Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 03:47

«Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli strateji əməkdaşlıq əlaqələrinin qurulması üzrə danışıqlar çoxdan gedir və indi daha konkret məsələlər masa üzərindədir».

Bunu AzadlıqRadiosuna Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sabir Hacıyev deyib.

S.Hacıyev hesab edir ki, indi danışıqlar daha geniş formatda aparılır: «Əvvəlki danışıqlar «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində idi, indi isə konkret olaraq tərəflər kimi Avropa Birliyi və Azərbaycan dövləti çıxış edir. Odur ki, fikrimcə, indiki danışıqların səviyyəsi daha məqbuldur».

S.Hacıyevin bu danışıqlardan gözləntiləri var. O bildirir ki, indiki danışıqlar formatında tərəflərin maraqları və prioritetləri yetərli dərəcədə nəzərə alınacaq: «Danışıqlar varsa, məsələ artıq ciddiləşibsə, əlbəttə, bu, nəticəsiz qala bilməz. Düşünürəm ki, tərəflər - həm Azərbaycan dövləti, həm də Avropa Birliyi öz maraqlarını nəzərə alacaqlar».

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Yaxın günlərdə Azərbaycanla Avropa Birliyi arasında danışıqların növbəti mərhələsi keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG