Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:58

Biz Qarabağda necə vuruşub ölürdük (romandan parça)


Qarabağ müharibəsi
Qarabağ müharibəsi

"Mən də oxuyurdum daa, ciyərüü yeyim, Politexdə, ikinci kursda. İstədiyim qız da var. Çox dedilər: “Dava sənlik döyül”. Dözəmmədim. Qeyrətim götürmədi... İnstitut cəhənnəm, qoy dava qurtarsın, ciyərüü yeyim, bir toy çaldıracam ki, səsi göyləri titrətsin!”"

Yaşar Bünyad

İblis busəsi

romandan parça

...Qəmgin şəhər oyanışına ümidsiz mürgüdöymədən diksinən qoca kimi qəfil açılan səhərin işığından məmnun görünürdü. Yenicə doğan günəşin ilıq şəfəqləri şəhərin qırlı, kirəmidli damlarında, daş döşəməsini sovet tanklarının zəhmli tırtılları belə dağıda bilməyən köhnə Bakı küçələrində oynadıqca gecədən üşüyən Xəzərin də üzünə utancaq bir gülüş qonurdu.

Məryəmlə görüşüb evdən çıxdım. Bütün xoş və acı xatirələrimin əlindən qaçıb əynimə döyüş paltarı geyəcəyim ilk səhərin sərin havasını ciyərimə çəkdim... Özüm də hiss etmədən yeni bir aləmə - həm maraqlı, həm də ziddiyətli, mənə tanış olmayan bir aləmə doğru gedirdim.

Sovet imperiyasının süqutu bütün keçmiş “qardaş” respublikalardakı kimi burda da gözəgörünməz bir boşluq yaratmışdı; könüllü, daha doğrusu cəbhəçilərin real hakim qüvvəyə çevrildiyinə tam əmin olduğunu görən kommunistlərin qorxudan bircə gecənin içində əqidələrindən (əgər həqiqətən əqidələri vardısa) dönməsi, hələ də yeni yaranmış dövlətin ayaq üstə necə duracağına inamın az olmasına baxmayaraq keçmiş quruluşa nifrət bəsləyən çoxluğun heç bir qorxu və təzyiqlərə baxmayaraq yeni azad bir dünya yaratmaq uğrunda mübarizə aparması da bu boşluğu doldura bilmirdi, çünki, belə tez əqidəsindən dönən kommunistlər öz postlarını itirdikcə, cəbhəçilərə sadiqlik pərdəsi altında gizlənmələrinə baxmayaraq, yeni quruluşa kömək etmək əvəzinə gözləmə, mövqeyi tutur, “bəlkə də qaytardılar” sevdasıyla yaşayırdılar.

Zaman, çaşqın dövran bəylərin dövranıydı; çəkməçi, çayçı, icra başçısı, müəllim, bənna, milis... hamı bəy idi, bəy! “Bəy” deyə müraciət etməyənlərə çəpəki baxıb “bizdən deyil” düşünənlərin kinindən qorunmaq üçün, yaraşdı-yaraşmadı, hamı bir-birini beləcə çağırırdı. Ancaq, heç də hamının sifətindən, üst-başından bəylik tökülmürdü, tökülə də bilməzdi. Çünki, bu bəylik biz başa düşən bəylikdən deyildi - bu titul idi, quruca titul! Dövründən asılı olmayaraq bığı burma, şiş papaqlı, at belində, nökər-nayıbı, ilxı-sürüsü, varı-dövləti olan bəylər həmişə olub, var və olacaq -titulsuz da olacaq. Belə titulsuz bəylər kölgədə qalmağı daha çox xoşlayırdılar və əsl bəylərin bir balaca büdrəmələri kifayət idi ki, onlar gizli sevdalarına qovuşsun, yenidən at oynadıb cövlan etsinlər, məzlum, fağır millətə qan uddursunlar. “Yoldaş”ların “Bəy” olmasına isə böyük zaman gərək idi, çox böyük zaman.Vaxt isə gözləmirdi, öz atını amansızcasına çapırdı bu məmləkətdə.

Bir acı həqiqəti deyəcəm: illərlə əsl əqidə uğrunda mübarizə aparan, meydanlarda, cəbhədə vicdanla, şərəflə vuruşan yüzlərlə, minlərlə bəy titulunu daşıyan Azərbaycan oğulları böyük və keşməkeşli yol keçib müstəqilliyinə qovuşandan sonra, daha çayçı-bəy, fəhlə-bəy, müəllim-bəy olmaq istəmirdilər, çünki bu bəylərin də kokü-soyu şura hökumətinin suyunu içib, çörəyini yemişdi və bu çörəyin dadı-tamı çoxlarının damağında qalmaqdaydı. Açıq və gizli təmənna, tələb vardı hər kəsin içində. Kimi nazir, kimi icra başçısı, kimi rəis, kimi də məktəb direktoru olmaq istəyirdi. Olurdu da. Kreslolar tükəndikcə narazılıqlar çoxalırdı. Möhürləri əlindən alınan köhnələrin gizli düşmən mövqedə durması, möhürü təhvil alan bəxti gətirmiş bəyin səriştəsizliyi qalmaqallara, məhkəmə dartışmalarına yol açırdı. Müharibəyə cəlb olunmuş, ilk addımlarını atan bir dövlətdə elliklə ayağa qalxıb torpaqları azad etmək əvəzinə, çoxlarının başı mənasız və yersiz intriqalara, vətəndaş toqquşmalarına qarışmışdı. İddialar qarşıdurmaya, tələblər parçalanmağa aparırdı bəyləri... Vuruşanlar isə iddiasızlar idi - sadəcə, torpağını təcavüz etmiş xain düşməndən azad etmək amalıyla vuruşan iddiasızlar!...

Mən çox şeyi bilmirdim, çox qaranlıqlara saçacaq işığın fərqində də deyildim, çünki pərdəarxası siyasi oyunlar mahir "aktyorların ifasında" o qədər ustalıqla, həm də o qədər gizli, gizli olduğu qədər eybəcər formada elə baş verəcəkdi ki, insanlar düşdükləri gülünc vəziyyətə görə hansı siyasi partiyanı, hansı lideri, ya da naşı, səriştəsiz iqtidarı günahlandlrmaqda çətinlik çəkdiyini anlayacaq, hamı gözləmədiyi, daha doğrusu arzulamadığı anarxiyanın doğduğu xaosda bataqlıqdakı kimi boğulacaqdı.

Yaşar Bünyadın "İblis busəsi" romanının üz qabığı.
Yaşar Bünyadın "İblis busəsi" romanının üz qabığı.

Döyüş bölgələrində baş verən uğursuzluğa barmaqarası baxan iqtidar guya, xain, satqın axtarışında baş sındırarkən, əslində Domokl qılıncı kimi başının üstünü alan fəlakətdən - onu gözləyən dövlət çevrilişindən qorunmaq, qurduqları hökuməti nəyin bahasına olursa-olsun ayaqda saxlamaqla məşğul olacaq - sanki Respublika ancaq Bakıdan ibarət imiş kimi. Əslində o, bir-birinin ardınca zəbt edilən torpaqlarla birgə Bakıya yaxın rayonların da çoxunda öz hakimiyyətini, gücünü itirəcək; iqtidarı təmsil edən güc, icra, məhkəmə, yerli idarəetmə orqanları silah gücünə devriləcək, başıpozuq, heç kimlə hesablaşmayan üsyankar dəstələr milis şöbələrinə basqın edərək silahları ələ keçirib, vəzifəli şəxsləri təhqir edərək işdən uzaqlaşdıracaq, bazar və dükanları qarət etməkdən belə çəkinməyəcəklər. Bəzi rayonlarda isə onlara danoslar verən yerliləri vəzifələrə təyin etdikdən sonra onları öz bildikləri kimi idarə edərək camaatı iqtidarla qarşı-qarşıya qoymağa, öz aləmində dövlət çevrilişinə nail olacaqlar da. Hərc-mərclik o yerə gəlib çatacaqdı ki, xalqın seçdiyi hökumət nümayəndələri Bakıdan qırağa çıxanda belə ehtiyatlı tərpənəcək. Əslində gözlənilən bu təlatümün qarşısını almağa cəhdlər olsa da, iş-işdən keçdiyi iki dəfə iki qədər sadəydi. Amma fəlakətin qaçılmaz olduğunu, bu qarmaqarışıqlığda əqidəsinə, silahdaşlarına arxa çevirib öz ambisiyalarına qul olan həmvətənlərim barədə məlumatı olmayan biri kimi ətrafımda nələrin baş verdiyindən, təbii ki, xəbərsizdim və bunları sonra biləcəkdim. Həm də ona əmin olacaqdım ki, hansısa gözəgörüməz qüvvələr ciddi-cəhdlə öz niyyətinə çatmaq üçün yaranmış şəraitdən məharətlə istifadə edir. Amma indi hər şeydən xəbərsiz, beynimdə xülyalar quru-qura coşqun, sahilsiz dənizi xatırladan azadlıq hərəkatında bir damla olmaq istəyirdim. Dənizdə bir damla...

Belə bir zaman kəsiyində Bakıdaydım və ... Milli Məclisin qarşısında keçirilən mitinqdə bir dəstə könüllüyə qoşulub cəbhəyə yola düşdüm. Ağızları köpüklənə-köpüklənə bir-birini əvəz edərək milli dəyərlərdən danışan natiqləri alqışlayan minlərlə kişi iştirak edən mitinqdən nədənsə cəmi on altı nəfər cəbhəyə gedirdi. Biz meydandan uzaqlaşdıqca uzaqlaşır, başıbəlalı mitinq isə hələ də davam edirdi. Avtobusun açıq pəncərəsindən baxa-baxa “kaş ki, burdakıların hamısı cəbhəyə gedəydi” deyə fikirləşəndə nədənsə üzümə çırpılan ilıq küləyi qınadım.

Buna da bax: Rusiyadakı azərbaycanlı miqrantların həyatından bəhs edən roman çıxdı

Cəhənnəmdə doğan Günəş

...Qulaqlarıma əridliş qurğuşun tökmüşdülər elə bil. Beynimin içində nəsə vurnuxur, gərilir, amma bu “nəsə”nin səsi eşidilmir. Deyəsən gicgahımdakı ağrıdan gözlərimi aça bilmədim. Yoxsa bu ağrı deyildi? Sanki ağır avtomabil qəzası keçirəndən sonra gipsə qoyulmuşam; dərim dartınır, tarmalaşdıqca da gicişirdı, qaşınmaq üçün heç olmasa ikicə barmağa ehtiyacı vardı ki, süstləşsin, toxtasın. Amma nə lənətə gəlmiş barmaqlarımın, nə də ki, başqa əzalarımın harda olduğunu hiss edirəm... Qaxaca dönmüş qətran göz qapaqlarımı kipriklərimə yapışdırıb. Getdikcə, yavaş-yavaş burnumun dəliklərində, quruyub çatlamış dodaqlarımda onun tamını duyuram. Keylik, süstlük qollarımı tərpətməyə imkan vermir. Doğrusu, qorxudan onların olub-olmaması barədə fikirləşmirəm. Fikirləşmirəm ona görə ki özümü əlsiz-ayaqsız təsəvvür edə bilmirəm, etmək istəmirəm. ”Ya Rəbbim, əgər günahlarıma görə məni cəzalandırırsansa, bağışla məni. Bağışla...” Özümü hiss etmirəm, sanki iflic olmuşam.

İstədim ayaqlarımı hərəkətə gətirim. ”Mənim qıçlarım harda, qollarım harda?..” Yazıq ayaqlarım, qurumuşdu, tərpənmirdi. ”Qurumuşdu?..Yoxdu bəlkə?.. Bəlkə ölmüşəm?... Yoox , belə də ölmək olaar? Ö-ölü öz-özüylə danışar məgər? Bəs bu qoxu, bu tanış qoxu nədi belə? Onu burnumun dəliklərində, dodağımda, hətta ağzımın içində hiss edirəm. Anlaya bilməsəm də çox tanış bir qoxu olduğunu duyuram. Duyuram, deməli ölməmişəm! Heç olmasa barmağımı, bircə barmağımı tərpədə biləm...”

Çiyinlərimdən məni basan ağırlıq getdikcə döş qəfəsimi ciyərlərimə sarı sıxır. Nəfəs almağım çətinləşdikcə ağrılarım şiddətlənir... Ağrı varsa, deməli, yaşayıram. Axı ağrı-acısız yaşamaq mümkün deyil bu məmləkətdə.

Buna da bax: Gorun çattasun, a Lelin, bu da axurun

Birdən boğuq, xırıltılı səs qurğuşunlu qulaqlarımda cingildədi. Səs hardan gəlirdi?

-Aa -naaa...

Sanki dərin quyunun dibində kimsə imdad diləyirdi. Səs getdikcə boğulur, qırılır, uzaqlaşır.

-A-aa...aa...

Xeylı gözlədim. Sanki teleqraf tellərini qəfil kəsdilər. Daha səs gəlmədi.

“Tapdım!..” Bayaqdan məni vahiməyə salan, anlaya bilmədiyimdən yaddaşımı, dünyanın bütün qoxularını lənətlədikdən sonra anladım ki bu, nəm torpağa qarışmış qan qoxusudur! Torpaq və Qan! Deməli qulaqlarıma dolan, gözlərimi qapayan, burnumu tıxaca döndərən laxtalanmış qan imiş?! Kimin qanı? Öz qanımda boğuluram bəlkə?

Yaddaşımı nizama salıb harda olduğumu düşündükcə taqətimi də toplayıb var gücümlə vücuduma hakim kəsilməyə başladım. ”Ölməmişəmsə, deməli hələ canımda su qalıb. Qalxa bilərəm yəqin!.. IIIIIhhhh... Qalx !.. Bir az da...həəə, bir aazz ... sa-ğaa... həə... so-laa... Görən, bu üstümdəki nədi belə?!.. Nə yaman ağırmış...”

Əzgin, heysiz qollarımı güclə sinəmin tuşunda birləşdirib ölü kimi ağırlaşmış bədənimi qaldırmağa çalışdım. ”Yaa..Al-lah!...” Üstümdəki yükün nədənsə, daş-kəsək, torpaq olduğuna əmin idim - başqa nə ola bilərdi ki?!

Sağ tərəfimdən nəsə sürüşüb düşdü. Handan hana, sağ çiynimi azca azad etdikdən sonra əlimin üstüylə gözlərimi bağlayan qan laxtasını ovdum. Kipriklərimin arasından batmaqda olan solğun payız Günəşinin zəif şəfəqləri bəbəklərimə sancıldı. Zülmətdən qurtulmuş gözlərim qəfil işıqdan diksinib qapandı. Bu bir anlıq oldu. Təzədən gözlərimi açanda harda olduğumu, çiynimdən atdığım yükün çınqıl, daş-kəsək olmadığını aydınca dərk etməyə başlayanda bütün bədənim silkələndi, az qala ödüm ağzıma gəldi.

Bu, qanlı-qadalı müharibənin altı ayında gördüyüm ən dəhşətli mənzərəydi! Özümü bir-birinin, daha doğrusu mənim üstümə qalaqlanmış meyitlərin arasında görəndə tüklərim ürpəşdi, dünya başıma fırlandı. Havaya qarışmış dağlanmış ət iyindən sulandıqca göynəyən, həlqəsindən çıxmış gözlərimi ovucumun içiylə ovduqdan sonra parça-parça olmuş bədən hissələrinin arasında, heç olmasa sağ qalan, döyüş yoldaşlarımı axtarmağa başladım. Yasəmən rəngində dumana bürünmüş yüksəklik boğucu boz tüstü qalxan dərin çuxurdan elə vahiməli görünürdü ki, sanki qaynar tiyanın ağzı indicə qapanacaq... ”Qrad”ın partlayışından yaranmış bu yarğandan çıxmaq üçün xeyli əlləşdim; hələ də tüstüləyən soyumamış torpağı keyləşmiş barmaqlarımla eşərək yuxarı dırmandım, nəhayət geniş yarğanın kənarına yetişib ağzıüstə yerə sərildim.

Dörd-beş saat əvvəl tutduğumuz yüksəkliyin ətrafı “Qrad” atəşindən dəlik-dəlik olmuşdu. Qarşı tərəfdəki kənddən açılan ardı-arası kəsilməyən atəşdən qorunub, kömək gələnə kimi, heç olmasa bir sutka mövqeyimizi möhkəmləndirmək üçün qazdığımız “qəbir”lər, gör neçə döyüş yoldaşımın son mənzilinə çevrilmişdi?! Dəli Aydın, Yavuz, “Qartal”, Əlibəy, Qasım, Tapdıq, “Bozqurd”, bələdçimiz Mübariz... Kimini paltarından, kimini qolundakı yaşıl şüşəli kompaslı saatından, kimisini də çapığından tanımaq olurdu. Bu tükürpədən mənzərəni ürəyinə daş bağlamış insan belə gözucu izləmək iqtidarında deyildi. Mən ixtiyarsız gözlərimi yumdum, çünki belə etməsəydim ürəyim dayanacaqdı... Yox, bu dəhşətli ölüm meydanını təsvir etməkdə acizlik çəkirəm!

Bir azdan möcüzə nəticəsində sağ qalanlar bir-bir görünməyə başladı; beş nəfər, ölümün pəncəsindən qurtulmuş beş döyüşçü!..

Atəş kəsilmişdi - yəqin hamımızın qırıldığını güman edib daha atmırdılar. Buradan sağ-salamat qurtulmaq həqiqətən də möcüzəydi. Bizlərdən kiminsə anası namaz üstündəymiş! Atəş kəsildiyindən ölülərimizi rahatca torpağa tapşırmaq üçün imkan yaranmışdı. Belə vəziyyətdə yüksəklikdə yubanmaq, ləngimək olmazdı. Həlak olanları arxa cəbhəyə daşımaq mümkün deyildi. Söz verilən kömək isə gəlmək bilmirdi ki, bilmirdi.

Hər qarışı qanla yuyulan, hər an ölümə qoynunu açan bu torpağın meşələri, çölləri, dərə-təpələri maral, ceyran üzünə, qırqovul, bildirçin, kəklik hətta sərçə civiltisinə həsrət qalmışdı. İndi onların yerinə buralarda tüğyan eləyən özündən müştəbeh, arxayın, heç top səsinə, güllə yağışına da məhəl qoymadan isti qan iyinə yığışan qarğa-quzğunlar başımız üstündə dövrə vururdu. Onlara aman vermək olmazdı.

Vahid, hava ələlbət qaralmamış həlak olan uşaqları dəfn etməyi məsləhət gördü. Ürək ağrısı və göz yaşlarıyla döyüş yoldaşlarımızı torpağa tapşırdıq. Güllə atmasaq da papağımızı çıxarıb döyüş yoldaşlarımıza son ehtiramımızı bildirdik. Belə adsız yüksəkliklərdə görəsən neçə qəhrəman oğullarımız yatır?!

Qulağımız olan rabitəçi Tapdıq, gözümüz olan bələdçi Mübariz həlak olduğundan ətrafla əlaqə tamam kəsilmiş, hansı istiqamətdə gedəcəyimizi də dərk edə bilmirdik. Gümanımız bir Yaradana qalırdı.

Gecə düşən kimi salamat qalmış bir neçə darağ patronu, silahımızı götürüb dərəyə endik, qayalıq boyu axan dağ çayında əl-üzümüzü yuduq, balaca rahatlaşandan sonra kor-koranə yola düşdük. Orientiri itirmişdik. Yol bizi dalınca aparırdı.

Özüylə dağların soyuğunu, sızağını gətirən bu dəlisov çayın qayalardan qopan daş parçalarına çırpınaraq atılıb düşən ləpələri köpüklənə-köpüklənə axdıqca gözlərimizdən tökülən sərsəm yuxunu qovub yox edir... İçimizə dolan acılar isə ağır yükə dönüb belimizi bükür, addımlarımızı karıxdırırdı...

Gözlənilməz itkilərdən sonra həyatın nə qədər dözülməz olduğunu hər birimiz yaxşı dərk edirdik. Heç kəs danışmırdı. Dərdimizi dağlara desəydin yerindən oynardı, bəlkə heç dözməzdi bu dərdə, əriyərdi dağlar. Biz dağdan da möhkəm idik, daş bağladığımız ürəyimizdə daşıyırdıq bu dərdi, ürəyimizdə...

Bələdçimiz olmadığından, kor-koranə getdiyimiz yolun harda bitəcəyini güman etmək belə mümkünsüzdü. Sağ qalanların hamısı buralara nabələd idi. Nabələd adam isə lap günün günorta çağı da kor kimi olur.Yollar isə adamla danışmır.

Hava qaraldıqca soyuq iliyimə işləyir.Yadıma nəsə şirin bir xatirə, ürək qızdıran bir söz salmaq istəyirəm. Başım bu dağlar kimi dumanlıdır, heç nə yadıma düşmür... Birdə ki, nəyi yada salaydım axı? Ha eşələndim, ha vurnuxdum, dağınıq xatirələrimin içində ürəyimi göynədən ağrı-acıdan, göz yaşlarından savayı bir şey tapmadım.

Gözlərim qarşısında itirdiyim yoldaldaşlarımın yaddaşıma hopub qalmış sifət cizgiləri görünür. Sanki çiyin-çiyinə addımlayırıq. Bir neçə gün əvvəlki söhbətimiz yadıma düşdükcə Əlibəyin kəlməbaşı işlətdiyi “cigərüü yeyim” deməsini lap apaydınca eşidirəm.

- "Cigərüü yeyim, bağışla... qorumadım özümü".

- Sənə min dəfə demişdim, dəlilik eləmə!...”dava-dava” oynamırsan e, burdakı güllələr doğruçudur, sən öl-mən ölüm qanmır.

- Cigərüü yeyim, bir güllə maa neyniyəcək ha?!...

- Axmaq-axmaq danışma! Sənin ölən vaxtın deyil. Sənin tay-tuşun texnikumda, institutda oxuyur, qız sevir, görüşə gedir, sənsə gör nədən danışırsan.

- Mən də oxuyurdum daa, ciyərüü yeyim, Politexdə, ikinci kursda. İstədiyim qız da var. Çox dedilər: “Dava sənlik döyül”. Dözəmmədim. Qeyrətim götürmədi... İnstitut cəhənnəm, qoy dava qurtarsın, ciyərüü yeyim, bir toy çaldıracam ki, səsi göyləri titrətsin!”

Yaşını bilməyən, özünü tanımayan hər kim olsaydı Əlibəyə yeniyetmə, cavan deməzdi. Bircə il yarım nə imiş ki, onu bu qədər böyütmüşdü, yaşlandırmışdı?! Danışanda da ahıl kişilər kimi “qocafəndi” danışırdı. Əvvəllər bu barədə düşünməsəm də, indi, Əlibəyi torpağa tapşırandan sonra, yenə də o deputatlar yığılıb iclas keçirdiyi binanın qarşısındakı mitinq, ora qışqırmaqçün yığışıb on-onb eş adamı döyüşə yola salandan sonra hələ də çoxu bir əlində siqaret, bir əli havada nəyisə tələb edən millət gözümün qabağından ötüb keçdi... Şəhərin küçələrində şıdrığı al-ver edən demokratik ölkənin azad vətəndaşlarının bağırtısını eşitdim; döyüşə, Vətəni azad etməyə səsləyən çağırışlarını yox,”Gəl mala!... Şok endirim!... İkisini alana biri havayı!...” bağırtısını və başa düşdüm ki, Bakıyla Qarabağın arasında iki dünya qədər məsafə varmış. Bu məsafəni qət etmək üçün hələ lazım olan heç bir nəqliyyat vasitəsi icad edilməyib.

- Sənin nə yaşın vardı ki?!...Lənətə gəlsin belə müharibə!

- Kimnən danışırsan, ay Rüfət?

Vahidin qəfil sualı məni xəyaldan ayırdı.

- Heç... - deyib dayandım. - Əlibəy düşdü yadıma. Uşağın heç bığı da əməllicə çıxmamışdı. Lap sütül oğlan idi... Torpağı nurla dolsun!

Qəhər məni boğurdu, lap zar-zar ağlamaq istəyirəm. Vahid kövrəldiyimi hiss etdi və ağır əlini çiynimə qoyub:

- Gəl, - dedi ,- bir az oturaq. Uşaqlar da yorğundu...

Silah-sursatımızı qayaya söykəyib şaqqıldayıb axan çayın rütubətini canına çəkmiş sal daşların üstündə çiyin-çiyinə söykənib oturduq. Sanki, sağ qaldığımız üçün utanırdıq, göz-gözə gəlmək istəmirdik. Hamının üzündən kədər yağırdı.

Soyuq, aclıq da bir tərəfdən öz işini görürdü. Bir balaca qızınmaq, heç olmasa, nəm çəkmiş paltarlarımızı elə üstümüzdəcə qurutmaq üçün ətrafdan ağac kötüyü, çör-çöp toplayıb tonqal qalamaq olardı, amma, harda qərar tutduğumuza tam əmin olmadığımızdan risk eləmədik. Əllərimizi əllərimizə sürtüşdürməklə kifayətlənirdik.

Gecənin zülmətində, çay qırağı ayağımızı yara eləyən daşlarının üstüylə nə qədər yol getmişdik, bir Allah bilir. Yorulub əldən düşmüşdüyümüzdən heç olmasa səhər açılana kimi bir az mürgü döymək, gözümüzün acısını almaq pis olmazdı...

Buna nə mürgüləmək, nə çimir vurmaq demək olmazdı. Nə qədər istəsəm də gözlərimi yumub yuxunu öldürə bilmirəm ki, bilmirəm.

O gün - Şahbazın Gəncədən qayıtdığı gün - eşitdiklərimlə dünənki hadisənin bir əlaqəsi olduğunu düşünür, qəlbimi didib parçalayan şübhələri, qara fikirləri özümdən uzaqlaşdırmağa çalışırdım. Şahbazın görüb eşitdiklərindən belə çıxırdı ki, arxa cəbhədə - Bakıda, Gəncədə, ətraf rayonlarda yaman hərc-mərclik yaranıb; heç bir təmənna güdmədən, qeyrətlə döyüşən , canından keçən oğullara kömək etmək əvəzinə, hərə bir partiya yaratmaqla məşquldur, bəzi rayonlarda hədə-qorxuyla, silah gücünə rəhbər işçiləri devirir, mənəm-mənəmlik, xaos baş alıb gedir, hakimiyyət çevrilişi hazırlanır, bir sözlə, hərənin ağzından bir avaz eşidilir. Demək belə çıxırdı ki, arxa cəbhədə hegemonluq edənlərin adamları ön cəbhəyə də daraşıb, ara qızışdırmaq, narazıçılıq yaratmaq, qardaşı-qardaşla üz-üzə qoymaq üçün dəridən-qabığdan çıxırlar. Ön cəbhədə istədiklərinə nail olmaq üçün döyüş bölgələrində hərc-mərclik yaratmaq ən asan yol idi axı?! Həm də ən iyrənc! Murdar siyasətin azğın qulları öz əqidəsinə analarını da qurban verər, nəinki torpağını!

(Bu millət nə vaxta qədər rayon-rayon, kənd-kənd, küçə-küçə bölünəcək, ilahi ?!...)

Bizə kömək gələcəyinə söz vermişdilər, amma gəlmədi. Ona görə də itkimiz çox oldu. Sanki bizi bilərəkdən ölümün cənginə vermişdilər. Niyə ?! Bəlkə Bozqurda görə? Son vaxtlar ştabdakı polkovniklə sözü düz gəlmirdi. Lənətə gəlsin bu iyrənc siyasət! Bəlkə bilmədiyimiz çox şeylər vardı?

Buna da bax: Cəlilabadlı Cəfər Rusyetə işləməyə gedir

Bilmirəm. Bircə onu bilirəm ki, gecənin sükutunu pozan bu balaca dağ çayı lap cəhənnəmin Qıl körpüsünə, biz isə kor yolçulara bənzəyirik. Hara aparacaqdı bu yol bizi?!

...Dərə boyu çökmüş ağ duman üstünə qüssə ələnmiş uca dağların arxasında doğan yaz Günəşinibizdən ciddi-cəhdlə gizləyirdi.

Cəbrayıl kişiylə Cavid kəşfiyyata çıxıb yol-irizi öyrənmək üçün gözdən itib dumana qarışan vaxtdan bir saat keçirdi. Onlar qayıdana kimi toparlanmaq lazım idi. Kimi gərnəşir, kimi üzünə soyuq su çiləyirdi. Mən silahımı götürüb qalxmaq istəyəndə addım səsləri eşitdim. Qulaq verdim. Duman seyrəldikcə ağır addım səsləri yaxınlaşırdı. Nəhayət Cavid göründü, sonra da Cəbrayıl kişi.”Nəhayət gəlib çıxdılar. Bəs silahları hanı bunların? Deyəsən axı qonaqlarımız da var?”...

Duman seyrəldikcə hər şey aydın oldu: onları əsir götürüblər.

Avtomatlarını Cavidlə Cəbrayıl kişiyə tuşlamış erməni döyüşçülərindən biri rusca üstümüzə bağırdı:

-Silahları atın!...

Müqavimət göstərməyin yeri yox idi. Getdikcə çoxalan erməni döyüşçüləri bizi dövrəyə aldılar. Beş dəqiqə keçmədi hamımiz hədəfə döndük. Belə çıxırdı ki, öz ayağımızla düşmən mövqeyinə gəlib çıxmışıq?! Öz torpağımızda azmışdıq.

Tankist gödəkçəsi geymiş, qoluna narıncı lent düyünləmiş iki saqqalı cavan silahlarımızı toplayıb dumanda yox oldu.

Avtomatın qundağıyla kürəyimizə, qolumuza döyəcləyərək bizi qabaqlarına qatıb qərb istiqamətində apardılar. Kefləri kök ermənilər gülə-gülə, gah erməniycə, gah da rusca bizi təhqir edir, söyüş söyürdülər. Dişimiz bağırsağımızı kəsirdi.

Günəş diksindikcə duman seyrəlib yox oldu. Dağlar göründü. Elə bil yad nəfəslərdən boğulurdu dağlar. Bizim kimi.

Qəribədir, bizdən fərqli olaraq ayağımızın altındakı bu torpaqda onlar özünü daha inamlı, daha xoşbəxt hiss edirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG