Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:45

Monica Belucci: 'Mən sənətin tamamilə sərhədsiz olmağını sevirəm'


Italyan aktrisası Monica Belucci.
Italyan aktrisası Monica Belucci.

Kino cameəsinin ən böyük bayramlarından birinin – Kann Beynəlxalq Kino Festivalının başlamasına çox az qalıb. Bu il 70-ci dəfə keçirilən festivalda yarışan filmlərin siyahısı da məlumdu, onları qiymətləndirməli olan münsiflər heyətinin tərkibi də. Hətta açılış və bağlanış mərasimlərinin aparıcısı da..

Bəli, 70-ci Kann Kinofestivalında tamaşaçıları gözəl italyan aktrisası Monica Bellucci salamlayıb, sonra da vidalaşacaq. Bu məsuliyyətli işin Belulcciyə təklif olunması təsadüfi deyil. O, keçən il “qaraçı Fellini” Emir Kusturicanın “Süd yolu ilə” filmində son dövrlərdə ən məşhur rollarından birini oynayıb. Elə tvkinoradio.ru-a müsahibəsində də aktrisa “Süd yolu ilə” filmindəki Gəlin personajından və 50 yaşın gözəlliklərindən danışır.

Qəhrəmanının filmdə dediyi “Gözəllik- cəza kimidi” ifadəsinə münasibət bildirən aktrisa onunla razılaşmadığını, gözəlliyi tanrının lütfü hesab elədiyini, personajının isə başına gələnlər ucbatından belə düşündüyünü deyir.

M.Belluccinin sözlərinə görə, Kusturica, adətən, qadınlıq başlanğıcı özünü açıq büruzə verən güclü obrazlar yaradır və Gəlində də qadın-ana kimliyi üstünlük təşkil edir. Amma eyni zamanda o, həm də yeniyetmə qız kimi tamamilə müdafiəsizdi. Monica Belluccinin isə belə mürəkkəb personajlardan və əhvalatlardan xoşu gəlir.

Emir Kusturica`nın çəkdiyi "Süd yolu ilə" filminin treyleri.

Monica Bellucci deyir ki, ekranda çətinliklərdən qorxmur və risk eləməyi sevir, ancaq unikal rejissorların filmlərində çəkiləndə:

“Məsələn, Kusturica sadəcə rejissor deyil, həm də musiqiçi, aktyor və biznesmendi — əsl orkest-adamdı. Belə kinematoqrafçılarla həmişə hər şeyə 100% hazır olmalısan. Onlarla işləmək asan deyil, amma onlar sənə ilham verirlər və bu, hər bir aktyorun axtardığı bir şeydi. Mənim üçün yeni filmə başlamaq- yeni macəraya başlamağa bərabərdi. Və bu macəra bizi bir sənətkardan daha çox, bir insan kimi dəyişməlidi. Bax, buna görə də mən fərqli təcrübələri, fərqli ideyaları olan, fərqli dillərdə danışan və fərqli mədəniyyətləri təmsil edən rejissorlarla işləməyi sevirəm”.

Monica Bellucci İran rejissoru Bahram Ghobadi`nin “Gərgədan mövsümü” filmində çəkiləndə fars dilini öyrənib, “Süd yolu ilə” filmi üçünsə serb dilini. Aktrisa bunu personajlarını tam çatdıra bilmək üçün etdiyini deyir. Onun fikrincə, kinoda təsvir daha vacib olsa da, söz istənilən filmin mühüm bir parçasıdı:

“Mənim üçün söz istənilən filmin vacib hissəsidi. Əlbəttə, hissləri tam çatdıra bilməkdən ötrü bu kifayət deyil: kinoda təsvir, forma, necə baxdığımız və necə hərəkət etdiyimiz daha önəmlidi. Bununla belə söz- bütün sadaladıqlarımın bir hissəsi, həyatın bir parçasıdı. Bəli, dilləri öyrənmək asan deyildi. Amma sadəcə başlanğıcda. Sonra yaxşı müəllimlər sayəsində hər şey alındı”.

