Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14

'İş adamları şirkətlərini bölürlər'


İ.Əliyev Lənkəranda
İ.Əliyev Lənkəranda

Hakimiyyətin idarəçiliyi, kölgə iqtisadiyyatı və ölkənin xarici borcunun artması, gəlirlərinin azalması bu gün medianın aparıcı mövzusudur…

XALQ-İQTİDAR BİRLİYİ

«Azərbaycan» qəzetində «Xalq-iqtidar birliyi ölkənin uğurlu inkişafını şərtləndirir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Ölkənin davamlı inkişafı demokratik yeniliklərin geniş tətbiqindən keçir: «İlham Əliyevin prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması, işlək mexanizmlər əsasında həyata keçirilməsi və ən müxtəlif sahələrdə tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir».

Yazıda vurğulanır ki, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi iqtisadi siyasətinin əsas qayəsini təşkil edir.

Müəllifə görə, dövlət başçısı idarəetmə sisteminə yeni düşüncə tərzi, dinamizm və müasirlik gətirib: «Bu nöqteyi-nəzərdən son 14 ildə regional və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar».

Yazıda qeyd edilir ki, ölkədə sabitlik təmin olunub, bu təminatın arxasında xalq və iqtidar birliyi durur. Müəllif dövlət başçısından belə bir sitat gətirir: «Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir».

Dollar
Dollar

KÖLGƏ İQTİSADİYYATI

«Exo» qəzetində «Nağdsız hesablaşma Azərbaycanda kölgə iqtisadiyyatına qarşı» sərlövhəli məqalə oxumaq olar.

Yazıda ölkədə kölgə iqtisadiyyatının həcmi ekspertlərlə müzakirə edilir.

Ekspertlər qeyd ediblər ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 30 faizə qədəri kölgə iqtisadiyyatının payına düşür.

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, kölgə iqtisadiyyatı ilə səmərəli mübarizə üsullarından biri nağdsız hesablaşmalara keçməkdir: «Bu sahədə müəyyən irəliləyiş var, amma xüsusi uğurlardan danışmaq çox tezdir. Bu sahəyə keçid yeni başlayıb».

Bank eksperti Əkrəm Həsənov isə deyib ki, nağdsız hesablaşmaya keçmək kölgə iqtisadiyyatının həcmini azaltmağa gətirib çıxarar. Amma burada daim təhlükələr var: «Belə ki, kölgə iqtisadiyyatı dövlətin ona yaratdığı çətinliklərdən çıxış yolu tapa biləcək. İş adamları firmalarını daha kiçik firmalara bölməklə bundan qaçmaq istəyəcəklər».

Ə.Həsənov deyib ki, bu ilin əvvəlindən qeydə alınan hüquqi şəxslərin sayı kəskin artıb. Bu da, onun deməsinə görə, iş adamlarının şirkətlərini daha kiçik firmalara bölərək, nağdsız hesablaşmalardan qaçdığı anlamına gəlir.

Ekspertə görə, nağdsız hesablaşmaya uğurlu keçiddən ötrü hüquqi və fiziki şəxslərin maliyyə institutlarına etimadını bərpa etmək lazımdır. Digər tərəfdən bu hesablaşmaya stimul verməlidir: «Bu stimullardan biri ƏDV-nin 18 faizdən 10 faizə endirilməsi ola bilər. Amma büdcə daxilolmalarının böyük bir hissəsini ƏDV ödəmələri təşkil etdiyindən, bunun ediləcəyi inandırıcı görünmür».

Dollar
Dollar

XARİCİ BORC ARTIR, GƏLİR AZALIR

«Novoye Vremya» qəzetində «Tendensiyalar ehtiyatlı olmağımızı tələb edir» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, ölkənin xarici borcu tədricən artmaqdadır: «İqtisadiyyat kiçilib, bank sahəsində böhrandır. ÜDM, qızıl-valyuta ehtiyatları azalıb. Azərbaycanın xarici borcu 2016-cı ilin sonuna 6 milyard 913.2 milyon dollar təşkil edib. Bu da xarici borcun artmasından xəbər verir».

Müəllif vurğulayır ki, ÜDM-də xarici borc son 11 ilin ən yüksək həddinə çatıb. Bu, 20.4 faiz təşkil edir. Azərbaycanda özəl və bank sektorunun xarici borcları 2016-cı ilin sonunda 12 milyard dollara yaxınlaşıb: «12 milyard dollar, hər halda, böyük məbləğdir. Bankların sağlamlaşdırılması özünü yaxın perspektivdə göstərmir, deməli, bir nəticəyə gəlmək olar ki, xarici borc, eləcə də ölkənin məcmu xarici borcu artacaq».

Müəllifə görə, xarici borcların artması gələcəkdə iri layihələrin gerçəkləşməsini sual altında qoyur.

Müəllif yazır ki, qaz-neft yeganə ixrac mənbəyidir. Amma həmin sahədə də vəziyyət ürəkaçan deyil: «Modernləşdirmə üçün pul lazımdır. Neft bazarındakı qeyri-sabitlik nikbinlik vəd etmir. Daha milyardlarla pul toplamaq mümkün olmayacaq. Odur ki, xarici sərmayəçilərə göz dikməli olacağıq».

XS
SM
MD
LG