Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:19

Londonda Beynəlxalq Bank müzakirələri: Hələlik, nəticə yoxdur


Samir Şərifov

“Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqaməti əhatə edəcək. Bu istiqamətlər ticarət yönümlü təminatsız borclarla, üstün hüquqa malik təminatsız borclarla və subordinasiya kreditləri ilə bağlı olacaq”.

ABB-nin mətbuat xidmətinin bu bankın xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bu gün, mayın 23-ü xarici kreditorlarla keçirilmiş görüşlə bağlı məlumatında belə yazılır.

Sözügedən görüşdə maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov iştirak edib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

Buna da bax:​ ABB-nin kreditorları restrukturizasiya planlarından narahatdır

Mətbuat xidmətinin bildirməsinə görə, görüşdə ABB-nin öhdəliklərin ümumi məbləğinin 3.3 milyard dolları təşkil etdiyi bildirilib. Azərbaycan prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması barədə fərmanı, bu fərmanla əlaqədar görülən tədbirlər haqda məlumat verilib.

ABB nədən borca düşüb?

Görüşdə vurğulanıb ki, bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin əməlləri və manatın əsas xarici valyutalara nisbətən devalvasiyası nəticəsində bankın maliyyə mövqeyi zəifləyib. Bu üzdən öhdəliklərin könüllü restrukturizasiyası tədbiri zəruri olub.

“Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin icrası dayandırılır. Bankının bütün digər öhdəlikləri cari rejimdə davam edəcəkdir”, görüşdə bildirilib.

Buna da bax:​ Beynəlxalq Bank iflas edərsə, SOCAR-ı nə gözləyir

Maliyyə naziri nə deyib?

Mətbuat Xidmətindən yayılan məlumata görə, maliyyə naziri Samir Şərifov görüş zamanı deyib ki, vaxtilə ABB-nin sabiq menecmentinin ciddi pozuntulara yol verməsi və manatın devalvasiyası səbəbindən bank ciddi çətinliklərlə üzləşib. Nazir əlavə edib ki, hökumət banka ardıcıl maliyyə dəstəyi göstərib.

“Təqdim edilən restrukturizasiya planı çərçivəsində ABB-nin 2,4 mlrd. dollar həcmində xarici öhdəliklərinin dövlətə ötürülməsinə hökumətin verdiyi razılıq bu dəstəyin davam etməsinin bariz nümunədir. Hesab edirik ki, bu plan bankın uzunmüddətli dayanıqlılığına xidmət etməklə yanaşı, ədalətli şəkildə xarici kreditorların mənafelərinə xidmət etmiş olacaq”, nazir bildirib.

ABB təmsilçisi nə deyib?

ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov isə bunları deyib:

“Uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması və gələcəkdə özəlləşdirilməsinə hazırlıq üzrə aparılmış sistemli qiymətləndirmələr göstərdi ki, bankın təkcə aktivlərinin deyil, öhdəliklərinin də könüllü restrukturizasiyası vacibdir. Əminik ki, bu ədalətli niyyətimizi restrukturizasiya planının əhatə etdiyi bütün xarici kreditorlarımız razılıqla qarşılayacaq”.

Buna da bax:​ Azərbaycanın reytinqi 'zibil' səviyyəsində qalsa da...

Bankın məlumatında deyilir ki, könüllü restrukturizasiya planı xarici kreditorlarla 2017-ci il iyulun 13-də yenidən müzakirə olunacaq. Planın həyata keçirilməsindən ötrü xarici kreditorların azı 2/3 hissəsinin razılığı tələb olunur.

Ancaq bu razılığın veriləcəyi, indidən bir qədər şübhəli görünür. Artıq, ABB-nin kreditorları restrukturizasiya planlarından narahatlıqlarını ifadə ediblər. Onlar bu prosesin ədalətli, tərəfsiz qaydada və beynəlxalq investorların iştirakı ilə gerçəkləşməsini istəyirlər.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür.

Buna da bax:​ Beynəlxalq Bank ətrafında növbəti pozuntu

Verilən məlumata görə, bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG