Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:57

'Dövlət orqanları var, aylardır əməkhaqqı vermirlər'


Nazirlər Kabinetinin iclası.

İslahatlar, bahalaşma, inhisar, manatın gələcək taleyi və ölkədə sağlam uşaq dünyaya gətirməyin xərcləri bu gün medianın aparıcı mövzusudur…

İSLAHATLAR NƏTİCƏ VERİR

«Azərbaycan» qəzetində «İqtisadi islahatlar real nəticələrini verir» sərlövhəli məqalə dərc edilib.

Yazıda xatırladılır ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin aprelin 10-da keçirilən iclasında 2017-ci ilin birinci rübünün hesabatı verilib. Müəllifin qeyd etməsinə görə, bu hesabatda 2016-cı ilin analoji iclasından fərqli mənzərə üzə çıxıb: «Bir il əvvəl Azərbaycana da təsir göstərən maliyyə-iqtisadi böhran ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan islahatlar müzakirə mövzusu idi. Üstündən cəmi bir il keçdikdən sonra biz artıq iqtisadi sferada əldə olunan müsbət dinamikadan danışırıq».

Müəllifə görə, 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, ölkə iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Yazıda dövlət başçısı İlham Əliyevin adıçəkilən iclasda çıxışından sitat da gətirilir: «İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün istiqamətlər üzrə yaxşı göstəricilər var. İqtisadiyyatın qeyri-neft sektoru 2.4 faiz artıb, qeyri-neft sənayesinin inkişafı 2 faiz səviyyəsində olub. Kənd təsərrüfatı 3.3 faiz artıb. Bu onu göstərir ki, bizim gördüyümüz işlər artıq öz nəticələrini verir».

Yazıda deyilir ki, islahatlar kompleks halda aparılıb və bir çox sahələri əhatə edib. Bu sahədə qanunvericilik təkmilləşdirilib.

Mərkəzi Bank
Mərkəzi Bank

MƏRKƏZİ BANKIN SİYASƏTİ

«Yeni Müsavat» qəzetində dərc edilən «Hamı anlayır ki, dollar qalxacaq» sərlövhəli məqalədə ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verilir.

Ə.Həsənov deyib ki, hökumət manatın möhkəmləndirilməsindən ötrü vəsait sərf etmir. Hətta son vaxtlar valyuta ehtiyatları artıb: «Amma son iki ildə Mərkəzi Bank manatın həcmini iki dəfə azaldıb».

Ə.Həsənov izah edir ki, istənilən əmtəənin sayı azalanda, qiyməti qalxır. Odur ki, manat azaldığından dollar ucuzlaşır.

Ekspert xatırladır ki, son vaxtlar Mərkəzi Bank depozit auksionları keçirir. Banklara bu prosesdə 14 faizlik gəlir verir.

Ə.Həsənov vurğulayır ki, banklar o pulu kredit şəklində sahibkarlara və vətəndaşlara vermirlər, çünki devalvasiyadan və böhrandan qorxurlar.

Ekspertə görə, son illərdə dollar ehtiyatı toplayanlar hansısa məhsulu alanda, manat lazım olur. Bu alqı-satqıda da yenə də Mərkəzi Bank qazanır: «Elə Mərkəzi Bank bunu ona görə edib ki, əhalidən dolları ucuz alsın. Mərkəzi Bank ilin əvvəlində dolları hamıya baha satdı ki, sonradan ucuz şəkildə geriyə alsın».

Amma Ə.Həsənov hesab edir ki, bu, çox davam edə bilməz, çünki iqtisadiyyata pul lazımdır. Ekspertin deməsinə görə, indi bəzi dövlət orqanları var ki, aylardır əmək haqqı vermirlər, çünki pul yoxdur: «Hazırda ödəniş sistemi iflic olub, sahibkarlar və digər şəxslər indi bir-birinə borclarını ödəmirlər. Çünki hamının ehtiyatı dollarladır, hamı da anlayır ki, dollar qalxacaq. Vaxt udmağa çalışırlar ki, dolları indiki məzənnə ilə deyil, bahalaşdıqdan sonra dəyişsinlər».

Ə.Həsənovun proqnozuna görə, ən geci payızda dollar bahalaşacaq.

Bazar
Bazar

İNHİSARA QALİB GƏLƏ BİLƏCƏKSİNİZMİ?

«Novoye Vremya» qəzetində «İqtisadiyyat Nazirliyi həyəcan təbili çalır, bu, mövcud durumu dəyişə biləcəkmi?» sualı gündəmə daşınır.

Müəllif yazır ki, ölkədə qiymətlərin durmadan yüksəlməsini artıq deputatlar da etiraf edir. Amma hökumət susmaqda davam edir.

Yazıda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin qiymət bahalığı ilə bağlı aprelin 13-də bəyanat verməsi «aydın səmada ildırım çaxması» kimi dəyərləndirilir.

Yazı müəllifi xatırladır ki, nazirliyin bu bəyanatı dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin bu günlərdəki iclasında qiymət bahalığı ilə bağlı açıqlamasından sonra səslənib: «Yəni, buna qədər Antiinhisar Xidməti qiymət özbaşınalığına adekvat reaksiya verə bilməzdi? Yəni, nazirik görmürmü ki, qiymət bahalığı çoxdan baş alıb gedir?».

Müəllif ehtimal edir ki, kimin nə deməsindən asılı olmayaraq, qiymət artımı bundan sonra da davam edəcək: «Nazirlər Kabineti inflyasiyanın qarşısını ala bilmir, buradan da qiymətlərin bahalaşması üçün əlverişli şərait yaranır. İstehlakçı hüquqları bundan sonra da inhisarçılar tərəfindən pozulacaq. Odur ki, ilk növbədə süni qiymət artımı ilə mübarizə getməlidir».

Müəllifə görə, ölkədə qiymətlərin bahalaşmasında inhisarçıların xüsusi payı var. Azərbaycanda inhisarın bazara diqtə etdiyini hamı bilir, ancaq ona qarşı yetərli mübarizə aparılmır.

Hamilə qadın
Hamilə qadın

HAMİLƏ QADININ XƏRCLƏRİ

«Bizim Yol» qəzetində «Sağlam uşaq özü ağırlıqda pul tələb edir» sərlövhəli məqalədə hamiləlik dövründə qadınların xərcləri göz önünə gətirilir.

Müəllif yazır ki, müəyyən patoloji problemlər yaranmamasından ötrü hamiləliyin müxtəlif dönəmlərində analizlər verilməsi olduqca vacibdir: «İndi uşaq dünyaya gətirmək heç də asan deyil. İstər müayinələrin çoxluğu, istər həmin zaman keçirilən stress, istərsə də qiymətlər bu prosesi daha da çətinləşdirir»,-deyə hamilə qadınlardan biri qəzetə bildirib.

Hamilə xanım müayinə məqsədilə klinikalardan birinə getdiyini, amma razı qalmadığını deyib: «Tanışlarımın məsləhəti ilə özəl klinikaların birində çalışan ginekoloqa müraciət etdim. İlkin müayinə və analizlər birlikdə 220 manat tutdu».

Hamilə xanım deyib ki, müəyyən müddət sonra yeni analizlər verilməlidir. Qiymətlər yüksək olsa da, körpənin sağlamlığından ötrü vacibdir: «Doğuş normal olsa, təxminən 1000 manat, hər hansı problem yaransa və qeysəriyyə əməliyyatı keçirəsi olsam, 1200-1300 manat ödəməli olacağam».

Yazıda qeyd edilir ki, dövlət doğum evlərində pulsuz xidmət mövcuddur. Halbuki, orada da xərcə düşürsən. Bu dəfə söhbət həkimlərə «hörmət etmək»dən gedir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG