Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:10

'Banklar vətəndaşların və turistlərin cibinə girir'


İ.Əliyev Davosda.
İ.Əliyev Davosda.

Azərbaycanın regiondakı mövqeyi, bank sistemindəki vəziyyət, xarici valyuta alqı-satqısında böyük fərqlər və onlayn ticarətin inkişaf etməməsinin səbəbləri bu gün medianın aparıcı mövzusudur...

ETİBARLI TƏRƏFDAŞ - AZƏRBAYCAN

«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur» sərlövhəli məqalədə ölkənin dünyada yeri və rolu dəyərləndirilir.

Yazıda qeyd edilir ki, Azərbaycan qlobal layihələrin həyata keçirilməsində və beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilib.

Müəllif vurğulayır ki, Azərbaycan diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi və beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların qorunmasını maksimum səviyyədə təmin edir.

Yazıda deyilir ki, Azərbaycanın inkişaf modeli dünyada nümunə kimi göstərilir, bu təcrübə hazırda öyrənilməkdədir.

Müəllifə görə, prezident İlham Əliyev hakimiyyətdə olduğu 14 il ərzində dünyanın aparıcı ölkələr ilə faydalı əməkdaşlığı genişləndirib və Bakıda keçirilən beynəlxalq tədbirlər bunun göstəricisidir.

Yazıda Azərbaycana etimadın artdığı bildirilir və müəllif sözlərinin təsdiqi kimi prezidentdən sitat gətirir: «Mən 10 ildən çoxdur ki, Davos Ümumdünya İqtisadi Forumunda iştirak edirəm. Əlbəttə, bizim tədbirlərdə iştirakımız, fəal rolumuz, ölkəmizə rəğbəti, hörməti artırır və bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır».

Exchange
Exchange

VALYUTADƏYİŞMƏ, YOXSA SOYĞUNÇULUQ?

«Yeni Müsavat» qəzeti «Azərbaycana gələn turistlərin ən böyük çətinliyi: valyutanı necə dəyişək?» sərlövhəli məqalə oxumaq olar. Yazıda başlığa çıxarılan sual ətrafında ekspert Natiq Cəfərlinin düşüncələrinə yer verilir.

Müəllif əvvəlcə rəsmilərə istinadən son vaxtlar ölkəyə gələn turistlərin sayını açıqlayır. Sonra da onların valyutadəyişmə prosesində üzləşdiyi problemləri gündəmə daşıyır.

İqtisadçı-ekspert N.Cəfərli də qəzetə deyib ki, turistləri ciddi şəkildə narahat edən bu problem aradan qaldırılmalıdır: «Azərbaycan həqiqətən turist ölkəsi olmağa çalışırsa, ən önəmli problemlərin həllinə üstünlük verməlidir».

Ekspert Gürcüstanı nümunə göstərir. N.Cəfərli deyib ki, Gürcüstanda valyutadəyişmə məntəqələri səhər saatlarından gecə saat 12-yə qədər çalışırlar. Dollar qıtlığı da yaşanmır.

Ekspert hesab edir ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin bağlanması müsbət nəticə verməyib: «Bu addım «qara bazar»ın yaranmasına gətirdi. Bu da manatın məzənnəsi ilə bağlı heç bir effekt vermədi. Əksinə, həm yerli vətəndaşlar üçün, həm də xarici turistlər üçün valyuta dəyişmək problemə çevrildi».

N.Cəfərli deyib ki, bununla 4 min nəfər çalışan işsiz qalıb. Üstəlik, banklar bu işin öhdəsindən gələ bilmir.

Ekspert diqqəti alış və satış arasında ciddi fərqin olmasına da yönəldir: «İndi banklarda alış-satış arasında ciddi fərq var. 100 dolların alqı-satqıda ən azı 8 manat fərq yaranır. Bu, çox böyük problemdir, bu vətəndaşların və turistlərin cibinə girmək deməkdir».

Bank.
Bank.

BANKLAR BÖHRANDAN ÇIXMAYINCA...

«Novoye Vremya» qəzetində isə «Bank böhranının iqtisadiyyatda doğurduğu təhlükə davam edir» sərlövhəli məqaləyə yer verilib.

Müəllif yazır ki, ölkənin bank sisteminə etimad ən aşağı səviyyədədir. Artıq banklara nə kredit götürənlər, nə də əmanətçilər etibar edir: «Ölkədə 10-dan çox bankın bağlanması ilə əmanətlərin qaytarılmasında yaranan problemlər həm banklara etimadın, həm də əmanətlərin həcminin azalmasına səbəb olub».

Müəllifə görə, elə bu səbəbdən bəzi insanlar pullarını banklarda yox, balışlarının altında saxlayırlar.

Yazıda qeyd edilir ki, bank böhranı özünü bütün formalarda göstərir. Müəllifin düşüncəsinə görə, böhrandan çıxış simmetrik olmalıdır, problem kompleks həllini tapmalıdır: «Amma nə qədər ki, bank sistemini bu durumdan çıxarmalı olan qurum təmsilçiləri sadəcə düşünürlər, vəziyyət bir o qədər də pisləşəcək».

Yazıda vurğulanır ki, bankların böhranda olması bütünlükdə iqtisadiyyata zərbədir. Çünki bu vəziyyət iqtisadiyyata sərmayə qoyuluşunu azaldır.

Müəllifə görə, iqtisadiyyatın zəifləməsi ölkə vətəndaşlarının dolanışığına da mənfi təsir göstərir.

Əkrəm Həsənov
Əkrəm Həsənov

ONLAYN-TİCARƏT BEŞİKDƏ BOĞULUB

«Exo» qəzetində isə «Azərbaycanda onlayn-ticarətə vergi vaxtından qabaq tətbiq edilib?» sualına cavab axtarılır.

Ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib: «Prinsip etibarilə, elektron ticarətin ölkədə vergiyə cəlb olunması əsaslıdır. Amma fikrimcə, bunu vaxtından tez ediblər. Çünki elektron ticarət Azərbaycanda yenicə cücərirdi, bu qərar isə elektron ticarəti heçə endirib».

Ekspert hesab edir ki, bu qərar bir neçə il sonra verilsəydi, böyük səmərəsi olardı.

Ə.Həsənov deyib ki, bir neçə il ərzində insanlar elektron ticarətə öyrəşəcəkdilər.

Ekspert vurğulayıb ki, dövlət daxilolmaları dolayı vergilərlə artırmaq istəyib.

Müəllif xatırladır ki, 2016-cı ilin sonunda Vergilər Nazirliyi elektron ticarətə əlavə dəyər vergisi (ƏDV) tətbiq edib. ƏDV 18 faiz təşkil edir. Onlayn iş, xidmət istifadəçiləri, onlayn-lotereya, yarış və müsabiqə iştirakçıları bu vergiyə cəlb olunurlar.

İqtisadçı-ekspert Fuad Əlizadə isə qəzetə deyib ki, Vergilər Nazirliyinin müəyyən etdiyi bu vergi norması ədalətli deyil. Üstəlik, xarici ölkələrlə müqayisədə Azərbaycanda onlayn ticarətin həcmi olduqca azdır: «Amma Qazaxıstanda bu ticarət növünün dövriyyəsi 8 milyarda bərabərdir. Əgər bu sahə başqa ölkələrdəki kimi inkişaf etmiş sahə olsaydı, vergi tutmaq olardı .Amma bu gün bunun əsla yeri deyil».

XS
SM
MD
LG