Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:00

Şimali Koreyanın paytaxtını virtual reallığa köçürüblər [VIDEO]


Şimali Koreya dünyanın ən gizli və qapalı ölkələrindən biridir. O həm də ən çox marağa səbəb olan ölkələrdən biridir. İndi bu ölkəyə getmək bir o qədər də çətin deyil. Ancaq turist səfərləri çox baha başa gəlir. Üstəlik, heç də hamı səyahət etmək istəmir. Ancaq Şimali Koreyanın paytaxtını çox adam görmək istərdi.

Bu baxımdan İsveç startapı olan Scene There-nin işləyib hazırladığı virtual tur hələlik Şimali Koreyaya gedə bilməyən, ancaq marağını öldürmək üçün Pxenyanı görmək istəyən adamlar üçün yaxşı alternativ ola bilər.

SceneThere-in təsisçisi Marcus Olsson Şimali Koreya vətəndaşlarının həyatını 360 dərəcəli kameralarla çəkərək şəhəri sakinlərinin gündəlik həyatda gördüyü şəkildə təqdim edə bilib. Proqramda şəhərin müxtəlif görməli yerləri ilə tanış olmaq, küçələrdə gəzmək, sakinlərin səhər, nahar fasiləsində və iş günündən sonra hansı işlərlə məşğul olduqlarını görmək mümkündür. Videoda rəqs edən gəncləri, balıq tutan kişiləri, işlərinin dalınca tələsən işçiləri görmək olar.

Tamaşaçılar özlərini Pxenyanda gəzirmiş kimi hiss edə bilərlər.

Video Pxenyanın görməli yerləri arasında Kim Il-sung və Kim Jong-Il-in nəhəng heykəllərinin olduğu Mansu təpəsini və Pxenyan otelini görmək, hətta otelə daxil olmaq olar. Tura əcnəbilər üçün təəccüblü görünəcək yerlərin də görüntüləri daxil edilib. Məsələn, Kim Il-sung meydanında uşaqların rolik sürdüyünü görmək olar.

Bundan başqa Pxenyan turu tamaşaçılara şəhərin görməli yerlərinə yaxından baxmaq imkanı verir. Virtual "turistlər" ekranlarındakı mavi dairələri basaraq bir yerdən başqasına keçə bilərlər.

“SceneThere texnologiyası müxtəlif yerlərdən çəkilmiş 360 dərəcəli videoları bir-birinə bağlayaraq "real virtual dünya" yaradır. Burada siz tamaşaçı kimi öz baxış nöqtənizi seçə bilərsiniz", deyə şirkətin internet saytında qeyd edilir.

Proqramda Şimali Koreya paytaxtının ayrı-ayrı görməli yerlərinin hər tərəfinə baxaraq onları daha detallı öyrənmək imkanı da mövcuddur. Rahatlıq üçün həmin yerlər mavi dairələrlə işarələnib və adları yazılıb.

Şimali Koreyada olmuş adamlar deyirlər ki, bu ölkədə çəkiliş aparmaq çox çətindir. Ölkə daxilində çəkilişlərə son dərəcə ciddi nəzarət olunur. Bura gələn turistlərin hər bir hərəkəti, onlara göstərilən xidmət də bələdçilərin daimi nəzarəti altında olur. Belə ki, ölkə rəhbərliyi ölkənin xaricdəki imicinə xələl gəlməsindən çox narahatdır. Bizim ekranlarda gördüklərimizin çoxu əvvəlcədən ciddi məşq edilmiş hərbi paradlar və hərbi texnika nümayişləridir.

Ancaq operator Marcus Olssonun dediyinə görə çəkiliş zamanı heç kəs ona mane olmayıb, sakinlər də onunla mehriban və açıq davranıblar.

Olsson 2016-cı ilin sentyabr ayında Şimali Koreyaya konfransa dəvət olunubmuş. Operator konfransda Şimali Koreya startaplarına sahibkarlıq fəaliyyətindən danışıb. O, boş vaxtında çoxlu keyfiyyətli material çəkə bilib. Proqramı artıq Oculus Store-dan yükləmək mümkündür. Hələlik virtual reallıq eynəyi olmayanlar üçün layihənin yaradıcıları əlavənin internet versiyasını işləyib hazırlayıblar. Videonu bu linkdən izləmək mümkündür:

Videonu görənlər iddia edə bilərlər ki, bu, Şimali Koreya hökumətinin növbəti təbliğatıdır. Əslində Olsson bildirir ki, bu tur araşdırma jurnalistikası layihəsi deyil.

“Biz çəkiliş aparan zaman heç vaxt tək olmuruq. Bundan başqa, bizim sirkdə akrobat nömrəsini çəkməyimizin qarşısı alınıb. Mənə tam azadlıq verildiyini deyə bilmərəm. Ancaq mən mühazirəçi kimi dəvət olunduğuma görə, bu çəkilişi edə bilmişəm. Turist qrupu ilə getsəydim, bu mümkün olmazdı", deyə o bildirib.

Bu yaxınlarda Finlandiyanın "Yle" xəbər agentliyinin müxbiri Şimali Koreyanın paytaxtında çəkiliş apara bilib. Jurnalist Mika Makelainen turist bələdçisinin ciddi nəzarətindən yayınaraq, ölkənin son dərəcə sərt təhlükəsizlik rejimi tərəfindən yaxalanma riski qarşısında Pxenyanın adi, hərbi paradların olmadığı bir gününü kameraya çəkə bilib.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG