Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:52

'Neft-qaz ölkəsində qazsız qalmışıq'


Biznes
Biznes

Ölkədə sahibkarlara yaradılan şərait, nağdsız hesablaşmaların yaratdığı problemlər, turizm siyasətində ziddiyyətlər və Abşeron Gənclər Şəhərciyinin problemləri bu gün medianın aparıcı mövzusudur...

SAHİBKARLARA DƏYƏR

«Azərbaycan» qəzetində «Sahibkarlara göstərilən dövlət dəstəyi iqtisadiyyatda özəl sektorun rolunu daha da artırır» sərlövhəli məqalə dərc edilib.

Yazıda bildirilir ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ildə verdiyi sərəncamla hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.

Daha sonra Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin fikirləri təqdim edilir: «Hazırda prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olmasının, habelə bütün problemlərin həllində iqtisadi aspektin ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir. Tərəqqi prosesində özəl sektorun payını və rolunu davamlı şəkildə artırır».

Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycan sahibkarların rahat işləməsindən ötrü ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi məqsədilə hökumət sahibkarlara böyük imkanlar yaradıb.

Manat
Manat

NAĞD ƏMƏLİYYATLARIN MƏHDUDLAŞDIRILMASI

Musavat.com saytında isə «Nağd əməliyyatların məhdudlaşdırılması iqtisadi və ictimai sferanı iflic edib» sərlövhəli məqaləyə yer verilib.

Müəllif hesab edir ki, bu il «Nağdsız hesablaşmalar haqqında» Qanunun tətbiq olunması sahibkarlıq fəaliyyəti ilə məşğul olanları çətin vəziyyətə salıb. Real sektor, az qala, iflic olub

Müəllif xatırladır ki, qanuna görə, ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq dövriyyəsi olan ticarət subyektləri 30 min manatdan, qalanları isə 15 min manatdan yuxarı olan bütün əməliyyatları nağdsız həyata keçirməlidirlər: «Artıq biznes qurumları ay ərzində hesablarından 30 min və 15 min manatdan artıq vəsait çıxara bilmirlər. Ölkədə əməkhaqqı ödənişlərindən tutmuş, cari xərclərə qədər əksər ödənişlərin nağd şəkildə həyata keçirildiyini nəzərə alsaq, bu, biznes subyektlərindən ötrü çox ciddi problemə çevrilib. Faktiki olaraq, hesabında on minlərlə manat vəsaiti olan sahibkarlar cari xərclərini ödəmək üçün nağd pul tapa bilmirlər».

İqtisadçı-ekspert Qubad İbadoğlu deyib ki, bu qanun ölkədəki reallıqlar nəzərə alınmadan qəbul olunub: «Doğrudur, hesab edirəm ki, nağdsız hesablaşmalar genişləndirilməlidir. İqtisadiyyatın leqallaşdırılması baxımından bu, böyük effekt verə bilər. Amma ölkədə ödənişlərin böyük bir hissəsinin nağd şəkildə aparıldığını nəzərə alsaq, bu qanunun hansı çətinliklər yaradacağını təxmin etmək çətin deyil».

Q.İbadoğluna görə, iş adamlarının problemi qeyri-rəsmi ödənişlərlə bağlıdır. Bu olmadan sahibkarlar sifarişlər ala bilmirlər. Odur ki, sahibkarların ciddi çətinlikləri yaranır.

Bakıya niyə belə çox ərəb turistlər gəlir?
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

AZƏRBAYCAN TURİZMDƏ GÜRCÜSTANI QABAQLAYIR?

«Novoye Vremya» qəzetində «İkili turist siyasəti» sərlövhəli məqalə oxumaq olar. Yazıda hökumətin turizmlə bağlı siyasəti tənqid edilir.

Müəllif yazır ki, dövlətin turizm siyasətində ziddiyyətlər özünü göstərir. Bir tərəfdən ölkəyə turist cəlb etməkdən ötrü tədbirlər keçirilir, digər tərəfdən isə bəzi ölkələrə məhdudiyyətlər qoyulur.

Müəllif hesab edir ki, son 20 ildə Azərbaycan səfirliklərinin fəaliyyəti ölkəyə turist axınını stimullaşdırmayıb.

Yazıda rəsmi statistikaya əsasən bildirilir ki, bu ilin ilk rübündə ölkəyə 400 min nəfərə yaxın xarici gəlib. Onlardan 252 min nəfəri ölkədə 1-3 gün, yalnız 146 min nəfəri daha uzun müddətə qalıb. Rəsmi qurumlar turist axının 25 faiz artmasına səbəb kimi elektron viza sisteminin tətbiqini və viza alınmasının asanlaşdırılmasını göstərirlər.

Yazıda bildirilir ki, artıq bəzi rəsmilər Azərbaycanın turizm sahəsində Gürcüstanı keçdiyini düşünürlər. Ancaq müəllif belə açıqlamalarla razılaşmır: «Keçən il Azərbaycana 2.25 milyon nəfər xarici gəlib, Gürcüstana 6.35 milyon nəfər...».

Müəllif hesab edir ki, marketinq sahəsində Gürcüstan Azərbaycanı bir xeyli qabaqlayıb.

Gəncləri qocaldan Gənclər şəhərciyi
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00
Direct-ə keçid

GƏNCLƏR ŞƏHƏRCİYİNİN QAZ DƏRDİ

«Bizim Yol» qəzetində «Abşeron Gənclər Şəhərciyində gənclərə «divan tutulur» - sakinlərin etirazı» sərlövhəli məqalə diqqət çəkir. Yazıda Abşeron Gənclər Şəhərciyinin problemlərindən bəhs edilir.

Yazıda bildirilir ki, şəhərciyə qazın verilməsi prosesi dayandırılıb. Bu barədə qəzetə şəhərciyin bir qrup sakini məlumat verib: «Bu ilin yanvar ayından kompleksə qazın çəkilməsi işi başlanılsa da, dünən işlər dayandırılıb. İki-üç ay müddətində bir neçə blok qazlaşdırıldı, sonra şəhərciyi inşa edən «Akkord» Tikinti Şirkəti «Azəriqaz» İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi».

Ancaq şəhərcikdəki Mənzil-İstismar İdarəsindən qəzetə deyiblər ki, işlərin dayandırılmasından xəbərsizdirlər.

Qəzetə danışan sakinlər bildiriblər ki, soyuq havada şəhərcikdə həyat iflic olur: «Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə «divan tutulur». Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib, ancaq qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Şəhərcikdə geniştərkibli aksiyalar keçirilib. Hər dəfə «qaz növbəti il veriləcək» deyib bizi aldadıblar».

Yazıda bildirilir ki, bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır, mərkəzi istilik sistemi də yoxdur: «Evlərimizi kondisioner və başqa isitmə vasitələri ilə qızdırırıq. Bunu da cəmi bir ay edə bilirik. Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıqpulu ödəməli oluruq. Bu da, az qala, əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq», - deyə sakinlər bildiriblər.

XS
SM
MD
LG