Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:01

'Mərkəzi Bank manatı dövriyyədən çıxarıb əlində saxlayır'


H.Əliyevin seçki plakatı.
H.Əliyevin seçki plakatı.

Ölkədə idman siyasəti, manat qıtlığının səbəbləri və POS-terminalların azalması bu gün medianın aparıcı mövzusudur...

İDMAN SİYASƏTİ

«Azərbaycan» qəzetində «İslamiada Heydər Əliyevin idman siyasətinin təntənəsi olacaq» sərlövhəli məqalə dərc edilib.

Keçmiş prezident Heydər Əliyevin doğumunun 94 illiyinə həsr edilən yazıda ölkədə idmanın inkişafında onun xidmətləri dəyərləndirilir.

«Azərbaycan idmanının təşəkkül dövrünə və təbliğinə nəzər salsaq, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin şahidi olarıq».

Yazıda vurğulanır ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətindən birinə çevirib və bu sahədə yüksəlişin əsasını qoyub: «Məhz Heydər Əliyevin qayğısı ilə tezliklə Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar».

Müəllifə görə, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycanı bu gün dünyanın idman ictimaiyyəti ciddi tərəfdaş kimi qəbul edir.

Yazıda bildirilir ki, indi də Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır və 57 müsəlman ölkəsini bir araya gətirəcək: «Əminliklə söyləmək olar ki, bu, ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Çünki ümummilli lider Heydər Əliyevin ölkədə gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyada idman ənənələri olan ölkə kimi də tanıtdırıb».

Mərkəzi Bank
Mərkəzi Bank

MANAT QITLIĞININ SƏBƏBLƏRİ...

«Novoye Vremya» qəzetində «Ölkədə manat qıtlığı müşahidə edilir» sərlövhəli məqalə oxumaq olar. Yazıda manatın qıtlığının səbəbləri barədə ekspert Natiq Cəfərlinin düşüncələrinə yer verilir.

Müəllif yazır ki, ölkədə manat qıtlığı yaşanması haqda xəbərlər cəmiyyətdə yüngül şok yaradıb.

Yazıda daha sonra isə parlamentin komitə sədri Ziyad Səmədzadənin ölkədə pul qıtlığı yaranması və bunun narahatlıq doğurması haqda fikirləri yada salınır: «Biz monitorinqlər aparmalı, bankların sağlamlaşdırılmasını həyata keçirməliyik. Pul qıtlığı yaranıb, bununla bağlı çoxsaylı müraciətlər alırıq, bu, çox ciddi problemdir. Çünki pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq artmayacaq», –deyə komitə sədri bildirmişdi.

İqtisadçı-ekspert N.Cəfərli isə düşünür ki, bu problem təsadüfən meydana çıxmayıb. Bu, məhz ölkədə yürüdülən maliyyə-pul siyasətidir.

N.Cəfərli hesab edir ki, bu ilin yanvarından Mərkəzi Bank manat kütləsini dövriyyədən yığışdırmaqdan ötrü intensiv səylər göstərir: «Bunun üçün Mərkəzi Bank həftəlik hərraclar keçirir və yüksək faizlər hesabına (14 faizə yaxın) manatı dövriyyədən çıxararaq, öz əlində cəmləşdirir. Bundan əlavə, əgər büdcə xərclərinin strukturuna baxsaq görərik ki, büdcə xərcləri üçün nəzərdə tutulan vəsaitlər hələ tam şəkildə dövriyyəyə daxil olmayıb».

Yazıda vurğulanır ki, bu siyasət ölkədə iqtisadi fəallığa ciddi zərbədir. Hökumət dolların məzənnəsini aşağı salmaqdan ötrü manat qıtlığı yaradıb.

Ödəniş kartı
Ödəniş kartı

POS-TERMİNALLAR NİYƏ AZALIR?

«Exo» qəzetində isə «Azərbaycanda nağdsız hesablaşmalara keçid... POS-terminalsız» sərlövhəli məqalə diqqət çəkir.

Ekspertlərdən Fuad Əlizadə qəzetə deyib ki, Azərbaycanda nağdsız hesablaşmalara keçid mərhələli şəkildə olmalıdır. Əks halda, ölkədə nağdsız hesablaşmaların inkişafı əvəzinə, bankomatlar önündə müştərilərin uzun növbəsini görəcəyik: «Bu ilin yanvarından «Nağdsız hesablaşmalar haqqında» Qanun qüvvəyə minib və indi də işgüzar dairələr arasında ən çox müzakirə olunan mövzularından biridir. Onun qəbul edilməsinin əsas səbəbi ölkənin maliyyə sistemində nağdsız hesablaşmaların inkişafı ilə uçotu gücləndirməkdir Amma ölkədə nağdsız hesablaşmaların inkişafı ideyası elə birinci bankomatla da dayana bilər. Belə ki, ölkədə qurulmuş POS- terminalların azalması prosesi gedir».

F.Əlizadə Mərkəzi Banka istinadən deyib ki, bu ilin yanvarına ölkədə 2 min 442 ədəd bankomat olub .Yəni, keçən illə müqayisədə yeddi bankomat artıb. POS-terminalların sayı isə 642 ədəd azalıb.

Ekspert bildirir ki, POS-terminalların maksimal sayı 2015-ci ildə qeydə alınıb. O zaman 80 min 301 aparat olub. Amma bir ildə onların sayı 9 min 137 ədəd və ya 11 faiz azalıb: «Bunu da xüsusilə qeyd edək ki, həmin dövrdə POS-terminallar ən çox ticarət obyektlərində azalıb. Dövlət qurumları POS-terminalların belə sürətli azalmasına səbəb kimi son illərdə ölkə banklarının ¼-nin bağlanmasını göstərir».

F.Əlizadə deyib ki, hazırda təkcə kiçik mağazalarda yox, hətta iri supermarketlərdə belə, alış-verişi kart ilə həyata keçirmək problemə çevrilib.

Ekspert xatırladır ki, 2012-c ildə Bakıda «Eurovision» musiqi yarışması zamanı POS-terminalların sayı üç dəfə artmışdı. F.Əlizadə vurğulayır ki, İslam Həmrəyliyi Oyunları və «Formula-1» ərəfəsində əks proses gedir.

XS
SM
MD
LG