Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:54

'Birdən-birə dolların məzənnəsini qaldırmaq daha ciddi fəsadlar doğurar'


Bank
Bank

Beynəlxalq Xəzər neft-qaz sərgilərinin əhəmiyyəti, bankların kredit verməmələrinin səbəbləri və manatın gələcək taleyi bu gün (24 may, 2017-ci il) medianın aparıcı mövzusudur…

BANKLARIN QORXUSU VƏ...

«Exo» qəzetində «Azərbaycan bankları daha kredit kartları «paylamırlar»» sərlövhəli məqalə oxumaq olar.

Yazıda bank sektorundakı durum ekspert Əkrəm Həsənovla dəyərləndirilir.

«Gəlirlərinin azalması üzündən Azərbaycan əhalisinin kredit kartlarına tələbatı var. Amma maliyyə institutları bu kartları vermirlər. Aydındır ki, banklar bu barədə açıq danışmırlar, amma praktiki olaraq kart verilməsini dayandırıblar»,-deyə ekspert vurğulayıb.

Ə.Həsənovun fikrincə, banklar kreditləri manatla yox, dollarla vermək istəyirlər. Amma kreditlərin qaytarıla bilməməsi qorxusundan kartları hamıya verə bilmirlər.

Ə.Həsənov vurğulayır ki, burada Maliyyə Bazarlarına Nəzarət Palatasının kreditlərin gəliri minimum əməkhaqqının üç mislindən çox olan şəxslərə verilməsi ilə bağlı tövsiyəsinin də öz rolu var:

«Unutmaq lazım deyil ki, Azərbaycanın əksər vətəndaşlarının gəlirinin böyük hissəsi qeyri-rəsmidir, əvvəllər banklar bunu nəzərə alırdılar, amma indi almırlar».

Ə.Həsənov deyir ki, bu duruma uyğun olaraq banklar kredit verməyə qorxur, əhali isə bəzi problemlərinin həlli məqsədilə kredit götürməyə məcburdur.

Yazıda xatırladır ki, 2016-cı il yanvarın 1-də dövriyyədə 5 milyon 700 min ədəd ödəniş kartları olub. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 306 min azdır.

Müəllif hesab edir ki, azalma prosesi sonra da davam edib.

Ödəniş kartlarının əhəmiyyətli dərəcədə azalması bankların müştərilərin dairəsini daraltması ilə bağlıdır.

Yazıda vurğulanır ki, hökumətin kartlardan nağdsız hesablaşmalarda istifadə olunmasına dair tövsiyələri də nəzərə alınmır.

Natiq Cəfərli
Natiq Cəfərli

DOLLAR İLİN SONUNA BAHALANACAQ- PROQNOZ

«Yeni Müsavat» qəzetində «İslam oyunlarından sonra dollar bahalaşacaqmı…» sualına ekspertlərlə cavab axtarılır.

Müəllif yazır ki, son aylar manatın məzənnəsi sabitləşib. Ancaq Mərkəzi Bankın bu siyasəti iqtisadiyyatı iflic hala salıb.

Bununla belə, müəllif güman edir ki, hökumət dolların indiki məzənnədə qalmasında maraqlıdır:

«Hökumət ölkəyə gələn turistlərdən dolları ucuz almaqda maraqlıdır. Son aylar isə cəmiyyətdə belə bir rəy var ki, bu idman oyunlarından sonra manatın məzənnəsi kəskin ucuzlaşa bilər. Çünki Mərkəzi Bank gec-tez dövriyyədəki manat kütləsini artırmağa məcburdur».

Qəzetə danışan ekspert Natiq Cəfərli isə diqqəti qarşıdakı daha bir beynəlxalq yarışa yönəldib:

«Manatın məzənnəsi ilə bağlı proqnozları təkcə başa çatan İslam Oyunlarına bağlamaq olmaz. Çünki bu Oyunlardan sonra «Formula-1» yarışları gözlənilir. Bu mənada dollar-manat münasibətlərində birdən-birə kəskin hərəkətlərin olmasını da gözləmək olmaz. Mərkəzi Bank manat kütləsini də kifayət qədər daraldıb. Birdən-birə manatın dövriyyəsini artırmaq və dolların məzənnəsini qaldırmaq daha ciddi fəsadlara gətirib çıxara bilər».

N.Cəfərli vurğulayıb ki, son vaxtlar manat avroya nisbətdə 10 qəpik ucuzlaşıb. Onun fikrincə, Mərkəzi Bankın bundan sonra daha yumşaq monitor siyasət aparması və manat kütləsinin dövriyyəsini artırması gözlənilir:

«Çünki hər ay iqtisadi aktivlik aşağı düşür, ÜDM 1.3 faiz azalıb. Bunun qarşısını almaq üçün manat kütləsi artmalıdır».

N.Cəfərlinin təxminlərinə görə, gələn ayın sonundan etibarən dolların manata nisbətinin mərhələli şəkildə artan xətt üzrə bahalaşacağını söyləmək olar.

Xəzər Neft-Qaz Sərgisi
Xəzər Neft-Qaz Sərgisi

SƏRGİLƏRDƏN REALLIĞA

«Azərbaycan» qəzetində «Xəzəryanı regionun energetika sektorunda ənənəyə çevrilən tədbir» sərlövhəli məqalədə Bakıda müntəzəm keçirilən neft-qaz sərgilərinin əhəmiyyətindən bəhs edilir.

Müəllif xatırladır ki, bu sərgilər 1994-cü ildən, neft müqavilələrinin imzalanması ərəfəsindən başlayaraq təşkil olunur.

Yazıda bildirilir ki, artıq keçən il Bakıda XXIII Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi keçirilib. Müəllif həmin sərgidə prezident İlham Əliyevin hesabat xarakterlı çıxışından sitat da gətirir:

«O vaxt Azərbaycanı demək olar ki, dünyada tanımırdılar. Azərbaycan gənc müstəqil dövlət idi. Xüsusilə nəzərə alsaq ki, müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, Azərbaycanda iqtisadi, siyasi və hərbi böhran hökm sürürdü».

Yazıda vurğulanır ki, ilk sərgidən başlanan yolda Azərbaycan özünü yeni strateji meqalayihələrin təşəbbüskarı və aparıcı qüvvəsi kimi tanıdıb. Ötən illər ərzində sərgilər öz əhatə dairəsini artırıb:

«Bu tədbir ildə bir dəfə 10-larla ölkənin tanınmış şirkətlərini və bacarıqlı mütəxəssislərini bir araya toplayaraq əsl əməkdaşlıq, tərəfdaşlıq, işgüzarlıq və dostluq platformasına çevrilir».

XS
SM
MD
LG