Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

'Deputat nazirliklərin ləğvi anonsunu verdi'


V.Əhmədov
V.Əhmədov

İdarəetmə aparatının «şişməsi», qiymətlər artsa da, əmək haqlarının artırılmaması və IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakıya gələn xarici jurnalistlərin düşüncələri bu gün medianın yer verdiyi əsas məsələlərdir...

FRANSADA 16 NAZİRLİK, AZƏRBAYCANDA 19 ...

«Bizim Yol» qəzetində «Vahid Əhmədov bir sıra nazirliklərin ləğvi anonsunu verdi» sərlövhəli məqalə oxumaq olar.

Yazıda ölkədə idarəetmə aparatının durumu ilə bağlı deputat Vahid Əhmədovun düşüncələrinə yer verilib.

V.Əhmədov idarəetmə baxımından Fransa dövləti ilə Azərbaycan arasında paralellər aparıb. Deputat deyib ki, 68 milyonluq əhaliyə malik Fransada cəmi 16 nazirlik var. 10 milyonluq əhaliyə malik Azərbaycanda isə 19 nazirlik, 9 dövlət komitəsi, saysız - hesabsız müxtəlif növ xidmətlər fəaliyyət göstərir:

«İdarəetmə aparatı həddən artıq şişirdilib. Buna görə də, sürətli və çevik reaksiya göstərmək iqtidarında deyil. Təkcə nazirlikləri və menecerlər ordusunu azaltmağın yox, həm də dərin struktur islahatları aparmağın vaxtı çatıb».

Deputat vurğulayır ki, dövlət başçısının təsdiq etdiyi inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub.

V.Əhmədov hesab edir ki, Azərbaycanın minlərlə müxtəlif dərəcəli məmuru saxlamasına ehtiyac yoxdur. Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət lazımdır.

Deputat deyib ki, Azərbaycanda doqquz iqtisadi zona var:

«Bu zonaları inzibati ərazi vahidlərinə transformasiya etmək və regionlara iqtisadi, sosial inkişaf istiqamətlərində fəaliyyət azadlığı vermək lazımdır».

Manat
Manat

İNFLYASİYA QAZANCI «YEYİR»...

«Exo» qəzetində «Azərbaycanda orta aylıq maaş: onunla yaşamaq olarmı?» sualına ekspert Nəriman Ağayevlə cavab axtarılır.

Ekspert deyib ki, bu gün Azərbaycanın əmək bazarında tələb təklifi bir neçə dəfə üstələyir. Belə bir durumda əmək haqlarının arta biləcəyi haqda söz demək çətindir.

Ekspertə görə, hazırda real orta aylıq maaş ölkədə 300 manat təşkil edir:

«Bank sektorunda bir qədər dəyişiklik baş verib. Əməkdaşlar ixtisar edilib, iş həcmi iki dəfə artıb və bank bu əməkdaşların maaşlarını 20-30 faiz artırıb. Dağ-mədən sənayesində, az da olsa, maaşlar artıb. Statistika Komitəsi tikinti sektorundakı duruma «bəzək-düzək» verib. İndiyə kimi bu sahədə işçilərin ixtisarı və aşağı əməkhaqqı müşahidə edilir. Bütünlükdə demək olar ki, ölkədə orta aylıq əməkhaqqının real artımından söhbət belə gedə bilməz».

Ekspert hesab edir ki, son illər ölkədə iş axtaranların sayı artıb. Nəticədə işəgötürənlər şərtləri getdikcə ağırlaşdırırlar:

«Bəzi işçilər var ki, aylıq gəliri 160-180 manatdır. Ən aşağı maaş isə təhsil və səhiyyə sahəsindədir. Xüsusilə müəllimlər, həkimlər, tibb bacıları və sanitarlar bu kateqoriyaya aiddir. Bu gün çoxları yeməyə qənaət edir, pis qidalanır və bu sağlamlığa təsir göstərir. Müalicə isə az vəsait tələb etmir. Amma vətəndaşlar indiki istehlak minimumu ilə bağlı ən zəruri olanlardan da imtina edirlər. Düşünmürəm ki, yaxın illərdə ölkədə əmək haqlarının sürətli artımını gözləmək olar».

Yazıda vurğulanır ki, orta aylıq maaşın nominal artımı inflyasiyanın real artımından bir neçə dəfə aşağıdır. Buna görə də, vətəndaşlar hər hansı artımı hiss etmirlər.

Üstəlik, ekspertlər Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə də şübhə ilə yanaşırlar.

Yazının sonunda isə vurğulanır ki, ölkədə bir çox yerlərdə «ikili» mühasibat tətbiq edilir. Odur ki, real əmək haqlarını müəyyən etmək çətindir.

İslamiadanın açılışı. 12 may 2017
İslamiadanın açılışı. 12 may 2017

MÖHTƏŞƏM İDMAN BAYRAMI

«Yüksək təşkilatçılıq, böyük qonaqpərvərlik və möhtəşəm idman bayramı». «Azərbaycan» qəzeti isə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı silsilə yazıların dərcini davam etdirir.

«Azərbaycan nəinki İslam Həmrəylik Oyunlarını, hətta Yay Olimpiya Oyunlarını da təşkil edə bilər. I Avropa Oyunlarından sonra bu sahədə ölkə ikinci böyük təcrübəni qazandı», - Qətərin «Alkass» idman kanalının əməkdaşı Bassem Al-Ravass təəssüratlarını bölüşür.

Yazıda bildirildiyinə görə, Meksikadan olan jurnalist Samanta Lopez isə deyib ki, İslamiada yüksək səviyyədə təşkil olunub və hər şey çox gözəldir. Xüsusilə Oyunlar zamanı çox güclü təhlükəsizlik tədbirləri görülür.

İngiltərədən olan jurnalist Pamela Besin da deyib ki, İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrindən ötrü çox önəmlidir. Jurnalist islam ölkələrindən Bakıya çox sayda xanım idmançının gəlməsini də maraqlı adlandırır.

XS
SM
MD
LG