Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:26

Filizsaflaşdırmanın özəlləşdirilməsi ilə bağlı iradlara cavab verildi


«Daşkəsən Filizsaflaşdırma» ASC

«Daşkəsən Filizsaflaşdırma» ASC-nin səhmlərinin investisiya müsabiqəsi yolu ilə özəlləşdirilməsinin ləngiməsi ekspertlərin iradlarına tuş gəlib. Müsabiqənin vaxtını 4-cü dəfə – bu dəfə mayın sonunadək uzatmağa məcbur olan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), nəhayət, bu iradlara cavab verib.

AzadlıqRadiosu-nun müxbiri ilə söhbətdə bəzi ekspertlər investorlar qarşısında qoyulan şərtlərin ağırlığını, investor axtarışının zəifliyini vurğulayıblar. Amma Komitə bu ittihamları qəbul etmir, müsabiqənin təşkili ilə bağlı gərəkən işlərin davam etdirildiyini bildirir.

Buna da bax:​ Daşkəsəndə filiz kombinatının özəlləşdirilməsi 'daşa dirənib'

Potensial alıcıların özəlləşdirmədən xəbəri var

Qurum bildirir ki, strateji investorların cəlbindən ötrü tanınmış metallurgiya şirkətləri müsabiqəyə dəvət olunub. «Bu günədək polad istehsal edən 40-dan artıq şirkətlə təmas qurulub, maraq göstərən investorların sualları cavablandırılıb. Müsabiqə barəsində elan Azərbaycan və ingilis dillərində kütləvi informasiya vasitələrində (o cümlədən, elektron) dərc edilib» - ƏMDK-nın açıqlamasında yazılıb.

Niyə məhz 600 milyon dollar?

Komitə qara metallurgiya kompleksinin yaradılması üzrə investisiya tələbatının qiymətləndirilməsi məsələsinə də toxunur və bunu ayrı-ayrı nüfuzlu layihə institutları və konsaltinq şirkətlərinin apardıqları tədqiqatların nəticəsi ilə əsaslandırır.

Buna da bax:​ 'Daşkəsən Filizsaflaşdırma'ya investor tapılmayıb

Bu tədqiqatlar üzə çıxarıb ki, ildə 1 milyon ton polad məhsullarının istehsalına, xammaldan son məhsula qədər istehsal zəncirinə daxil zavodların inşası və avadanlıqla təminatına minimum 600 milyon ABŞ dolları kapital qoyuluşu tələb olunur.

Büdcəyə köçürməyə daha çox pul tələb oluna bilərdi

Komitənin açıqlamasında qalib gələcək şirkətdən, ən azı, 100 milyon manat (60 milyon ABŞ dolları) birdəfəlik büdcə ödəməsi haqda irada da münasibət bildirilib. Deyilir ki, bu məbləğ daha da çox ola bilərdi.

«2017-ci il üçün 62 faizlik dəmir filizi konsentratının proqnoz qiyməti 48 ABŞ dolları götürülürdü. Hazırda dünya bazarlarında qiymət 82 dollara qədər bahalaşıb. Buna baxmayaraq, layihənin özəlləşdirmə cəlbediciliyini qorumaq üçün müsabiqə komissiyası dövlət büdcəsinə ödənişin məbləğini artırmamağı qərara alıb. İşdir, qiymət kəskin artarsa, büdcə ödənişinə yenidən baxıla bilər», – ƏMDK-nın rəsmi mövqeyi belədir.

Buna da bax:​ Oğuz şərab zavoduna sərmayəçi axtarılır

ƏMDK: «Şərtlər ədalətli və güzəştlidir»

Büdcəyə ödənən məbləğin hesablanması meyarlarına gəlincə, bu, 5 il ərzində icra olunacaq layihənin ümumi investisiya məbləğinin 10 faizi həcmində götürülüb. İnvestorun mənafeyi də nəzərə alınıb: ödəniş tam deyil, hissələrlə ödənəcək.

Bu səbəblərdən ƏMDK-da hesab edirlər ki, investor qarşısında qoyulan şərtlər «ədalətli və əhəmiyyətli dərəcədə güzəştlidir».

Açıqlamada o da deyilir ki, özəlləşdirməni ƏMDK tək deyil, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası və Daşkəsən rayon İcra Hakimiyyətinin təmsilçilərindən ibarət müsabiqə komissiyası aparır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG