Kremlin insan haqları şurasının rəhbəri Rusiyanın Çeçenistan Respublikasında homoseksualların saxlanması və öldürülməsiylə bağlı məlumatların araşdırılmasını istəyir.
Mikhail Fedotov aprelin 1-də «Novaya Gazeta»nın yazdığına əsaslanıb. Müstəqil qəzet yazıb ki, Çeçenistanda məhz gey olduğuna görə 100-dən çox kişi saxlanıb, onların, azı, üçü öldürülüb.
Fedotov Çeçenistandakı həmkarlarıyla danışdığını deyib, amma onlar həmin məlumatı təsdiqləyəcək informasiyaları olmadığını söyləyiblər.
«Amma bu siqnal o qədər qorxuncdur ki, şübhəsiz, hərtərəfli araşdırılmalıdır», – Fedotov vurğulayıb.
Çeçenistan rəhbəri Ramzan Kadyrov-un sözçüsünün dedikləri narahatlığı daha da artırıb. Alvi Karimov aprelin 1-də deyib ki, respublikada gey yoxdur: «Çeçenistanda belə şəxslər olsaydı, hüquq-mühafizə orqanlarının onlara nəsə etməsinə ehtiyac qalmazdı, çünki elə qohumları onları heç vaxt qayıtmayacaqları yerə göndərərdilər».