Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Ekspert: 'Unun qiyməti artacaq'


Un
Un

IV İslam Həmrəyliyi Oyunlarında ölkə idmançılarının qələbələri, çörəyin bahalaşacağı ilə bağlı gözləntilər, özəl sektorun problemləri və Beynəlxalq Bankın borcunun dövlətə ötürülməsi bu gün medianın aparıcı mövzusudur...

ÇÖRƏK BAHALAŞA BİLƏR...

«Yeni Müsavat» qəzetində «Azərbaycanda çörək bahalaşa bilər» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, dünya bazarında ərzaq buğdası bahalaşıb. Buğdanın tonu son bir ildə 122.8 dollardan 137 dollara yüksəlib.

Yazıda vurğulanır ki, bu, taxıl idxal edən ölkələrdə çörəyin və unun bahalaşmasına səbəb ola bilər.

Ekspert Vahid Məhərrəmov qəzetə deyib ki, rəsmi rəqəmlərə görə, ölkədə əkin sahələrinin 60-70 faizində taxıl bitkiləri əkilir. Ancaq yenə də ölkənin taxıl ehtiyatı ödənmir: «Ölkənin cəmi 1.4 milyon ton ərzaq buğdasına ehtiyacı olsa da, bu tələbat idxalın hesabına ödənilir. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə 1.8 milyon ton buğda istehsal olunduğunu iddia edir. Hər il Azərbaycana 1.4 -1.6 milyon ton buğda idxal olunur və bu buğda əsasən Rusiyadan alınır».

Ekspert Rəşad Həsənov da qəzetə deyib ki, ölkəyə idxal olunan taxıl məhsulları məhz un istehsalına yönəldilir: «Buğdanın qiyməti dünya bazarında artırsa, bu, son nəticədə təbii ki, ölkə daxilində də özünü göstərəcək. Xüsusilə də hazırda mövsümün sonu hesab olunduğu üçün bu məhsullarının qiymətlərində artımlar daha sürətlə müşahidə olunur. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, təxminən bir neçə ay ərzində unun qiymətində artım baş verəcək».

Ekspert hesab edir ki, idxal qiymətləri kəskin artarsa, çörəyin qiymətinin bahalaşması qaçılmaz ola bilər.

R.Həsənov deyib ki, ölkədə istehsal edilən taxılın keyfiyyəti aşağıdır.

Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

GƏLƏCƏK NƏSİLLƏRİN PULU XƏRCLƏNİR

«Exo» qəzetində «Azərbaycan hökuməti Beynəlxalq Bankı nə üçün xilas etməyə səy göstərir?» sualına ekspert Əkrəm Həsənovla cavab axtarılır.

Yazıda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankı borclarının restrukturizasiyasına nail olmaq məqsədilə Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

Üstəlik, bankın bütün öhdəlikləri dövlətə keçirilib.

Müəllif bildirir ki, bütün bu məsələlər təkcə maliyyə institutunun kreditorlarını yox, bütün cəmiyyəti silkələyib: «Bir çox KİV-lər və ekspertlər əminliklə bəyan edirlər ki, bu, Beynəlxalq Bankın iflasıdır, amma belə deyil. Bank iflasın bir addımlığında idi, hökumət bu maliyyə institutunu xilas etmək prosesinə qoşulub. Bankın məlumatına görə, ötən ili ziyanla başa vurub».

Ə.Həsənov da deyib ki, rəsmi məhkəmə qərarı olmadan bankı müflis saymaq düzgün deyil: «De-fakto bank müflis olub, amma rəsmi təsdiq üçün məhkəmə qərarının olması zəruridir. Amma belə qərar yoxdur. Üstəlik, həm də məhkəmə artıq bankı müflis olmuş elan etməyəcək. Dövlət bankın borcunu öz üzərinə götürür».

Ekspert hesab edir ki, bundan sonra bank özəlləşdiriləcək. Ona görə də, bankın iflasından söhbət belə gedə bilməz.

Ə.Həsənov deyib ki, dövlət bankın bütün borclarına görə yox, yalnız fiziki şəxslər və xaricdəki böyük bankların alacaqları ilə bağlı öhdəlikləri öz üzərinə götürür.

Ekspertə görə, dövlət bu addımı atmasaydı, öz imicinə ağır zərbə enərdi.

Ə.Həsənov deyib ki, bu borclar Neft Fondunun hesabından ödəniləcək. Bu isə gələcək nəslin pullarının xərclənməsi deməkdir.

Neft
Neft

NEFTƏ ARXAYINÇILIQ

«Novoye Vremya» qəzetində «Xoş olmayan meylləri necə aradan qaldırmaq olar?» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, son bir ildə ölkədə sənaye istehsalı aşağı düşüb. Əsas kapitala qoyulan investisiyada azalma var.

Yazıda güman edilir ki, bu proses ölkədə ixtisarları və işsizliyi artıracaq.

Müəllif daha sonra bir sıra biznes obyektlərinin fəaliyyətlərinin dayandırılmasından bəhs edir. Yazıda buna səbəblər kimi manatın devalvasiyası, xarici valyuta qatlığı, əhalinin gəlirlərinin kəskin şəkildə azalması və dövriyyənin kiçilməsi göstərilir: «Bununla yanaşı, kiçik və orta biznesdəki istənilən neqativ proses bütünlükdə ölkədəki sahibkarlıq mühitinə təsir göstərir. Bu, ölkədə fəaliyyət göstərən xarici investorlara, habelə Azərbaycanın qeyri-neft sektoruna maliyyə yatırmaq istəyən potensial iş adamlarına təsirsiz ötüşmür».

Yazıda vurğulanır ki, korrupsiya, inhisar və məmur özbaşınalığı inkişafa əsas maneələrdəndir.

Müəllif hesab edir ki, hələ də, neftin qiymətinin yüksələcəyinə, bununla da ölkənin böhrandan çıxacağına ümid bəsləyənlər var.

İ.Əliyev
İ.Əliyev

QƏLƏBƏLƏRİN TƏŞKİLATÇISI

«Azərbaycan» qəzetində «İlham Əliyev Azərbaycanın İslamiada zəfərinin baş müəllifidir» sərlövhəli məqalədə IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın iştirakı dəyərləndirilir.

Yazıda bildirildiyinə görə, yarışların qaliblərindən Elxan Məmmədov deyib ki, dövlət başçısı İlham Əliyevin oyunları izləməsi idmançılara böyük ruh verib və daha məsuliyyətli olublar.

Bu yarışlarda iki dəfə qızıl medal qazanan Talas Bence isə ona yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Qızıl medal sahiblərindən, cüdoçu Məmmədəli Mehdiyev isə deyib ki, ev sahibi kimi yarışlara çıxmaq ikiqat məsuliyyət tələb edir. Çünki hər səhvinə güclü təəssüf, hər uğuruna güclü dəstək alırsan.

Müəllif yazır ki, Azərbaycanın İslamiada zəfərinin müəllifi dövlət başçısı İlham Əliyevdir: «Hər zaman idmançılara diqqət və qayğı göstərən prezidentin İslam Həmrəyliyi Oyunlarında da atletlərimizin parlaq qələbələrinin əldə olunmasında böyük dəstəyi var. Dövlət başçısının yarışları izləməsi, idmançılarımıza şəxsən medalları təqdim etməsi atletlərimizi daha da qürurlandırır».

Hazırda Azərbaycan atletləri 80-dən çox medal qazanıblar. Bu nəticə ilə Azərbaycan ölkələrin sıralamasında ikinci yerdə qərarlaşıb.

XS
SM
MD
LG