Monica Bellucci rejissor Emir Kusturica ilə birlikdə Bosniyada gəzinti zamanı.
Monica Bellucci rejissor Emir Kusturica ilə birlikdə Bosniyada gəzinti zamanı.

52 yaşlı Bellucci yaşından utanmadığını, yaşı artdıqca uduzmaqdan, itirməkdən qorxmadığını söyləyir:

“Hər yeni film sübut edir ki, ortayaşlı aktrisalar ümidlərini itirməməlidilər. Hətta bu çox gözəldi, yaş artdıqca uduzmaqdan qorxmursan, itirəcək bir şeyin də qalmır. Üstəlik möcüzələr, hisslər, həyatın sehri də öz yerində. Məncə, bunların hamısı çox vacibdi”.

Monica Bellucci ona təklif olunan layihələri seçərkən yalnız və yalnız öz arzularına, instinktlərinə güvənir:

“Məsələn, götürək, Gael Garcia Bernalla birlikdə çəkildiyim “Motsart cəngəllikdə” serialını. Orda yüngülvari dəliliyi olan opera müğənnisini oynayıram. Mən, məhz, belə rollar axtarıram – ABŞ-da, İngiltərədə, Serbiyada, Hindistanda, İranda, ölkə vacib deyil. Mən sənətin tamamilə sərhədsiz olmağını sevirəm. Qalan şeylər sadəcə hisslər və təcrübə məsələsidi. Mənə elə gəlir ki, incəsənətə belə baxmaq lazımdı”.

M.Belluccinin iki qızı var, biri 12, o biri 6 yaşında. Onlar analarının aktrisa olduğunu bilirlər, amma buna elə də əhəmiyyət vermirlər. Aktrisa onlarla münasibətdə tamamilə adi qadın kimi yaşadığını deyir, çəkilişləri olmayanda qızlarını məktəbə aparır, məktəbdən sonra evə gətirir, dəsrlərinə kömək edir və ana kimi onlarla yetərincə vaxt keçirir. Bellucci bunu da sənət hesab eləyir:

“Onlara doğru yaşamağı öyrətməyə çalışıram. 20 yaşımda kimsə məndən “40 yaşına çatanda nə olacaq” deyə soruşsaydı, “o yaşa qədər öləcəm” deyərdim. Amma birinci qızım 40 yaşım olanda dünyaya gəlib. Həyat – daimi improvizasiyadı, biz heç vaxt sonra nə olacağını bilmirik. Ancaq yaşımız artdıqca öz gücünə inam, arxayınlıq, təhlükəsizlik hissi gəlir adama. Gənclik və ilk gözəllik keçəndən sonra gözəlliyin başqa, daha maraqlı formasını kəşf eləyirsən və o, sənin öz mənəviyyatın üzərində çalışmalarının nəticəsidi. Məncə, belə gözəllik fiziki cazibədarlıqdan daha vacibdi”.

Monica qlamur jurnalların onu aktrisadan daha çox seksual obyekt kimi təqdim etməsinə də münasibət bildirirərək deyir ki, bu, bütün aktrisaların yaşadığı bir haldı və peşələrinin tələbidi:

“Hər dəfə təzə filmə çəkiləndə fotolarım jurnalların üz qabığına vurulur. Bu, digər aktrisaların da başına gəlir. Peşəmiz belədi. Amma mənə elə gəlir ki, o qlamurluqla normal həyat arasında balansı qorumağı, daha çox kölgədə qalmağı öyrənmişəm. Öz həyat tərzimi sevirəm. Mən özümü sadəcə italiyalı aktrisa kimi hiss edirəm. Əslində bu mənim yeganə pasportumdu. Məşhur italyan aktrisaları öz qadınlıqları, cazibələri ilə mənə ilham verirlər. Elə şeylər var ki, yalnız onlarda görüb arzuladığım üçün eləyirəm. Amma bəzi şeylər də qeyri-şüuri şəkildə alınır. Ki, bu da əsl italyan xasiyyətidi”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG