Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:47

'Bəlkə bu 4 ayda o adamı tövlədə eşşək təpikləyib?'


Qalib Bağırov
Qalib Bağırov

«Ölkədə intiharların sayı artıb. Səbəbi də çox sadədir. Məmur özbaşınalığı, cəmiyyətin laqeydliyi... Vəziyyət o həddə çatıb ki, ən xırda məmur da öz nazirini saymır. Haqsızlıq o yerə çatıb ki, insanlar çıxış yolunu canlarına qəsd etməkdə görürlər».

Yazıçılar Birliyinin üzvi, həkim-kardioloq, keçmiş hərbi qulluqçu Qalib Bağırov birinci vitse-prezident Mehriban Əliyevaya məktubunu bu sözlərlə başlayır. O, surətini AzadlıqRadiosuna da göndərdiyi məktubda ailə üzvləri ilə düşdüyü bir avtomobil qəzasından söz açır.

«NECƏ BİLƏK Kİ, BU XƏSARƏT...»

Yazır ki, ötən il oktyabrın 15-də yaşlı və xəstə anasını xəstəxanadan çıxarıb evə apararkən, Gədəbəy rayonundan Şınıx istiqamətinə gedən yolda yüksək sürətlə hərəkət edən «Niva» markalı avtomobil idarəetməni itirərək onun maşınına çırpılıb. Ancaq sonradan istintaqı aparan müstəntiq tərəfindən qəzanın izləri gizlədilib: «Müstəntiq hər vəchlə qarşı tərəfə çalışır, hətta sürücünün avtomobili sənədsiz idarə etməsini də gizlədir. Hadisə zamanı xəsarət alan anam, tələblərimizə baxmayaraq, ekspertizadan keçirilmədi. Oktyabrda baş vermiş hadisənin şahidindən yalnız bu ilin martında, uzun-uzadı tələblərimizdən sonra izahat alındı. Texniki ekspertizaya göndərilən sənəddə də saxtakarlıq edilib. Müstəntiq Cavid Kərimli həmin sənədə mənim yerimə başqasına imza atdırıb. Hadisəni törədən sürücü İlqar Rzayev yalnız bir həftədən sonra – kəskin tələblərimdən sonra ekspertizaya göndərilib. Maşınım vurulduğu halda, özümə cinayət işi açılıb və yalnız noyabrın 2-də xitam verilib. Ancaq Gədəbəy rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi İbrahim Hüseynovun məsləhəti ilə hadisədən 4 ay sonra İlqar Rzayevə belə bir ekspertiza rəyi əldə edilib ki, guya o, hadisə nəticəsində az ağır bədən xəsarəti alıb. Bunun da əsasında mənə yenidən cinayət işi açıldı. Hətta mən bundan xəbər tutanda rəisə belə bir sual da verdim: «Cənab rəis, bəlkə bu 4 ayda o adamı tövlədə eşşək təpikləyib, necə bilək ki, bu xəsarət ötüb keçən 4 ayda eşşəyin vurduğu təpikdən deyil? Əgər qəza nəticəsində aldığı xəsarət olsaydı, o xəsarətlər rəydə elə vaxtında – isti-isti qeyd olunardı».

Polis
Polis

«NƏ QƏDƏR NAŞIDIRLAR Kİ...»

Q.Bağırov məktubda yazır ki, qəzadan 4 ay sonra onun özünə cinayət işi başlandıqda daxili işlər nazirinə müraciət edib. Bu müraciətindən sonra onu və müstəntiqi DİN-in Baş istintaq və təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev (hazırda təqaüddədir) qəbul edib. Müstəntiqə tapşırıb ki, iş nazirin nəzarətində olduğundan düzgün aparılsın: «Müstəntiqsə o boyda idarə rəisinin sözünü də vecinə almadı. Hadisə yerinin komisyon texniki ekspertizadan, sürücünün təkrar komisyon tibbi ekspertizadan keçirilməsini rəsmən tələb etdim. Bölmənin baş müstəntiqi dedi, «onsuz da hara getsən, kimə desən, nəticəni bizdən soruşacaqlar. Özünü niyə yorursan, a kişi...». Başa düşdüm ki, bunlar açıq-aydın nazir də saymırlar, nazirlik də... Görün bunlar nə qədər naşıdırlar ki, ötən ilin oktyabrında baş vermiş hadisəni araşdırıb hələ də bir yerə çıxa bilmirlər. Hələ də bilmirlər ki, hansı maşın hansına çırpılıb. Canından, əmlakından zərər çəkmiş insanları bir də bunlar incidirlər».

«İŞ MƏHKƏMƏDƏDİR»

Q.Bağırov Mehriban Əliyevadan kömək istəyir. Gədəbəy polisi isə deyir, qeyd olunan hadisə ilə bağlı istintaq yekunlaşıb. Polis şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, cinayət işi məhkəmə baxışına göndərilib. Son sözü də Gədəbəy rayon Məhkəməsi deyəcək: «O vətəndaş vaxtilə yuxarı qurumlara müraciət edib, şikayətləri araşdırılıb, təsdiqini tapmayıb. İş polisdən çıxıb, artıq məhkəmədədir».

Hüquqşünas Vaqif Alıyevsə deyir, vətəndaşın istintaqın gedişatıyla bağlı narazılığı var idisə, baş prokurora müraciət edib işin Gədəbəy polisindən alınıb, məsələn, Baş Dövlət Yol Polis İdarəsinə verilməsini tələb edə bilərdi: «Belə məsələlərdə Mehriban Əliyevaya, prezidentə müraciət etmək vaxt itkisidir. Vətəndaş prosedur nə tələb edirsə, o istiqamətdə hərəkət etməli, hüquqi addımlarını atmalıydı», – hüquqşünas bildirib.

İndi Q.Bağırova məhkəmənin verəcəyi qərarı gözləmək qalır.

XS
SM
MD
LG