası qaçılmazdır».

Bakı məscidində namaz
Bakı məscidində namaz

DİNİ HƏMRƏYLİK MODELİ - AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli» sərlövhəli məqalə dərc edilib. Yazıda ötən həftə terrorçuluq və dini ekstremizmlə mübarizə ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilmiş Ərəb-İslam-Amerika sammitindən bəhs edilir.

Müəllif hesab edir ki, dünya birliyinin indi heç zaman olmadığı kimi həmrəyliyə ehtiyacı yaranıb.

Yazıda bildirilir ki, ABŞ prezidenti Donald Trump ekstremizmlə mübarizədə bütün qüvvələri birləşməyə səsləyib.O deyib ki, bu sahədə mübarizə müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında gedir. Şərə qalib gəlməkdən ötrü səylərin birləşdirilməsi vacibdir.

Müəllif vurğulayır ki, sammitdə çıxış edən İslam ölkələrinin liderləri də artıq qlobal xarakter alan terror hücumlarına qarşı birgə mübarizənin vacibliyinə toxunublar.

Müəllifə görə, müxtəlif ölkələrin dövlət-din məsələlərinin tənzimlənməsində Azərbaycan uğurlu bir model rolunu oynaya bilər. 2017-ci il Azərbaycanda «İslam həmrəyliyi ili» elan edilib.

XS
SM
MD
LG