Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:34

'Çoxları pullarını 'yastıq altında' saxlamağa üstünlük verir'


H.Əliyev
H.Əliyev

Ölkənin sosial müdafiə strategiyası, bank sistemində depozit axını və «Azərenerji» ASC-nin problemləri bu gün medianın aparıcı mövzusudur...

SOSİAL MÜDAFİƏ STRATEGİYASININ BANİSİ

«Azərbaycan» qəzetində «Effektiv sosial müdafiə strategiyasının banisi» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, 1993-cü ildə hakimiyyətə gələn keçmiş prezident Heydər Əliyev ölkədə mahiyyətcə yeni sosial müdafiə sisteminin əsasını qoyub.

Yazıda vurğulanır ki, ölkədə həyata keçirilən islahatlar etibarlı sosial müdafiə sisteminin formalaşmasına, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradıb: «2006-cı ildən ölkədə müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası, 466.4 min nəfər müxtəlif növ müavinətlər, 130.8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanlara nazirliyin yerli orqanlarının xətti ilə hər ay 316.3 milyon manat vəsait ödənilir».

Yazıda qeyd edilir ki, İlham Əliyevin hakimiyyəti dövründə qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1.5 milyondan çox yeni iş yeri açılıb. Əmək bazarında sabitliyə və işsizliyin 5 faizə kimi azaldılmasına nail olunub.

Pul
Pul

«YASTIQ ALTINDA» PUL

«Exo» qəzetində «Azərbaycan banklarından depozit axını davam edir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkə iqtisadiyyatında qeyri-sabitlik hökm sürür. Belə bir şəraitdə banklara inam getdikcə tükənməkdədir. «Bu gün manatın məzənnəsinin süni şəkildə saxlanması müşahidə olunsa da, milli valyutaya etimad bərpa edilməyib. Ölkə vətəndaşları 2015-ci ildə iki devalvasiya yaşadı və bundan irəli gələrək hamı indiki sabitliyi qısamüddətli, süni şəkildə dəstəklənən hadisə hesab edir. Manatın gələcək taleyi bir çox amildən, ilk növbədə isə neft qiymətindən asılıdır», - deyə iqtisadçı Samir Əliyev qəzetə bildirib.

İqtisadçı deyib ki, 2016-cı ildə banklarda depozitlərin həcmi 7 milyard 500 milyon manata yaxın olub. Ancaq bu ilin tək ilk ayı ərzində bu məbləğ 350 milyon manat azalıb.

Onun deməsinə görə, əhali, əsasən, öz dollar depozitlərini banklardan geri çəkirlər: «Əgər 2016-cı ilin yanvarına depozit hesablarda 6 milyard 300 milyon dollar var idisə, 2016-cı ilin sonuna bu məbləğ 5 milyard 600 milyon dollara enib. İndi bir çox vətəndaşlar pullarını «yastıq altında» saxlamağa üstünlük verir. Çünki manatın məzənnəsinin yenidən enməyə başlayacağını başa düşürlər. Neft Fondundan ayrılan 7.5 milyard manat ölkədə makrosabitliyin saxlanmasına yönələcək».

İqtisadçı hesab edir ki, manatın məzənnəsi bu ilin payızına kimi sabit qala bilər. Ancaq payızdan yenidən düşməyə başlayacaq. İlin sonuna yaxın isə 1 dollar 1.99 manata kimi yüksələ bilər.

Etibar Pirverdiyev
Etibar Pirverdiyev

«AZƏRENERJİ» BORC İÇİNDƏDİR

«Novoye Vremya» qəzetinin səhifələrində isə ««Azərenerji» ASC-yə SOS siqnalı» sərlövhəli məqaləyə yer verilib.

Müəllif yazır ki, beynəlxalq agentliklər bir-birinin ardınca «Azərenerji» ASC-nin çətin duruma düşdüyünü nəzərə çatdırırlar: «Bu yaxınlarda bu təşkilatın qısa- və uzunmüddətli kredit reytinqini «Standard&Poor’s» endirmişdi və proqnoz neqativə dəyişmişdi. Bunun ardınca da «Fitch» beynəlxalq agentliyi də həmin mövqeyi təkrarlayıb və bu, əsassız deyil».

Yazıda bildirilir ki, ötən il ölkədə elektrik enerjisinin tarifləri yüksəldilib. Ancaq «Azərenerji» ASC hələ də borc içindədir: «Çoxları bununla bağlı iqtisadi böhrana, manatın devalvasiyasına, ölkənin iri müəssisələri üçün qaz və elektrikin qiymətlərinin artmasına işarə edirlər. Əlbəttə, bunlar şirkətin fəaliyyətinə pis təsir edib. Ancaq bunu da unutmaq olmaz ki, bu qurumda maliyyə böhranı hələ dünya bazarında neftin qiymətləri düşməmiş, iqtisadiyyat enməmiş baş verib».

Müəllif hesab edir ki, «Azərenerji» ASC-nin işi səmərəli qurulmayıb. Üstəlik, onun işində şəffaflıq təmin edilməyib: «Belə sual yaranır ki, yerli istehlakçılardan gələn pul vəsaitləri hara yoxa çıxır? Çünki bu vəsait hesabına yeni elektrik stansiyaları tikilməsi, elektrik xətlərinin yenilənməsi kimi fəaliyyət görünmür. Üstəlik, xarici maliyyə institutları da bu təşkilata və bütünlükdə ölkənin enerji sisteminə investisiyalar yatırırlar».

Yazıda bildirilir ki, «Azərenerji» ASC-nin borcu 1.5 milyard manatdan artıq 2.4 milyard manata yüksəlib.

XS
SM
MD
LG