Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:58

Neft 25 dollara düşəcək və… dünya cənnət olacaq


CNBC şəbəkəsinin saytında Oriel Morrison yazır ki, qarşıdan gələn onillikdə “qlobal tərəzinin gözü və qüvvələr balansı dəyişəcək”.

Müstəqil RethinkX analitik mərkəzi isə əmindir ki, bu dəyişikliyi özünüsürən avtomobillər yaradacaq.

Mərkəzin həmtəsisçilərindən Stanford Universitetinin iqtisad professoru Tony Seba deyir ki, özü özünü sürən avtomobillərin artması neftə tələbatı kəskin endirəcək və bir barrelin qiyməti 25 dollara enəndən sonra neft hasilatçısı olan ölkələrin indiki siyasi və maliyyə qüdrəti də olmayacaq.

Teslanın Çində satdığı elektrik avtomobilləri
Teslanın Çində satdığı elektrik avtomobilləri

Seba deyir ki, neftə olan tələbat 2020-2021-ci illərdə pik nöqtəsinə çatacaq, daha sonra, onca ilin içində bu tələbat 100 milyon barrelə, 70 milyon barrelə enəcək. Bu o deməkdir ki, neftin “yeni normal qiyməti” bir barrel üçün 25 dollar olacaq. Belə qiymətlə rəqabət aparmağın mənası qalmır.

Nefti dərin sulardan, qumlardan, şistdən çıxarmaq lazım gələcək. Belə olduqda neft emalı zavodlarının, kəmərlərin də əhəmiyyəti qalmayacaq.

Seba deyir ki, “bu, bizim maşın sürməyi tərgitməyimiz mənasına gəlmir. Çünki sözü gedən müddətdə özünüsürən elektrik avtomobilləri üstünlük təşkil edəcək. Bu elektrik avtomobillərinin qiymətləri də xeyli ucuzlaşacaq”.

Ekspertin fikrincə, robot maşınları saxlamaq 10 dəfə ucuz başa gələcək.

Sebanın fikrincə, yollardakı avtomobillərin sayı da azalacaq, çünki onlardan daha rentabelli istifadə olunacaq. 8 ildən sonra dünyanın heç bir ölkəsində benzin və ya dizellə işləyən avtomobil və ya avtobusları satan tapılmayacaq.

İnsan amili, daha doğrusu insanın səhvi amili aradan qalxandan sonra sığortanın da qiyməti ucuzlaşacaq.

Özünüsürən elektrik maşınları yeni infrastruktur, yeni iş yerləri və deməli yeni investisiyalar deməkdir.

Ekspert bildirir ki, bütün bunların iqtisadi artıma yalnız xeyri olacaq. Çünki bir xeyli pula qənaət edən ailələr daha böyük alıcılıq qabiliyyətinə malik olacaqlar. Sebanın hesablamalarına görə dəyişikliklər təkcə ABŞ-da ÜDM-ə 1 trilyon dollar əlavə edəcək.

Seba belə proqnioz verən yeganə alim deyil. Hərçənd başqaları düşünürlər ki, sözü gedən dəyişikliklərə bir qədər çox vaxt lazım gələcək və bu dəyişikliklər deyildiyi qədər də dramatik olmayacaq.

Elektrik avtomobillərinin sürəti də getdikcə artacaq
Elektrik avtomobillərinin sürəti də getdikcə artacaq

Amma bununla belə, indi neft bazarının ən çox güvəndiyi Çin və Hindistanda da elektrik avtomobillərinə maraq sürətlə artır.

Çin 2025-ci ilədək bütün avtomobil parkının 20 faizinin benzin-elektrik hibrid maşınlarının təşkil etməsini istəyir. Hindistan isə 2032-ci ilədək bütün avtomobil parkının elektrikləşdirilməsi niyyətindədir.

Amma həmişə nikbin proqnozlara pəl qoyanlar da tapılır. Bunlar əlbəttə ki, əsasən neft nəhəngləridir.

ExxonMobil və BP-nin proqnozlarına görə elektrik avtomobilləri 2035-ci ilədək bütün avtoparkın cəmi 10 faizini təşkil edəcək.

Amma burası da var ki, neft nəhənglərindən fərqli olaraq, avtomobil nəhəngləri gələcəyə fərqli baxırlar.

Ford, GM, Toyota və Tesla öz istehsallarında əsas diqqəti elektrik avtomobillərinə yönəldirlər.

Oriel Morrison yazır ki, köklü dəyişikliklərin olacağını hamı, hətta ümidini neftə bağlayanlar da etiraf edirlər. Fikir ixtilafı yalnız bunun nə qədər müddətdə baş verəcəyindədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG