Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:04

'Biri çörəyə pul tapmır, o biri yağ içində yaşayır'


M.Əliyeva Avropa Oyunlarının açılışında. 2015
M.Əliyeva Avropa Oyunlarının açılışında. 2015

Birinci vitse-prezident Mehriban Əliyevanın təşkilatçılığı, manat möhkəmlənsə də, bahalanmanın davam etməsi, tikinti sahəsində istismar halları və intiharlar bu gün medianın aparıcı mövzusudur...

TƏŞKİLATÇILIQ MƏHARƏTİ

«Azərbaycan» qəzetində dərc edilən «Bakıya şöhrət gətirən nümunəvi təşkilatçılıq» sərlövhəli məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın beynəlxalq idman yarışlarında təşkilatçılıq qabiliyyəti dəyərləndirilir.

Müəllif yazır ki, M.Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu və işgüzarlığı aydın şəkildə görünür.

Yazıda Birinci vitse-prezident təyin olunan M.Əliyevanın bu məsul vəzifəni də ləyaqət və uğurla hətta keçirəcəyinə əminlik ifadə edilir: «Çünki, insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız fədakar fəaliyyət, xalqa, vətənə layiqli xidmət görüblər».

Yazıda M. Əliyevanın aztəminatlı ailələrin, valideyn himayəsindən məhrum uşaqların, qaçqın və məcburi köçkün təbəqəsinin problemlərinin həllində fəaliyyəti xüsusi vurğulanır: «Mehriban Əliyevanın fəaliyyətindən söz açarkən, onun göz önünə gələn yüksək insani keyfiyyətlərindən biri insanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması və xeyriyyəçiliyidir».

Yazıda vurğulanır ki, M.Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına, dünyada təbliğinə də böyük önəm verir.

Müəllif xatırladır ki, M.Əliyeva 2012-ci ildə «Eurovision», 2015-ci ildə I Avropa Oyunları yarışlarına təşkilatçılıq edib. İndi isə o, IV İslam Həmrəyliyi Oyunlarında təşkilatçılıq qabiliyyətini nümayiş etdirir.

Bazar
Bazar

BİR DAHA YÜKSƏLƏN QİYMƏTLƏR BİR DAHA ENMƏZ

«Novoye Vremya» qəzetində «Manat möhkəmlənir, amma qiymət özbaşınalığı davam edir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, son vaxtlar neftin qiymətində, az da olsa, artım var. Üstəlik, manat dollara nisbətdə, az da olsa, möhkəmlənir. Amma bazarlarda qiymətlər heç bir halda aşağı düşmür: «İndiki halda neftin qiymətinin sabitləşməsi bizim istehlak bazarına müsbət təsir etmir. Digər tərəfdən dollara nisbətdə manat da möhkəmlənir. Amma qiymətlər, xüsusilə ərzaq qiymətləri «əl yandırır». Bir sıra ərzaq mallarının qiymətləri isə günbəgün artır».

Müəllifə görə, bu durumu nə hökumət üzvləri, nə deputatlar, nə də ekspertlər məntiqi şəkildə izah edə bilirlər.

Yazıda vurğulanır ki, rəsmilərin nə deməsindən asılı olmayaraq, inhisar yerindədir. Onlar artıq istehlak bazarını da idarə edirlər.

Müəllifə görə, inhisar qrupları vəzifəli şəxslərə yaxındır və odur ki, bazara öz iradələrini qorxu - hürküsüz diktə edirlər: «Yoxsa hər gün baş verən qiymət artımını başqa cür izah etmək mümkün deyil. İnhisara qarşı mübarizə qurumları bu durumu görməməzliyə vururlar. Odur ki, ağızlarına su alıb durublar. Nazirlər Kabineti isə qiymət özbaşınalığına hər hansı reaksiya vermir».

Yazıda qeyd edilir ki, vətəndaşların sosial durumu getdikcə ağırlaşır. Üstəlik, yoxsulluq cəmiyyətdə sosial gərginliyi daim artırır: «Bu necə sosial ədalətdir ki, biri çörək almağa pul tapmır, o biri isə yağ içində yaşayır. Amma cənablar, xalqın səbrini sınağa çəkməyin, bu səbir hüdudsuz deyil».

Fəhlə
Fəhlə

MÜASİR QUL ƏMƏYİ

«Bizim Yol» qəzetində isə «Tikinti sektorunda qul əməyi» sərlövhəli məqalə diqqəti çəkir.

Yazıda Dövlət Statistika Komitəsinə istinadən bildirilir ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, ölkənin tikinti sektorunda 95.2 min nəfər çalışır. Bu işçilərin 27 faizi dövlətin. 73 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşür.

Müəllif yazır ki, ölkədə milli valyutanın dəyərdən düşməsi ilə, bir çox sahələr kimi, tikinti sektoruna da ciddi zərbə dəyib: «Neftin qiymətinin aşağı düşməsindən sonra ölkədə bir zamanlar müşahidə olunan tikinti bumu getdikcə zəiflədi və nəticədə bu sahədə çalışan on minlərlə insan işsiz qaldı».

Müəllifə görə, tikinti sektorunun tənəzzülə uğramasının bir səbəbi də bu sahədə iş adamlarına yaradılan süni əngəllər oldu.

Müəllif vurğulayır ki, son zamanlar Bakıda tikinti sektorunda yenidən müəyyən canlanma müşahidə olunur. Artıq sosial evlərin tikintisinə start verilib.

Yazıda qeyd edilir ki, bu sahədə əmək haqları isə heç də ürəkaçan deyil. İnsanlar iş tapa bilmədiklərindən, indi daha az maaşla işləməyə hazır olduqlarını bildirirlər. İşə götürənlər isə bundan istifadə edirlər: «Ustalar 500 manata yaxın, fəhlələr isə 400 manata civarında maaş alırlar».

Müəllif hesab edir ki, hazırda görülən tikinti işləri lokal xarakter daşıyır. Tikinti sektorunda əvvəlki kimi canlanmanın yaşanması mümkün deyil: «Birincisi, ölkənin gəlirləri buna imkan vermir. Dövlətin büdcəsi əvvəlki illərlə müqayisədə, dollarla götürsək, 2 dəfə azalıb. Bu azalma yenə də davam edəcək. Üstəlik, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb».

Azad İsazadə
Azad İsazadə

İNTİHARLAR DAVAM EDİR...

«Exo» qəzetində «Azərbaycanda kimlər intihara meyllidir…» sərlövhəli məqaləyə yer verilib.

Müəllif ölkədəki intihar hallarını ekspert Azad İsazadə ilə müzakirə edir.

Yazıda qeyd edilir ki, hər gün KİV-lər Azərbaycanda 2-3 intihar olayının baş verdiyini bildirirlər: «Azərbaycanda ilin əvvəlindən intiharlar artmağa başlayıb. Bir qayda olaraq fevral-mart ayları intiharlar üçün təhlükəli aylar sayılır. Bu zaman həssas və əsəbi insanlar intihara daha çox meylli olurlar». Ekspert A.İsazadə durumu qəzetə belə şərh edir.

Onun deməsinə görə, hökumət intiharların qarşısının alınması məqsədilə heç bir profilaktik tədbir görmür: «Amma o adamlara fərdi kömək edilir ki, intihara cəhd edib. Mərkəzləşdirilmiş qaydada problemə yanaşma yoxdur. İndiyə kimi insanları intihara vadar edən səbəblər, əhali içində hansı təbəqənin intihara daha meylli olması statistikası məlum deyil».

A.İsazadəyə görə, ölkədə iki qrup var ki, bunlar intihara daha çox meyllidirlər. Bunlardan biri əsasən qızlardan ibarət yeniyetmə qrupu, ikincisi isə 46-60 yaş arası kişilərdir: «Müqayisə üçün deyək ki, əgər 2014-cü ildə 430 intihar faktı qeydə alınmışdısa, 2015-ci ildə bu rəqəm 512 olub».

Ekspert deyib ki, intiharların gerçək səbəbləri öyrənilməsə, onunla mübarizə mümkün deyil.

XS
SM
MD
LG