Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 07:48

Bu ilin yanvar-aprel aylarında ölkədə 20 milyard 139.8 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.2 faiz azdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.

DSK bildirir ki, bu dövrdə sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması Ümumi Daxili Məhsulun həcminin düşməsinə təsir göstərib.

Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyərdə əvvəlki ilin eyni dövrünə nisbətən 1.9 faiz artım müşahidə edilib.

Ötən il ümumilikdə ölkədə ÜDM-in 4 faizə yaxın azaldığı açıqlanmışdı.

BU İL HAMI ARTIM OLACAĞINI DEYİRDİ

Azərbaycan hökuməti bu il ÜDM-in real artımının 1 faiz olacağını proqnozlaşdırırdı. Beynəlxalq maliyyə qurumları və kredit agentlikləri daha nikbin idilər və 1.4 faizədək artımın olacağını güman edirdilər.

Ötən ilin dekabrında təsdiqlənən Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək olan dövrdə hökumət ÜDM-in orta illik real artım tempinin 3 faizi aşacağını hədəf götürüb.

XATIRLATMA

Azərbaycanda ÜDM istehsalının azalması ilk dəfə 2009-cü ildə - ümumdünya iqtisadi böhranı fonunda neft ucuzlaşanda və işgüzar fəallıq geriləyəndə qeydə alınmışdı.

Həmin il ÜDM 48.8 milyarddan 44.3 milyard dollara düşmüşdü. Növbəti illərdə artım bərpa olundu və 2014-cü ildə neftin bahalaşması, manatın möhkəmlənməsi sayəsində ən yüksək həddə - 75 milyard 237 milyon dollara yüksəldi.

Sonrakı illərdə isə sürətlə azalma baş verib. Ötən il Azərbaycanda 60 milyard manatlıq (37 milyard 588.7 milyon dollar) Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Bu, dollarla ifadədə son iki ildə ÜDM-in iki dəfə azalması demək idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG