Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 07:41

Bu gün, aprelin 10-da Bakıda Şopinq Festivalı başlayır.

Festivalın ilk günü İçərişəhərdə şou-proqram keçiriləcək.

Bu xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bakı Şopinq Festivalının təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosundan verilən məlumata görə, şou-proqrama müxtəlif musiqi qrupları qatılacaq.

Festivalın mayın 10-a kimi davam edəcəyi bildirilir.

Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı «Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» sərəncamda Bakıda şopinq festivallarının keçirilməsi nəzərdə tutulurdu.

Bundan əvvəl, Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda əlavə dəyər vergisinin (ƏDV) qaytarılması prosesi ilə bağlı yerli sahibkarlara müraciət etmişdi.

Müraciətdə bildirilirdi ki, sahibkarlar ƏDV-nin qaytarılması üstünlüyündən yalnız o halda yararlana biləcəklər ki, festivalın rəsmi saytında qeydiyyatdan keçmiş olsunlar: «Festivalda alış-veriş zamanı tətbiq olunan ƏDV-nin qaytarılması sisteminə qoşulmaq üçün vətəndaşlar əvvəlcə BSF-nin rəsmi saytında və Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Bu iki qurumdan birində qeydiyyat aparılmadığı halda, həmin mağaza və ya digər sahibkarlar bu prosesə qoşula bilməyəcəklər».

ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi «Baku Shopping Festival – Tax Free» stikeri yerləşdirilir. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.

Sistemə qoşulmaqdan ötrü tələb olunan qeydiyyat isə ödənişlidir.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev isə bildirmişdi ki, şopinq-festivallar sayəsində Azərbaycana əlavə 200-250 min turist gələcəyinə ümid edirlər.

Nazir qeyd etmişdi ki, Azərbaycan iki şopinq-festivalın təşkilinə 1.5 milyon manat xərcləməyi nəzərdə tuturlar. Gəlir gözləntisi isə 50 milyon manat səviyyəsindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG